Qori Müəllimlər Seminariyasının ilk azərbaycanlı məzunu

87

“Şuşa İli”nin işığında

Görkəmli maarifçi Səfərəli bəy Vəlibəyov Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi qırx il ərzində 250-dən artıq əsl xalq müəllimi hazırlamışdı. Firudun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli, Azad Əmirov, Əhmədağa Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib İlyasov, Əhməd Seyidov və başqaları müəllimlik peşəsinin vurğunu olmuş, xalqını təhsil nuru ilə işıqlandıran elm, maarif, mədəniyyət və incəsənət carçıları kimi çoxşaxəli fəaliyyət göstərmişlər. Bu insanların hər biri tarixi şəxsiyyət, böyük sənətkar və ustad səviyyəsinə qalxmışlar.

Seminariyanın məzunları içərisində Səfərəli bəy Vəlibəyovun xidmətləri xüsusi vurğulanmalıdır. O, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlıdan biri olmuş, ömrünün on səkkiz ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində Səfərəli bəy onlarla istedadlı gənc yetişdirmişdir ki, bu gənclər elm, maarif, ədəbiyyat və incəsənətin müxtəlif sahələrində, habelə, ictimai-siyasi işlərdə fəal çalışmış, vətənə və xalqa şərəflə xidmət etmişlər. Böyük ədiblər və ictimai-siyasi xadimlər olan C. Məmmədquluzadə, N. Nərimanov, S. S. Axundov və bir çox başqaları ibtidai təhsillərini S. Vəlibəyovdan almış, tələbkar və qayğıkeş müəllimlərini həmişə böyük məhəbbət hissi ilə yad etmişlər.

Səfərəli bəy Şeyx Həsən oğlu Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875-ci ildə Şuşa dördsinifli şəhər məktəbinə daxil olmuş və 1879-cu ildə oranı bitirmişdir. Həmin ildə S.Vəlibəyovun həyatında əlamətdar bir hadisə baş vermişdir. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan şöbəsinə tələbə toplamaq məqsədilə Şuşaya gələn Aleksey Osipoviç Çernyayevski gənc Səfərəli ilə söhbət aparmış, hazırlıqlı olduğunu görüb onu seminariyanın ikinci sinfinə qəbul etmişdir.

1879-1893-cü illərdə seminariyanın Azərbaycan şöbəsini A. Çernyayevski idarə edirdi. O, qabaqcıl fikirli, öz işini sevən müəllim kadrların hazırlanmasına xüsusi əmək sərf etmişdir. Tələbələrə tarix və coğrafiyadan dərs deyirdi. Müəllim çatışmazlığına görə A.Çernyayevski S. Vəlibəyovu öz yerinə hazırlayırdı. Səfərəli bəy hələ tələbə ikən müəllimi Çernyayevskiyə yaxından kömək göstərir, onun “Vətən dili” (I hissə) kitabının hazırlanmasına xüsusi kömək edirdi.

1881-ci ildə seminariyanı bitirən S. Vəlibəyov müəllim kimi burada fəaliyyətə başlayır və 1896-cı ilə qədər seminariyada işləyir. Səfərəli bəy əsas pedaqoji fəaliyyəti ilə yanaşı, seminariyanın ictimai işlərində də fəallıq göstərirdi. O, tələbələrin sinifdənkənar məşğələlərinə böyük fikir verirdi. Gənc müəllim ictimai və pedaqoji fəaliyyətini tətil aylarında da davam etdirirdi. Adətən tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyər, onları orta və ali məktəblərə daxil olmaq üçün hazırlayardı. Şuşa və ətraf kənd məktəblərində dərs deyən müəllimləri toplayar, onları sövti üsulla dərs demək metodikası ilə tanış edirdi. Bu nəcib işinə görə o, hətta Qafqaz dairəsi popeçiteli tərəfindən mükafatlandırılmışdı.

