“Qoldan sonra necə sevinəcəyimi bilmirəm”

466

”Fənərbağça”ya keçdiyi ilk gündən nəinki bu klubun, hətta bütün Türkiyənin sevgisini qazanan və nümayiş etdirdiyi oyunla heç kimi yanıltmayan Dirk Kuyt keçmişini, hisslərini və etmək istədiklərini açıqlayır..

— Atanın balıqçı olduğunu eşitmişdim. Uşaqlığınla bağlı maraqlı əhvalatların varmı? Atanla balıq tutmaq üçün dənizə gedirdinmi?

— Atam uşaqlığından bəri pulunu dənizdən qazanan bir adam olub. Mən insanların çox çətin şərtlərdə pul qazandığı bir kənddə böyüdüm. Oradakı insanlar üçün çalışmaq nəfəs almaq, su içmək kimi bir şey idi. Həyatlarını belə qazanırdılar. Atamın həftələrcə evə gəlmədiyi zamanlar olardı. Gələndə də bizimlə 1-2 gün qalıb geri dönərdi. Atam mənim də bu həyatı yaşamağımı istəmədiyi üçün ölənə qədər futboldakı ən böyük dəstəkçim oldu. Mənim oyunlarımı ən çox seyr edən adam odur. Müntəzəm olaraq evdən uzaq olduğu üçün anam bizə həm də atalıq edib. Onun da mənim üzərimdə çox böyük əməyi var.

— Hollandiyada “İlin futbolçusu” seçildiyin zaman mükafatını atanın əlindən almaq istəmisən…

— Hollandiyada o mükafatı ikinci dəfə alırdım. Mənim üçün çox əhəmiyyətli idi. Atam xərçəng xəstəsi idi. Xəstəliyinin ağırlaşdığı bir dövrdə onun mənə olan inancını boşa çıxarmamaq çox vacib idi. Böyük əməliyyat keçirməsinə bir neçə həftə qalmışdı və səhnəyə serumlarla çıxdı. Səhnədə bütün tamaşaçıların qarşısında o mükafatı atamın əlindən aldım. Tamaşaçılar arasında Yohan Kruiff, Frank de Bur və Qus Hiddink kimi Hollandiya üçün çox önəmli adlar var idi. Mərasim canlı yayımlanırdı. Eyni zamanda “Liverpul”la yeni müqavilə imzalamışdım. Bütün bunları bir araya gətirəndə, o gecənin həyatımdakı ən əhəmiyyətli an olduğunu söyləyə bilərəm.

— Heç kim sənin “Utrext”də yaxşı karyera quracağına inanmırdı? Niyə belə düşünürdülər? Sən gələcəkdə yaxşı şeylərin olacağına inanırdın?

— Hollandiyada 11 yaşın tamam olduqdan sonra böyük klubların birinin aşağı yaş qruplarında oynamaq imkanı əldə edə bilirsən. Bu klubların başında da “Ayaks” gəlir. Lakin mən o dövrdə həmişə həvəskar komandalarda oynadım. Bu, 17 yaşıma qədər davam etdi. “Utrext”də oynamağımı istədikləri zaman 18 yaşımda idim. Yəni Hollandiya standartlarına görə çox gec qalmışdım. İkiillik müqavilə imzaladıq. O müddət ərzində peşəkar oyunçu olduğumu sübut etməliydim. Həm atam, həm də kəndimizdəki insanlar üçün bunu etməyim vacib idi. Çox işləmək mənim uşaqlığımdan bəri öyrəndiyim ən böyük vərdişdir. Mən də belə etdim. “Utrext”in B komandasında oynamağa başladım. Orada daha iki gün keçirmədən A komandasında mərkəz müdafiəçisi zədələndi. Onun yerinə məni oynatdılar. Oyunun ikinci hissəsində məni meydana daxil etdilər və ilk qolumu vurdum. Oynadığım ikinci matçda da 6 qol vurdum. Əsas komandadakı oyunçunun şanssızlığı mənim şansım oldu. Bəlkə də, ən yaxşı oyunçu deyildim, amma komandanın ən çox çalışan idim. Çıxış etdiyim hər komandada belə olmağa davam etdim. Bunun mükafatını da hər zaman aldım.

