Qoyun zərimizi ataq

452
Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm bu gün zərlər kimin üzünü güldürəcək?! Elə yerimi yenicə rahlamışdım ki, məndən bir mərtəbə aşağıda yaşayan Çingiz qonşu binanın sakini Kərəmin dərsini verib, yola saldı və başladı lovğalanmağa:
– Hə, sən də belə getdin… Bir də mənim yanımda nərdin adını çəkmə… Harada bu oyundan söhbət düşsə, de ki, onun xiridarı Çingiz müəllimdir, vəssalam. Özümə də bu gündən “nərd kralı” adını verirəm. Xahiş edirəm, mənə elə “nərd kralı” deyə müraciət edin:

 

Öz baməzə söhbəti ilə hamının sevimlisi olan Kəramət dilləndi:

– Məhəlləmizin Dədə Qorqudu peyda olubmuş, heç xəbərimiz yoxmuş. Və ilk dəfədir ki, Dədə Qorqudun özünə ad qoymasının şahidi oluram. Odur ki, şəxsən mən sənin özünə belə ad verməyini yaxşı qarşılamıram. Adı sənə bax bu yoldaşların verməlidir. Adam özünə ad verəndə, vallah, gülməli görünür e…

Bu sözü Çingiz müəllim həzm edə bilmədi. Odur ki, dilləndi:

– Kəramət, bəs necə olur ki, o boyda sənət adamı, Məleykə xanımı deyirəm, özünə sənət aləminin kraliçası adını verə bilir, mən yox. Olmaya belə adlar ancaq sənət adamlarının boyuna biçilib?

Kəramət yenə sözündən dönmədi:

– Elə belələri deyilmi, boş-boş işlərlə məşğul olaraq gündəmi zəbt edənlər? Gör iş nə yerə gəlib çatıb ki, hətta bir müğənnimiz titul verməyi öz inhisarına alıb. O gün eşidirəm ki, bəs bu müğənni vaxtilə Natəvan adlı birisini verdiyi “prinsessa” statusundan məhrum edib.

Qurban: “Kəramət, qurban olum, gəl sən də bu sözlərinlə bizi gül kimi oyunumuzdan məhrum etmə”, – deyərək oyunun davam etdirilməsini istədi.

– Ya zər…

Çingizin səsi eşidildi.

…Növbəti rəqibinin – Nüsrət kişinin elə ilk gedişlərdən oyunu ələ alması Cingizi çox pis vəziyyətə saldı. Çingiz: “Cücəni payızda sayarlar” deməklə özünə təsəlli verməyə başladı. Lakin qonşuların bir nəfər kimi Nüsrət kişiyə azarkeşlik etmələri “nərd kralı”nı özündən çıxardı.

Bu gərginliyi yenə Kəramət öz zarafatı ilə pozdu:

– O gün 128 saylı avtobusda sərnişinlərin arasında nə görsəm yaxşıdır?

Kəramət bu sualı elə qəribə şəkildə verdi ki, hətta əsəbi olan Çingiz müəllim də əl saxlayıb ona diqqətlə qulaq asmağa başladı.

Kəramətə elə bu vəziyyət lazımmış kimi söhbətinə davam etdi:

– Qoyun… Sizə qoyun deyirəm a… qoyun. Bir vətəndaş kimi etirazımı bildirsəm də nə sürücü, nə də qoyunun sahibi dediklərimə məhəl qoymadı ki, qoymadı… Bir sözlə, camaat da mənim deyil, onların tərəfini saxladı. Eynən sənin durumuna düşdüm, ay Çingiz müəllim, vallah-billah.

Bu müqayisə sanki Çingiz müəllimin əsəblərinə su çilədi. Onun üzünün qırışları açıldı.

Bayaqdan bəri söhbətə dinməz-söyləməz qulaq asan Qüdrət bu dəfə özünü saxlaya bilmədi:

– Bizim millət belədir də… Avtobusda it gəzdirənlərə bir kəlmə söz demir, amma qoyun görəndə o dəqiqə reaksiya verir. Bilirsinizmi niyə? Çünki şəhərdə it saxlayanlar imkanlı adamlardır. Qoyun saxlayanlar isə imkansızlar. Mən ölüm, düzünü de, ay Kəramət, sən indiyədək evində qoyun saxlayan bir imkanlı adam görmüsən? Amma it-pişik saxlayan kifayət qədərdir.

Kəramət başını bulamaqla kifayətləndi. Deyəsən, Nüsrət kişi bu söhbətlərdən bezmişdi. Odur ki, dilləndi:

– Qoyun zərimizi ataq.

Kəramət onun fikrini tamamlamağa imkan vermədi:

– Xahiş edirəm, qoyundakı vurğunu yerində işlət…

Bu atmaca az qala aranı qatacaqdı. Nə yaxşı ki, Qurban kişi: “Vurğu dedin, şair kimi məhəlləmizdə ad çıxarmış Vurğun yadıma düşdü. Neçə gündür həyətdə-bacada görünmür axı? Ay Kəramət, bəlkə, sən deyəsən onun harada olduğunu?”-söylədi

Kəramət ciddi görkəm alaraq dilləndi:

– Həyat yoldaşı Tükəzban xanımın verdiyi son məlumata görə, şair kimi tanıdığımız Vurğun dünən gecə saat iki radələrində qafiyə dalınca evdən çıxıb və geri qayıtmayıb. Bu fakt üzrə şairin ilham pərisi şübhəli şəxs qismində saxlanılıb.

Qonşuların gülüş səsləri həyəti başına götürdü. Gülüş səsləri kəsilən kimi: “Allah səni güldürsün, ay Kəramət… Amma bilmirəm, sən bizim Vurğuna nə verib, nə ala bilmirsən də… Elə ki, işin çətinə düşdü, onu diyirləyib salırsan ortaya” sözləri eşidildi. Biz qonşular səsin hansı tərəfdən gəldiyini dəqiqləşdirmək istəyərkən ikinci mərtəbənin balkonunda şair Vurğunun həyat yoldaşını gördük. Kəramət üzünü ona tutub dedi: “Ay Tükəz bacı, vallah, onu çox istədiyimdəndir”.  q.mehebbetoglu@zaman.az