Qoy Yoahim Lövlərin bağırları çatlasın

578

DÇ-2018-in seçmə mərhələsinin əsas püşkatması keçiriləndən (komandamızın yer aldığı “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino komandaları da çıxış edəcək) sonra futbolla bağlı bu və ya digər xarici qəzeti əlimizə alıb baxsaq, hər bir şərhə boylansaq, görərik ki, başdan-ayağa Azərbaycan millisinin dalda qalmağını “təsdiq” edib çığırıb bağırırlar ki, bəs biz bu komandanı quru yuyub yaş sərəcəyik. Hətta iş o yerə çatıb ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv püşkü dəyərləndirərkən yığmamızın adını çəkməyi belə özünə sığışdarmayıb. Yəni o, bunu özünə ayıb bilib. Özündən razı halda deyib ki, bəs Çexiya, Norveç və Şimali İrlandiya yığmaları çox iddialı komandalardır və son illər yaxşı nəticələr əldə ediblər. Bu onu göstərir ki, onlara qarşı ehtiyatlı oynamalıyıq.
İndi müsəlman aləmində elə bir kəs yoxdur ki, bu sözləri eşitməmiş olsun. Amma mənə qalsa, bu sözlərin qiyməti bir çürük qoz qiymətinədir. Ondan ötrü ki, bir şəxs söz danışanda lazımdır ki, o sözü bəyan eləsin, o sözə isbat və dəlil gətirsin, yoxsa boş-boş danışmağa nə var? Onu cicim də danışar.
Bəli, həmin ağzıgöyçəklər buyururlar ki, Azərbaycan millisini məğlub edəcəyik. Çox gözəl, çox pakizə, bəs burada lazım deyilmi mətləbi açmaq və sözü bir az açıq danışmaq? Yəni necə məğlub etmək? Məgər bizim futbolçular xabi-qəflətdədir? Heç bir insaf əhli bunu inkar edə bilməz ki, futbola qayğıda, sərmayə qoymaqda heç bir ölkə bizim tozumuza belə çata bilməz. Yəni bizim komanda o günə qalıb ki, kimlərsə onun adını çəkməyə ar eləsin? Mənə qalsa, mən deyirəm ki, onların özlərinə ar olsun ki, öz mənasız bəyanatları ilə bizi dünya miqyasında gözdən salmağa çalışırlar.
Məgər onlar bilmirlər ki, Berti Foqtsun yaman günə qoyduğu millimiz Prosineçkinin gəlişindən sonra bir qədər dirçəlib? Məgər onlar bilmirərlər ki, indi “vur qabağa” futbolu oynamırıq? Məgər onlar bilmirlər ki, “Avro-2016″nın seçmə mərhələsinin ilk oyununda Maltanı 2:0 hesabı ilə məğlub etdik. Norveçlə isə səfərdə 0:0 bərabərə qaldıq. Həmçinin komandanın fiziki durumu yaxşılaşdı (Millimizin baş məşqçisi Robert Prosineçkinin sözü olmasın, biz artıq Xorvatiyada 6 top buraxan komanda deyilik. Azərbaycan millisi hazırda yüksək motivasiyalı komandadır. Halbuki Prosineçkiyə qədər Azərbaycan millisi seçmə mərhələnin 4 oyununda uduzmuşdu). Öz aramızdır, bu göstəricilər Azərbaycan üçün əla nəticədir axı. İndi bizim milli hər bir komandaya qarşı oynaya və yaxşı nəticə əldə edə bilər. Məgər onlar bilmirlər ki, indi futbolda zəif rəqib yoxdur? Görünür, onlar bizim komanda ilə o qədər də dərindən maraqlanmırlar, odur ki, sadəcə haqqımızda ağıllarına, ağızlarına gələni danışırlar. Mənə qalsa, elələrinin acığına mən deyirəm ki, bizimkilər elə Yoahim Lövlərin acığına, bəzi mütəxəssislərimizin dediyi kimi, üçüncü deyil, ikinci yer uğrunda mübarizə aparacaq və 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Mənə qalsa, mən deyirəm ki, bir sözlə, bizim millimiz ümidləri doğruldacaq. Elə bu ümidlə də bu səpkidə yazı yazıram. Qoy Yoahim Lövlərin bağırları çatlasın. Amma kim nə deyir desin, futbolda bəxt də mühüm amildir. Bəxt də, əgər belə demək mümkünsə, bizim tərəfimizdə olsa, inşallah, heç bir problemimiz olmayacaq. Amma bu bəxt məsələsi ilə bir nəfər lazımdır ki, məşğul olsun da… Deyirəm, bəlkə, bu işi elə mən üzərimə götürüm, hə? Vallah, kim nə deyir desin, çox əla fikirdir.
Bu yerdə tanış bir falabaxan yadıma düşdü. Deyirəm, bəlkə, qaçım onun yanına “C” qrupundakı rəqiblərimizin hər biri üçün nəsə bir şey etsin ki, onlar komandamızı məğlub edə bilməsinlər? Mənim də əlimdən gələn budur da. Doğrudur, bu iş bir qədər pul aparandır. Amma eyib etməz. Millinin yolunda hər şeydən keçməyə dəyər. Bəlkə siz də bir işin qulpundan yapışasınız? Məgər elə indidən hər birimiz milli komandamız üçün əlindən gələni etsə, dünyamı dağılar? Vallah, sonra gec olacaq, siz sağ mən salamat…

Qvami Məhəbbətoğlu