— “Feyenord”da keçirdiyin günlərdən ən yaddaqalanı hansıdır?

— “Feyenord”da üç il oynadım. İlk ilim çox yaxşı keçdi. Hələ gənc sayıla biləcək bir yaşda, 24 yaşımda idim. Rud Qullit komandanın baş məşqçisi idi. “Feyenord”da onunla birlikdə təxminən üç ay çalışdıqdan sonra mənə “Bu komandanın kapitanı olmağını istəyirəm”, — dedi. Mövsümün tam ortası idi və komandada çox təcrübəli oyunçular var idi. Kollektivin bütövlüyünün pozulmaması üçün bunun doğru bir qərar olmadığını özünə söylədim. “Gözləyək, mövsüm bitdikdən sonra sevə-sevə kapitanlıq edərəm”, — dedim. Təəssüf ki, çox yaxşı bir mövsüm keçirməyimizə baxmayaraq, Qullit mövsümün sonunda komandadan ayrıldı. Yeni baş məşqçimiz Ronald Kumanın qardaşı Edvin Kuman oldu. O da mənim kapitan olmağımı istədi. Beləliklə, 25 yaşımda Hollandiyanın ən məşhur komandalarından birinin kapitanlığını etməyə başladım. Bu mənim üçün çox qürurverici idi. Çünki “Feyenord” da “Fənərbağça” kimi çoxlu azarkeşi olan köklü bir klubdur.

— Kapitanlığın “Feyenord”dan sonra da davam etdimi?

— Rafael Benitesin dövründə “Liverpul”un üçüncü kapitanı oldum. Hollandiya millisində Lui van Qal məni ikinci kapitan etdi. Bu komandalarda kapitan olmaq mənim üçün qürurverici idi.

— Benites sənə “Mister Durasell” deyirmiş. “Liverpul” və “Feyenord” azarkeşləri də sənə çoxlu ləqəblər qoşublar. Ən çox xoşuna gələn hansıdır?

— Bu cür ləqəblər almaq hər zaman çox xoşdur və futbolçulara müsbət təsir edər. Benites böyük məşqçi olmaqla bərabər, həyatımdakı ən əhəmiyyətli insanlardan biridir. Məni “Liverpul”a gətirən də, Avropada çox yüksək səviyyələrə çıxaran da odur. Ona görə də, o mənim üçün nə desə, qəbulumdur. Haqqımda pis bir şey desə belə, söylədiklərini yalnız tənqid kimi qəbul edərəm. Tərəfdarların qoşduğu ləqəblər da mənim üçün çox qiymətlidir.

— “Liverpul”da sənin mövqeyinə edilən transferlərdən sonra sənin yerində başqa bir oyunçu olsaydı, bəlkə də, komandadan ayrılardı. Sən ikinci adam olmaq yerinə mövqeyini bir kənara atıb, başqa bir mövqedə oynamağa başladın. Hər şeyə belə müsbət baxarsan?

— Mən, həqiqətən də, hər şeyə müsbət baxan insanam. Bunu yalnız söz xatirinə söyləmirəm. Həyatın mənə gətirdiklərinə mənfi baxsaydım, xoşbəxt adam ola bilməzdim. Bəlkə futbolçu belə, ola bilməzdim. Mən “Liverpul”da yerimi möhkəmləndirməyə çalışdığım zaman komandaya dünyanın ən perspektivli oyunçularından biri transfer edildi. Buna məyus olmadım, əksinə, çox sevindim. Çünki hər zaman ən yaxşı oyunçularla oynadım. Yenə də yaxşı bir oyunçu ilə oynayacağım üçün sevindim. Heç vaxt komanda yoldaşlarımı özümə rəqib olaraq görmədim. Bu, eyni mövqedə oynadığım yoldaşlarım üçün də keçərlidir. Həmişə onların müvəffəqiyyətləri ilə qürur duydum. Fernando Torres çox qol vurdu, mən də ona ötürmə verən futbolçu oldum. Qol vurmaq qədər qol vurdurmaq da mənim üçün xoşdur. Məndən daha çox qol vurdu və nəticədə ikimiz də qazandıq.

