“Quba döyüşçüləri günü”nə həsr olunmuş anım günü keçirilib

467

Quba rayon Şəhidlər xiyabanında Quba-Qusar batalyonu döyüşçülərinin hər il qeyd etdikləri “Quba döyüşçüləri günü”nə həsr olunmuş anım günü keçirilib. Mərasimə şəhidlərimizin ruhuna dualar oxunaraq başlanılıb. Batalyonun zabitlərindən olan İsmət Cəfərov bu barədə bizimlə söhbətində dedi: “Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra təsis olunan Quba-Qusar batalyonunun tərkibinə qısa zaman ərzində 500-ə yaxın vətən oğlu toplaşdı. Gərgin və amansız döyüşlərdə batalyon əsgərləri şücaət göstərdilər. İlk döyüşümüz dekabrın 27-si oldu. O döyüşdə 4 nəfərimiz şəhid oldu, 20 nəfərimiz də yaralandı. 1997-ci ildən Heydər Əliyevin xeyir-duası ilə elə ilk döyüş günümüzü biz hər il “Quba döyüşçüləri günü” olaraq qeyd edirik. Qaradağdan, Sumqayıtdan, Qusardan, indiki Şabrandan, Siyəzəndən qonaqlar dəvət edirik. Ümumilikdə I Qarabağ savaşında Quba-Qusar Batalyonu 47 şəhid verib. 7 nəfər itkin düşüb, 90 nəfər yaralanıb”.

Qeyd edək ki, tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov, Batalyonun təsisçilərindən olan, 1993-cü ildə Quba rayon prokuroru olmuş Əli Eyvazov, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin nümayəndələri də iştirak ediblər.

Amil Tağıyev, Quba