Quba məzarlığı ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim olunacaq

321

“Soyqırımı memorial kompleksi”ndə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiyanın Qubada iclası keçirilmişdi.

Komissiya araşdırmanın nəticələrini və görüləcək işlər barədə təklifləri bir ay müddətində Prezident Administrasiyasına təqdim etməli idi.
Komissiya üzvlərindən, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Modern.az-a bildirib ki, məsələ ilə bağlı təkliflər hələ ki Administrasiyaya təqdim edilməyib:

“Bilirsiniz ki, Qubada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun  rəhbərliyi ilə iclas oldu. Həmin vaxt memorial kompleksə baxış keçirildi və  müzakirələr aparıldı.

Memorial kompleksin bundan sonrakı vəziyyəti təbii ki, ölkə başçısının qərarı ilə müəyyən olunacaq. Artıq komissiya tərəfindən müvafiq araşdırmalar aparılıb. Hər kəs öz təklifini irəli sürüb və bu məsələlərin hamısı komissiya tərəfindən toplanılıb Prezident Administrasiyasına  təqdim ediləcək. Bununla da yekun nəticələr bəlli olacaq. Lakin toplanılan təkliflər hələ ki təqdim edilməyib”.