“Qorxuram ki, havaya da sayğac qoyalar”

510

2014-cü ilin əvvələrindən necə deyərlər, “Azərsu” ASC Mingəçevirə də gəlib çıxdı. Gəlişlərinin məqsədi su və kanalizasiya sistemlərinin dəyişdirilməsi və abunəçilər üçün “smart tipli” su sayğaclarının quraşdırılması işlərini həyata keçirmək idi. Bu işlər dövlət büdcəsi hesabına görülür. Lap yaxşı, dövlətimiz regionların abadlaşması üçün minlyonlarla vəsait ayırır, Azərbaycanın bütün regionlarında quruculuq-abadlıq işləri aparılır, o cümlədən Mingəçevirdə də. Amma bəzi işlər var ki, o qədər də ürək açan deyil. Məsələn, “Azərsu” ASC-nin Mingəçevirdə gördüyü işləri əhali narazılıqla qarşılayır. Mingəçevir əhalisi uzun illərdir ki, Kür çayının təmizlənməmiş suyundan içir. Bəlkə elə bunun nəticəsidir ki, insanlar müxtəlif xəstəliklərə tutulurlar. Amma neyləsinlər, məcburdular ki, çirkli Kür suyunu işlətsinlər. Mingəçevirdə sovetlər dövründən su təmizləyici qurğu olmayıb. Sadəcə, suyu xlor vasitəsi ilə təmizləyib əhaliyə satıblar. İndə də həmin bu çirkli suyu “Azərsu” ASC “smart tipli” su sayğacı quraşdıraraq əhaliyə satır. Lap yaxşı, hörmətli “Azərsu”, əgər belədirsə onda əhaliyə satdığın suyun keyfiyyət sertifikatını da təqdim et. Təəssüflər olsun ki, bu sadalananların heç biri yoxdur. Bundan başqa, “Azərsu” tərəfindən həyata keçirilən su-kanalizasiya işləri çox keyfiyyətsiz görülür. Belə ki, evlərə çəkdikləri su borularının üstü qoruyucu vasitələrlə bəzi yerlərdə bağlanıb, bəzi yerlərdə isə boruların üstü açıqdır. Bu boruların bəziləri don vurma nəticəsində sıradan çıxır. Qurum xəbərdarlıq edir ki, əgər su boruları və sayğaclar xarab olarsa, vətəndaş özü təmir etdirməlidir. Əgər hansısa bir qurum gördüyü işi keyfiyyətli yerinə yetirməyibsə, niyə görə vətəndaş onun əziyyətini çəkməlidir?

Mingəçevir sakinləri yarızarafat-yarıgerçək deyirlər ki, şəhərin hər yerindən su çıxır. Məsələn, su sayğacları quraşdırılandan sonra əhali sayğac az yazsın deyə, suyu ürəkli işlədə bilmir. Şəhərin Vəli Hüseynov küçəsi 11 ünvanında yaşayan çoxuşaqlı ailə Rəsulova Aşafatma deyir ki, su pulunu ödəyə bilmədiyi üçün işlətmək üçün suyu Kür sahilindən gətirir: “Onsuzda çirkli sudur, niyə görə mən bu qədər pul ödəməliyəm? Həm imkanım yoxdur 8 nəfərlik ailəni dolandırmağa, həm də evim Kürün yaxınlığındadır. Mənim bir çətən külfətim var, su pulu ödəyim, qaz pulu ödəyim, yoxsa zibil, işıq bircə qorxuram ki, havaya da sayğac qoyalar”.

Digər şəhər sakini “Azərsu” ASC-nin “qaynar xətt”indən narazılığını bildirir: “Evlərə su sayğaclarını quraşdırandan sonra evimin dəhlizindən su borusu partladı, hər tərəf su içində idi, yerli qurumlara müraciət etdik bir nəticəsi olmadı, 955 “qaynar xətt”inə də dəfələrlə müraciət etdikdən sonra gəlib suyu bağladılar. Əvvələr belə çətinliklərlə üzləşməmişik, bu gün onsuzda problem içində yaşadığımız bir zamanda bu sayğaclarda bizə bir problem yaşadır”.

Digər şəhər sakini Bayramova Qəndab evində ruhi xəstə oğlu olduğunu və kommunal xərcləri çətinliklə ödədiyini bildirir: Əlimdə pul yoxdur ki, sayğacın pulunu ödəyib su alım. Ona gördə də günlərlədir ki, susuz qalmışıq. Kürə üz tuturuq. Belə yaşamaq olar?”

“Yaşadığım bina V. Hüseynov küçəsi 15-də yerləşir, taxtadandır. 1946-47-ci illərdə tikildiyindən çürüyüb gedir”. Bu sözləri isə bizimlə söhbətində şəhər sakini 70 yaşlı  Quliyeva Gülqəm xanım dedi: “Onsuzda yaşadığım bina köhnə olduğundan batıb gedir. Evin içərisi də bərbad gündədir, çöludə. İndi asfaltın altından axan su evimizi daha pis vəziyyətə salıb. Biz pul tapmırıq ki, sayğaca ödəyək, amma su özbaşına yerin altı ilə axıb gedir”.

Bir sözlə, Mingəçevir əhalisi istifadə etmək üçün təmiz su tələb edir. Əgər pul verib su alırıqsa, onda niyə də təmiz su içməyək? Esmira Hidayətova, Mingəçevir