Qonaqkənd həmişə qonaqlı-qaralı olub

1706

Quba rayonun böyük yaşayış məntəqələrindən biri olan Qonaqkənd Qubadan 50 kilometr məsafədə, dağlar qoynunda yerləşir.

Ötən əsrin 60-cı illərinədək Azərbaycanın dağ rayonlarından biri olub bu məkan. Qoyunçuluq, maldarlıq, əkinçilik, xalçaçılıq, arıçılıq sahələrində öz şanı, öz şöhrəti ilə tanınıb. Bu gün ölkə iqtisadiyyatının müxtəlif sahələrində çalışan yüzlərlə qonaqkəndli vaxtilə burada fəaliyyət göstərən internat məktəbin təhsilindən bəhrələnib.

1959-cu ildən sonra Quba rayonunun tərkibinə qatılan Qonaqkənd qəsəbə statusunu alıb. Və bundan sonra əhalisi azalıb. Əlaqədar orqanların ögey münasibəti ucbatından əvvəlki şöhrətini itirib. Arıçılıq sovxozu, xalçaçılıq fabriki, sovxoz-fəhlə kooperasiyası kimi böyük müəssisələrin fəaliyyəti dayanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızın həyatında baş verən canlanma Qonaqkənddən də yan keçməyib. Qəsəbə dirçəlməyə, “özünə gəlməyə” başlayıb. Bəs bu gün bu qəsəbənin vəziyyəti necədir? Suala cavab tapmaq üçün faktlara nəzər salsaq daha düzgün olar.

Cimi, Qaraulüstü, Xaşı, Ördüc, Puçuq, Gümür-Dəhnə yaşayış məntəqələrini özündə birləşdirən Qonaqkənd İƏD-də hazırda 3601 nəfər əhali yaşayır. 885 təsərrüfatı birləşdirən ərazidə 2 orta, 2 əsas, 3 ibtidai məktəb, uşaq bağçası, 2 feldşer-mama məntəqəsi, ATS və poçt şöbəsi, polis bölməsi, meşə təsərrüfatı idarəsi, sahə xəstəxanası, təmizlik və abadlıq birliyi və 1 bələdiyyə fəaliyyət göstərir. Bunlardan əlavə ərazidə 11 kommersiya ticarəti və 4 ictimai iaşə obyekti vardır. Əhalinin əsas məşğuliyyəti maldarlıq, xalçaçılıq və arıçılıqdır.

Quba rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd qəsəbə İƏD üzrə nümayəndəsi G. Məmmədovla söhbətimiz zamanı aydın oldu ki, Qonaqkənd artıq illərdən bəri yığılıb qalmış problemləri aradan qaldıraraq yeni inkişaf yoluna qədəm qoyub. Belə ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ərazidə böyük işlərin görülməsinə başlanılıb.

Ulu öndərin əziz xatirəsini daim uca tutan qonaqkəndlilərin ölkə başçısı cənab İlham Əliyevə ünvanladığı məktub nəticəsiz qalmamış, qəsəbənin mərkəzində Ümummilli lider Heydər Əliyevin əzəmətli abiəsi ucaldılıb.. Möhtərəm Prezidentin sərəncamı ilə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə başlanılması hər bir qəsəbə sakininin qəlbində böyük fərəh hissi doğurub.

Son beş il ərzində ərazidə xeyli abadlıq və quruculuq işləri aparılıb. Təhsil Nazirliyinin xətti ilə qəsəbə tam orta məktəbi əsaslı təmir olunub. Uşaq bağçası, polis bölməsi üçün ikimərtəbəli inzibati bina tikilmiş və müasir avadanlıqlarla təchiz olunub. Sahə xəstəxanası və qonaqkəndlilərin fəxri olan millət vəkili V.Əhmədovun xeyriyyəçiliyi ilə inşa olunan məscid binası da yeni tikililərdəndir. Qəsəbə əhalisinin su təchizatının yaxşılaşdırılması məqəsilə 2009-cu ildə üç istiqamətdə 800 metr məsafədən su xətti çəkilib və 6 tonluq su anbarı tikilib. 2012-ci ildə isə 100 metr məsafədə xətt çəkilərək 8 tonluq su anbarı inşa olunub. Yeni poçt binasının və elektron tipli ATS-in tikintisi də sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdəndir.

Torpaqlarımızın erməni faşizminindən müdafiəsi zamanı qonaqkəndlilər də mərdliklə vuruşublar. Qarabağ uğrunda döyüşlərdə ərazinin 8 nəfər sakini şəhid olub, 3nəfər itkin düşüb, 6 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq yaralanıb. Ərazinin bütün sakinləri şəhidlərin xatirəsini daim əziz tutur, qəsəbənin icra nümayəndəliyi və bələdiyyəsi şəhid və itkin düşənlərin ailələrinə, imkansızlara vaxtaşırı olaraq maddi yardım göstərirlər.

Şəhid Milyaməddin Məmmədsalahovun oğlanları atalarının xatirəsini əbədiləşdirmək məqsədilə öz vəsaitləri hesabına qəsəbədə “Şəhid bulağı” tikib, buraya su xətti çəkiblər.

Qəsəbə ilə yanaşı, ərazinin digər yaşayış məntəqələrində də bir sıra abadlıq işləri aparılıb. 12 kilometrlik Qonaqkənd-Ördüc yolu hamarlanıb, digər kəndlərarası yollarda cari təmir işləri görülüb. Cimi, Qaraulüstü, Gümürdəhnə, Xaşı və Puçuq kəndlərində məktəblərin, klub və kitabxanaların dam örtükləri dəyişdirilib, kənd qəbiristanlıqları dəmir borularla hasarlanıb, yeni içməli su xətləri çəkilib.

Qəsəbə icra nümayəndəsi Q.Mməmmədov görülmüş və görüləcək işlərlə yanaşı, onu da qeyd etdi ki, Qonaqkənddən 40 kilometrlik uzaqda kənd kimi sayılmayan, 1000 hektar ərazisi, 300 nəfərədək əhalisi olan Qarapanlı yaşayış məntəqəsinin vəziyyəti bizi çox narahat edir. Buradakı ibtidai məktəbdə hazırda 27 uşaq təhsil alır. Məsafənin çox uzaq olması səbəbindən 116 nəfər səsvermə hüququ olan insan seçkilərdən kənarda qalır. Qarapanlıdakı sosial məsələləri həll etmək bir qədər çətindir. İndi qarşımızda duran ən vacib işlərdən biri bu yaşayış məskəninin problemlərinin aradan qaldırılmasına çalışmaqdır.

Böyük şairimiz Səməd Vurğunun ayağı dəyən Qonaqkənd həmişə qonaqlı-qaralı olub. Çox güman ki, onun adı da elə bu səbəbdən yaranıb. Bu günkü inkişafı, irəliləyişləri ilə dəyişən, yeniləşən Qonaqkəndin insanları bu nailiyyətləri görmək üçün yenə qonaq gözləyirlər. Biz də deyirik: -Qonaq gəlin, Qonaqkəndə!

Qəhrəman Qasımov, Sərvər Məmmədov