S. Vəlibəyov seminariya daxilində gedən kəskin məfkurə mübarizəsində də fəallıq göstərirdi. XIX əsrin 90-cı illərində Qafqaz təhsil orqanlarının irticaçı başçıları Azərbaycan və gürcü dillərini seminariyanın tədris proqramından çıxarmağa cəhd etdikləri zaman A. Çernyayevski, Ə. Axundzadə və N. Lomouri ilə birlikdə o da bu mürtəce siyasətə qarşı çıxmışdı. Onun seminariyadan çıxarılmasının bir səbəbi də bu məsələdə prinsipial mövqe tutması ilə bağlı idi.

Səfərəli bəy müasirləri arasında təkcə yaxşı müəllim kimi tanınmamışdı. O, həm də görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi şöhrətlənmişdi. Onun “Vətən dili” (II hissə, A. Çernyayevski ilə birlikdə) dərsliyi, rus dilindən etdiyi tərcümələr, “Qüdrəti-xuda”, “Üsuli-cədid”, tarix, ədəbiyyat, coğrafiya kitabları və görkəmli adamların tərcümeyi-halına dair məlumat verən “Xəzineyi-əxbar” adlı ensiklopedik səviyyəli əsəri uzun illər Azərbaycanda uşaqların ən çox sevdikləri kitablar olmuşdur.

S. Vəlibəyov həm də yaxşı publisist idi. Onun məqalələri  XIX əsrin 80-90-cı illərində “Ziyayi-Qafqaziyyə”, “Tərcüman”, “Kəşkül”, “Kafkaz”, “Novoye obozreniye”, “Kaspi” kimi müxtəlif dövri mətbuat orqanlarında çap olunmuşdur. Görkəmli maarifçi “Türk dili barəsində”, “Qoridən məktub”, “Təzə kitabxana və qiraətxana”, “Tiflisdən məktub”, “Şuşadan məktub”, N.Nərimanovun “Dilin bəlası” əsərinin ilk tamaşası haqqında yazdığı “Bakıdan məktub”, A. Çernyayevskinin “Vətən dili” (I hissə) dərsliyinin təhlilinə həsr olunmuş “Biblioqrafiya” və digər məqalələrində dövrün mühüm ədəbi və ictimai hadisələrinə münasibət bildirmiş, qabaqcıl demokratik ideyalar mövqeyindən onların dərin təhlilini vermişdir.

Səfərəli bəy Vəlibəyovun elmi-pedaqoji fəaliyyətində onun məşhur tatar maarifçisi, ümumtürk milli intibahının tarixi təşəkkülündə müstəsna xidmətləri olan İsmayıl bəy Qaspiralı ilə görüşü də böyük rol oynamışdır. XIX əsrin 90-cı illərində seminariyanın nəzdində olan ibtidai məktəbin müdiri vəzifəsində işləyən Səfərəli bəy Vəlibəyov Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri, tanınmış maarifçi-pedaqoq Firudun bəy Köçərli ilə bərabər Krıma, İsmayıl bəyin yaşadığı Baxçasaraya getmiş, onunla təmasda olmuş və bu görüş onda böyük təəssürat yaratmışdır. Bu barədə Firudun bəy Köçərli yazmışdır: “1890-cı sənədə həqir müsəlman şöbəsinin nəzdindəki ibtidai məktəbin sabiq müəllimi Səfərəli bəy Vəlibəyovla möhtərəm ustadımızı ziyarət etmək məqsədilə Baxçasaraya səfərə çıxdıq. On gündən çox İsmayıl bəy öz evində bizi qonaq saxladı. Möhtərəm həyat yoldaşı ilə bizlərə çox-çox yaxşılıqlar etdilər ki, heç vaxt o nəvazişlər unudulmaz”.

Orada olarkən İsmayıl bəy Zincirli mədrəsəsinin müdiri mərhum Əlihacı Həbibulla əfəndi və Baxçasarayın digər tanınmış şəxsləri ilə onları tanış etmiş, yeni üsulda təsis etdiyi məktəbi göstərmiş və təlimdə mahir olan S. Vəlibəyov təcrübəli müəllimlərin hüzurunda gözəl bir dərs  nümunəsi göstərmişdi.

