Qonşudan dala qalanlar…

518

Topaz Premyer Liqasında iştirak edən komandaların hazırlıq üçün qardaş ölkə Türkiyəni seçmələri başadüşüləndir. Burada əsas faktor Türkiyənin, həqiqətən də, qış toplanışı üçün əlverişli olmasıdır. Həmçinin işin maddi tərəfini də nəzərə almaq lazımdır. Türkiyədə 15 günlüq təlim məşq toplanışı, digər Avropa ölkələri ilə müqayisədə daha ucuzdur. Gediş-gəlişin rahatlığı, yoxlama oyunlarının keçirilməsi üçün əlverişli şərait olması, Türkiyəni komandalarımız üçün bir nömrəli ünvan edir. Qeyd etmək lazımdır ki, qış fasiləsini Antalyada keçirmək bizim klublarımızda adət halını alıb. Klublar bir-birləri ilə yarışımış kimi, Türkiyəyə yollanırlar. Necə deyərlər, qonşudan qalma dala! Amma qonşudan dala qalanlar da var. AZAL, “Sumqayıt” və “Bakı” hazırlıqlarını ölkə daxilində davam etdirəcəklər. Yeri gəlmişkən bu komandalar turnir cədvəlində də qonşu pillələrdə qərar tutublar. Görəsən, turnir cədvəlinin alt sıralarında olan “qonşular”ın ölkədə qalmasının səbəbi nədir ? Bəlkə səbəb maliyyə problemidir? Bunu aydınlaşdırmaq üçün komandaların mətbuat xidməti ilə əlaqə saxlad

Əvvəlcə AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifova zəng etdik. Sualımızı ona ünvanladıq.

– Eldəniz bəy, AZAL-ın qış fasiləsində ölkədə qalmasının səbəbi nədir?

(Eldəniz bəy suala sualla cavab verdi).

– Harda yazılıb ki,  komandalar mütləq xaricə getməlidir? AZAL futbol klubunun təlim toplanışını ölkə daxilində keçirmək üçün hər bir şəraiti var. Bazamızda əsas və ehtiyat meydançalar, fitnes və trenajor zalları, habelə futbolçuların istirahəti üçün lazım olan bütün şərait var. Həm də ki, AZAL futbol klubu artıq 3-cü ildir ki, qış fasiləsini ölkə daxilində keçirir. Əgər bizim maddi-texniki bazamız ölkədə təlim-məşq toplanışlarını keçirməyə imkan verirsə, niyə xarici ölkəyə getməliyik? Əvvələr komandanın Türkiyəyə getməsinin əsas səbəbi yoxlama oyunları idi. Lakin indi bu problem də aradan qalxıb.

– Eldəniz bəy, yoxlama oyunları demişkən, AZAL hansı komandalarla görüşəcək ?

– “Bakı” və “Sumqayıt”la, həmçinin 1-ci divizion komandalarından bir neçəsi ilə yoxlama oyunu keçirməyi planlaşdırırıq. Ümumilikdə, AZAL qış fasiləsində 6 oyun keçirəcək. Yoxlama oyunları keçirmək üçün komandamızın Gürcüstana getmək planı da var.

– Ümumiyyətlə, komandaların ölkədə qalmasını maddi problemlərlə əlaqələndirmək olar mı?

– Əslində Premyer Liqada çıxış edən komandalar arasında maddi cəhətdən ən stabil klub AZAL-dır. Bizim Avropanın istənilən ölkəsində toplanış keçirməyə maddi cəhətdən gücümüz çatır. Sadəcə, yenə deyirəm, bizim burda hər bir şəraitimiz olduğu halda əlavə pul xərcləməyə ehtiyac yoxdur.

“Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da sualımıza oxşar cavab verdi.

– Klub rəhbərliyi hazırlıq planı barədə bir neçə dəfə açıqlama verib. Mən bu məsələdə nəsə yeni bir şey söyləyə bilmərəm. Hər halda rəhbərlik belə qərar verib. Biz də bu qərara uyğun ollaraq hazırlıqlarımızı ən yüksək səviyyədə keçirəcəyik.

– Yəqin ki, yoxlama oyunları da keçirəcəksiniz?

– Əlbəttə, komandamız 4 yoxlama oyunu keçirməyi planlaşdırıb. Birinci matçımız yanvar ayının 14-də “Bakı” ilə olacaq. Yanvarın 17-də AZAL-la, 23-də isə “Zirə” ilə yoxlama oyunu keçirəcəyik. Bu 3 oyun Sumqayıt şəhərində olacaq. Yanvarın 19-da isə Şüvəlanda AZAL ilə ikinci dəfə qarşılaşacağıq.

Son olaraq “Bakı” klubunun mətbuat xitməti ilə əlaqə saxladıq. İsgəndər İsgəndərova da eyni sualları ünvanladıq.

– “Bakı”nın qış fasiləsində ölkədə qalmasını maliyyə problemi ilə izah etmək olarmı?

– Maliyyə problemi ilə əlaqələndirmək də olar. Amma buna problem demək düzgün olmazdı. Biz əvvəlcə qış fasiləsi zamanı xarici ölkəyə getməyi planlaşdırırdıq. Deməli, bunu tamamilə maliyyə çətinliyi ilə əlaqələndirmək doğru olmazdı. Sonra belə qərara gəldik ki, həmin vəsaiti komanda üçün daha faydalı olan istiqamətlərə yönəldək. AZAL-ın və “Sumqayıt”ın hazırlıq toplanışlarını ölkədə keçirməsi də bizim planımızın dəyişməsinə təsir etdi. Nəzərə alıb biz də səfərimizi təxirə saldıq. Yoxlama oyunlarını da bu komandalar ilə keçirəcəyik. Hamıya məlumdur ki, “Bakı” çempionatda qalmaq üçün mübarizə aparır. Belə bir vəziyyətdə əlavə xərcləri mümkün qədər azaltmağa çalışırıq.

– Rəşad bəy, yeni transferlər haqda nə deyə bilərsiz?

– Hazırda 4 futbolçu bizim klubda baxışdadır. Tagim Novruzov, Kamil Nurəhmədov, Murad Hüseynov və Ramazan Abbasov kluba dəvət olunub. Ola bilsin ki, yaxın günlərdə yeni futbolçular da cəlb olunsun. Amma hələ heç bir futbolçu ilə müqavilə imzalamamışıq.

 ƏHMƏD HƏSƏNOV