Quba Gənclər Mərkəzində “Yaxşılığın göz yaşları”

0
599

Quba Rayon Gənclər Mərkəzində şair-yazar Rahib Alpanlının “Yaxşılığın göz yaşları” kitabının təqdimatı keçirilib. Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı ilə keçirilən təqdimatı giriş sözü ilə açan GTM-nin Şimal bölgəsi üzrə sədri İnqilab Fərzəliyev bildirdi ki, cəmiyyətin maariflənməsində yazarların, ziyalıların rolu çox yüksəkdir. Bu mənada maarifpərvərliyi aşılamaq insani vəzifədir.

Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin sədri, şair Ramiz Qusarçaylı ədəbi məclislərin rolundan danışaraq, ilk ədəbi məclisin Abbasqulu ağa Bakıxanovun rəhbərliyi ilə Qubada fəaliyyətə başlamasını, sonradan Azərbaycanın digər bölgələrində də fəaliyyətini cəmiyyətmizin maarifpərvərliyinin təbliğatı kimi qiymətləndirdi: “Hazırda “Gülüstan” və “Ay işığı” Qubada fəaliyyət göstərir. “Ay işığı”nın üzvü sevimli yazar, şair Rahib Alpanlının uğurlu fəaliyyəti, nəşr olunan sonuncu kitabı da dərin mənaları özündə əks etdirir. O, yazılarında, şeirlərində sadəliyi, vətənə məhəbbəti, ədalətliliyi öz həyat təcrübəsini bölüşərək qələmə alır. Rahib Alpanlı yazar olması ilə yanaşı, ingilis dili müəllimi olaraq işini mükəmməl şəkildə mənimsəyən şəxsdir”.

Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev də yazarı və oxucuları təbrik edərək uğurlar dilədi.

GTM-in baş direktoru Fəxrəddin Həsənzadə də çıxışında böyük maarifçi Həsən bəy Zərdabinin timsalında tarixən ziyalılarımızın cəmiyyət üçün çalışdıqlarını bir neçə nümunə ilə əsaslandıraraq, Rahib Alpanlını təbrik edərək, maarifpərvərliyinə görə təşəkkür etdi.

Rahib Alpanlı isə çıxışında: “Mən özümə yazar, şair deyə bilmərəm. Cəsarətlə “müəlliməm!” deyə bilərəm. Dərs dediyim şagirdlər dünyanın fərqli ölkələrində çalışırlar, oxuyurlar. Sadəcə, onlarla şagirdim davamçılarımdır. Mən müəllimliyi sevmişəm, bu peşəyə bağlanmışam. Yazılarımda da bu barədə vurğulamışam. Cəmiyyətimizdə, dünyada baş verən proseslərə müxtəlif yanaşmalara öz mövqeyimi bildirmişəm. Bir daha bu kitabın ərsəyə gəlməsində, bu tədbirin keçirilməsində əməyi keçən hər bir kəsə təşəkkür edirəm”.

Sonda oxucular da çıxış edərək, yazarı təbrik etdilər, yazılarından nümunə götürdüklərini bildirdilər.

Sonda Rahib Alpanlının öz dilindən şeirləri səsləndirildi və tədbir iştirakçıları tərəfindən alqışlandı.

Qeyd edək ki, müəllifin indiyədək “Nələr olmur dünya səndə” (2008), “Oğurlanmış həqiqət” (2011), “Evin şüşədəndirsə” (2013) kitabları çap olunub. “A Book of Antonyms and Synonyms” (2007), “A handbook on the Use of Articles” (2009) kitabları da oxuculara təqdim olunub.

Yazıların ümumi məzmunu oxucunu qlobal olaraq gözəl yaşamağın, digərlərinin də gözəl yaşamaları üçün şərait yaratmağın mümkün olduğuna inandırır.

Rahib Alpanlı (Sədullayev) 1956-cı ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1978-ci ildən rayonda ingilis dili müəllimi olaraq çalışır. Qabaqcıl təhsil işçisidir. Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında işləyir. Rayonda fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin üzvüdür.

Amil Tağıyev, Quba