A. Çernyayevski ilə S. Vəlibəyovun təcrübəsindən sonralar Azərbaycanın bir çox başqa pedaqoqları da istifadə etmişlər. Qaryagin (Füzuli rayonu) qəzası Qarğabazar kənd məktəbinin müəllimi A.Tahirov çoxillik təcrübəsinə əsaslanaraq, 1887-ci ildə “Samouçitel tatarskoqo yazıka ili rukovodstvo” adlı bir dərslik tərtib etmişdi. Kitaba sadə, asan dildə yazılmış və real həyatdan alınmış materiallar daxil edilmişdi. Lakin həmin dərslik çap olunmamış qalmışdı. Yeri gəlmişkən onu da əlavə edək ki, A. Çernyayevski ilə S. Vəlibəyovun Azərbaycan dili dərsliyinin tərtibi təcrübəsindən Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da geniş istifadə olunmuşdu. 1894-cü ildə Təbrizdə Mirzə Həsən Rüşdiyyə Təbrizi (1850-1944) tərəfindən eyni adda “Vətən dili” dərsliyi nəşr olunmuşdu.

S. Vəlibəyov 1896-cı ildə Bakıya köçmüş, burada iki il müəllimlik etdikdən sonra Bakı gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır. O, 1902-ci il avqustun 31-də cəmi qırx bir yaşında ikən qəflətən ürək xəstəliyindən vəfat etmişdir.

Azərbaycan məktəbi və pedaqoji fikir tarixində səs üsulu ilə yazılıb nəşr edilmiş dərslik və tədris vəsaitlərinin tətbiqinin böyük elmi-pedaqoji əhəmiyyəti var. XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artmışdı. Bakı, Naxçıvan, Şəki, Şamaxı və digər şəhərlərdə ayrı-ayrı şəxslər, mütərəqqi maarifçilər ibtidai təhsil verən ana dili məktəbləri açmaqda davam edirdilər. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada S. Vəlibəyov tərəfindən açılmışdı. Yay tətili zamanı burada istirahət edən Səfərəli bəy müvəqqəti olaraq bir məktəb açıb uşaqlara savad öyrədirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. S. Vəlibəyov şagirdlərə yalnız savad öyrətməklə kifayətlənmirdi. O, eyni zamanda yerli məktəbdarlara səs üsulunun üstünlüyünü izah edir, bu üsul ilə dərs deməyin əhəmiyyətini əyani olaraq göstərirdi.

XIX yüzilliyin əvvəllərindən başlayaraq ötən əsrin 20-ci illərinə qədər hazırlanan bu kitablar ərəb əlifbası ilə yazıldığından indiki müəlliflərin bir çoxu onları oxuya bilmir. Azərbaycan dilində tərtib edilən oxu kitabları içərisində S. Vəlibəyovun 1888-ci ildə Tiflisdə “Kəşkül” qəzetinin mətbəəsində çap etdirdiyi risalə ayrıca əhəmiyyət kəsb edir. Kitabın titul səhifəsində rus dilində bu sözlər yazılmışdır: “Knijka dlya samostoyatelnoqo çteniya na tatarsko-Azerbaydjanskoy nareçi”. Azərbaycan dilində isə kitabça belə adlanır: “İbtidai məktəb şagirdlərinə məxsus və əxlaqa dair Azərbaycan dilində oxu risaləsi”. Risaləyə “Qüdrəti Xuda” yəni “Allahın qüdrəti” sözləri epiqraf seçilmişdir. Kitabın Azərbaycan dilində olan titul səhifəsində onun Tiflisdə nəşr olunduğu göstərilir. Əsər Sankt-Peterburq şəhərindəki S. Şedrin adına Dövlət Kütləvi Kitabxanasının “SSRİ xalqlarının ədəbiyyatı” şöbəsində saxlanılır.

Kitabça 1968-ci ildə mikrofilmə çəkilmiş, hazırda latın qrafikasına köçürülərək arxivlərimizdə saxlanır. Qısaca desək,  Azərbaycan təhsilinin inkişafında Səfərəli bəyin böyük xidmətləri unudulmazdır.

“İki sahil”