Qriqorçukun dərdi var…

586

QVAMİ MƏHƏBBƏTOĞLU

Bəli, “Kəpəz” də “Qəbələ”dən xal aldı, özü də üç xal. Bununla da Şahin Diniyev son beş oyunda on üç xal əldə etməklə yeni bir tarix yazdı. Yox, fikrim “Kəpəz”dən yazmaq deyil. Bunları sadəcə sözgəlişi ərz etdim. Bu dəfə sözüm “Qəbələ”dən, daha doğrusu, onun son uğursuzluqlarından, sözün həqiqi mənasında, dumana düşməsindən olacaq.

Bəli, XI turda Roman Qriqorçukun “qırmızı-qaralar”ı ardıcıl iki qolsuz heç-heçədən sonra həm 3 xal almaq, həm də Avropa Liqasının “Borussiya” ilə Dortmunddakı çətin oyunu öncəsi özünəinamı artırmaq iddiasında idi. Bəs amma, lakin, ancaq… qələbələri ard-arda sıralayan “Qəbələ”yə – Qriqorçuka nə oldu?

Hə, indi bu “nə oldu”nu çözməyə çalışacağam. Həzərat, olmaya Romana gözmü dəyib? Yox, nədən ki Roman o qədər də gözəgəlimli deyil. Bu sözlərlə mən Həsən bəy demişkən, Romanı askarbit eyləmək istəmirəm. Yenə povtarit eyləyirəm ki, mənim qəsdim Romanı əsla zəhərləmək deyil. Bəlkə, əyalətdə – Qəbələdə kimsə onun xətrinə dəyib? Yox, bu da ola bilməz, eşitdiyimə görə onu nəinki klub rəhbərliyi, üstəlik, azarkeşlər əllərinin içində gəzdirirlər. Bəlkə, klub rəhbərliyindən kimsə onun sözünün üstünə söz qoyub, bu da onun çestinə toxunub? Yox, bildiyimə görə hələ ki “Qəbələ”də kimsə buna cürət etmir. Bəlkə, ona verilən zəhmət haqqı ürəyincə deyil? Yox, bildiyimə görə, ona kifayət qədər para verilir. Bəlkə də, bizim digər komandaların baş məşqçilərinin aldıqlarını üst-üstə qoysalar, onun aldığına bərabər olmaz. Bəlkə, müvəffəqiyətlərdən başı gicəllənib? Axı məhz onun rəhbərliyi altında “Qəbələ” dağı dağ üstə qoyub.: “Dinamo” (Tiflis) kimi Kuboklar Kubokunun qalibini, “Panatinaikos” kimi qitə nəhəngini diz çökdürüb, son iki çempionatın qalibi “Qarabağ”ı birinci dövrədən sonra arxada qoyub. Yox, belə şeylərdən onun başı hərlənməz. Bəlkə, daha “Qəbələ”nin stadionu ona dar gəlir? (Bu stadiondan keçirdiyi son 4 oyunda məğlub olub). Yox, bu da ola bilməz. Bəs nə baş verib, niyə Qriqorçuk uğurlar qazana bilmir?

Yenə deyirəm, məncə, günün sualı da elə budur və imkanım daxilində buna cavab verməyə çalışacağam. Bu və ya digər işi görəndə hər adam baş işlədir, elə deyilmi? Nöşün ki, baş işlətmədən nəsə əldə etmək çox çətindir, bəlkə də heç mümkün deyil. Mənim mneniyama görə, son oyunlarda cənab Qriqorçuk əsla baş işlətmir, uğursuzluqlarda da komanda üzvlərini suçlayır. Üstəlik, hər oyundan sonra da ərz edir ki, bəs çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Elə isə niyə aradan qaldırmır? Təbii ki, onları aradan qaldırmaq üçün baş işlətmək, baş sındırmaq lazımdır, baş. Amma, ancaq, lakin… ukraynalı mütəxəssis “Qəbələ” üçün daha əvvəlki kimi baş işlətmək istəmir. Çünki ötən ayın ortalarından onun başı başqa məsələyə qarışıb? Həmin dediyim başqa məsələ də cənab Roman Qriqorçukun Ukraynanın milli komandasının sükanı arxasına keçə bilməsi ilə yayılmış xəbərdir. Məhz bu məlumatdan sonra Romanın əli işdən soyudu, nəticədə “Qəbələ”nin evi yıxıldı. İndi çarə qalıb Romanın başından həmin o Ukrayna eşqini çıxartmaq. Bilmirəm, “Qəbələ” buna nail olacaq, ya yox? Hər halda mənə elə gəlir ki, onu məmləkətimizdəki cin çıxarmaq qabiliyyətinə malik olanlara göstərmək lazımdır. Hə, indi bildinizmi “Qəbələ” niyə uduzur?

Hə, əgər fikir vermisinizsə, futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçki barədə də buna oxşar xəbər yayıldıqdan sonra əli işdən soyudu, nəticədə komandada eniş müşahidə olundu. Yəni nə qədər qəribə olsa da, o da Qriqorçukun tutulduğu bəlaya tuş gəlib. Məncə, onun da “müalicə”yə ehtiyacı var… Yoxsa, vallah, fəna olacaq… Məndən xəbərdarlıq etməkdir.