Qriqorçukun monoloqu

575

“Qəbələ” Futbol klubu… “Qəbələ”nin baş məşqçi Roman Qriqorçuk Hakimlər Komitəsinin bir qrup üzvü ilə birgə “Neftçi” – “Qəbələ” oyununu müzakirə edir. Birdən o, yerindən qalxıb uca səslə danışmağa başlayır:

– Baxın! Baxın! Yaxşı baxın! Baxdığınız epizodun video-təkrarı bu ilin aprel ayının 27-də Azərbaycan kubokunun yarımfinalının ilk oyununda “Neftçi” ilə Bakıda keçirilən matçımızdandır. Görürsünüzmü, rəqibin qapıçısı Aqil Məmmədov cərimə meydançasında futbolçumuz Aleksey Qaya qarşı necə hərəkət edir?.. Qapıçının oyunçumuza qarşı kobudluğu açıq-aydın görünür, elə deyilmi, cənab Xaqani Məmmədov? Bəs həmin epizodun 5-10 metrliyində olan oyunun baş hakimi Əliyar Ağayev nə edir? Qayın yıxılmasını simulyasiya kimi qeydə alır, üstəlik, ona sarı vərəqə də göstərir (Ölmədik, bu günü də gördük). Halbuki “Neftçi”nin məşhur sabiq vitse-prezidenti, keçmiş referi Tahir Süleymanov da deyir ki, “Bakcell Arena”nın 1000-2000 metr hündürlüyündən uçan təyyarənin illüminatorundan adi sərnişin də o epizodu görüb, penalti kimi dəyərləndirərdi. Tahir bəyin bu sözü ilə “saqlasitsiya” olmaq üçün “mneniyemə” görə, o yüksəkliyə qalxmağa ehtiyac yoxdur. Ancaq “dovolno çto” bizim bu videorolikə baxmaq kifayətdir.

Xaqani bəy, bu sözlər ilə mən kimsəni “askarbit” eləmək istəmirəm. Heç belə bir fikrim də yoxdur. Çünki yüz faiz 11 metrlik idi. Baxın, bir də baxın!!! Vallah, belə olmaz. Billah, belə olmaz. Başa düşə bilmirəm, bu Əliyar “Qəbələ”yə nə verib, nə ala bilmir axı? Heç bilirsiniz bu onun komandama tutduğu neçənci divandır? A kişi, adama nə qədər ziyan vurarlar? 10 avqust 2015-ci ildə komandamızın “Qarabağ”la keçirdiyi oyunda həmin bu Əliyar qapımıza heç bir əsası olmayan penalti təyin etdi, dinmədim, dedim, cavandır, səhvini düzəldər. 1 noyabrda yenə də Qəbələdə “Kəpəz”lə keçirilən oyunda Ağayevin hakim qərarındakı səhvi üzündən komandam 2:1 hesabı ilə uduzdu, danışmadım, dedim, bu gəncin sorağı artıq Avropa meydanlarından gəlir, yoluna kölgə salmayım. 19 dekabrda Bakıda “Qarabağ”la oyunda rəqib qolu qaydalardan kənar vursa da, Ağayev onu hesaba aldı və oyun 1:1 hesabı ilə başa çatdı. Yenə aləmə haray salmadım. Son oyundakı ədalətsizlik isə mənim lap cızdağımı çıxardı. Mən hələ o biri hakimləri demirəm. Əşşi, hansını deyim e… Xaqani bəy, and olsun Allaha ki, UEFA, FİFA rəsmiləri bunlardan ətraflı xəbər tutsalar, səni də, Əliyarı da rüsvay etməklə yanaşı, kitablarından siləcəklər (Qəribə burasıdır ki, bu biabırçı olay Azərbaycanda 17 yaşadək futbolçular arasında bu günlərdə keçiriləcək Avropa çempionatına təsadüf edir). Olmaya siz Əliyarı da Tahir Süleymanovun, İmanxan Sultaninin, Babək Quliyevin, Anar Salmanovun gününə salmaq istəyirsiniz, hə?

Ay Xaqani bəy, sizin Kefli İsgəndər demişkən, bəlkə mən bir az biədəblik edirəm. Amma bir o qədər də yox… Vallah-billah, əsəblərimə hakim ola bilmirəm. Buna görə məni cəzalandıra da bilərsiniz. Məndə sizin hakimlər əsəb qoydular ki… Nə gizlədim, indi hakimi görəndə əlim gicişir. Axı necə də gicişməsin? Sizin hakimlər mövsüm ərzində15 xalımı çığırda-çığırda əlimdən alıblar. .

Xaqani bəy, bizdən sonra gələn nəsillər bu oyuna baxıb heç bilirsiniz nələr deyəcəklər? Deyəcəklər ki, belə də hakimlik olar, belə də haqsızlıq olar? Onların bu cür hakimliyə tüpürüb-tüpürməyəcəkləri barədə bir söz deyə bilmərəm, amma onu bilirəm ki, o ki var lənət yağdıracaqlar.

Bu sözləri deməklə elə xəyal etməyin ki, sizi pisləyib özümü tərif etmək istəyirəm. Yox, yox… Mən burada adi bir legioner məşqçiyəm. Sabah şələ-küləmi yığışdırıb gedə də bilərəm. Maşallah, müştərilərim nə qədər desəniz var. Amma özünüzdən muğayat olun. Belə hakimliklə nə futbolunuz irəli gedəcək, nə də hakimləriniz. Üzdə olan Əliyarınızdır ki, o da belə..

QVAMİ MƏHƏBBƏTOĞLU