— Premyer Liqada vurduğun qolların 85 faizi qapıçılardan, müdafiəçilərdən və dirəklərdən dönən toplardan olub. Belə görünür ki, harada necə dayanacağını çox yaxşı bilirsən…

— Futbolda sahib olunmalı ən böyük hiss topun haradan gələcəyini bilməyinizdir. Topu təqib edə bilmək çox önəmlidir. Məndə 5 yaşımdan bəri bu hiss var. Topa qarşı hər zaman yaxşı mövqe seçirəm. İnsanlar mənim vurduğum qollara həmişə asan qollar deyərlər. Amma bu, doğru zamanda, doğru yerdə olmağımla əlaqədardır. “Spartak”a vurduğum qolun çox asan olduğu görünür. Amma mənim oradakı qaçışıma diqqətlə baxsanız, görərsiniz ki, top gəlməmişdən hazırlığımı tamamlamışam. Bu da məndə uşaqlığımdan gələn bir qabiliyyətdir. Ona görə də, məsələ ən gözəl, ya da ən asan qolu vurmaq deyil, hər zaman qol vura bilməkdir.

— Sənin qollarının başqa bir ortaq xüsusiyyəti odur ki, onların çoxunu matçların 75-ci dəqiqəsindən sonra vurmusan…

— Bəli, mən də bunun fərqindəyəm, amma səbəbini bilmirəm. Xüsusilə əlavə edilmiş dəqiqələrdə vurduğum və unutmadığım çox qol var. Ümid edirəm ki, bunu “Fənərbağça”da da davam etdirəcəyəm. “Liverpul”da olduğum zaman Çempionlar Liqasında təsnifat oyunumuz var idi. İlk oyunumuz səfərdə 1:1 hesabı ilə bitmişdi. Öz meydançamızda keçirdiyimiz görüş də 1:1 bitdi. Əlavə vaxtda artırılmış dəqiqədə komandamızı Çempionlar Liqasına aparan qolu vurmuşdum. O qolu xatırlamaq belə, məni xoşbəxt edir. Gözəl an idi.

— Uzun illər bir klubun formasını geyindikdən sonra oradan ayrılmaq asan deyil. Sən ayrıldıqdan sonra Benites və “Liverpul” rəsmiləri sənin barəndə xoş sözlər söylədilər, Cerrard səndən ötrü darıxacaqlarını dedi. Sən necə, “Liverpul” üçün darıxırsanmı?

— Altı il bir klubun forması üçün tər töksəniz, ətrafındakı insanlar sənin üçün bir iş yoldaşı olmaqdan çıxıb, dost olur. Klubumun, Benitesin və komanda yoldaşlarımın mənim haqqımda söylədikləri şeylər çox normaldır. Mən də onlar üçün eyni duyğuları daşıyıram. Dünyanın ən yaxşı futbolçuları ilə birlikdə oynadım, ən yaxşı baş məşqçi bizim başımızda oldu. Altı ildən sonra yeni bir təcrübəyə ehtiyacım olduğunu hiss etdim. Bunu etmək üçün çox imkanım var idi. Çox fərqli ölkələrdən və klublardan transfer təklifləri aldım. “Fənərbağça” onların arasından mənə ən yaxşı duyğunu hiss etdirən klub oldu. Sonunda “Fənərbağça”ya gəldim.

— Türkiyəyə gəldiyin üçün Pyer van Hoydonka borclu olduğumuzu söyləyə bilərikmi?

— “Feyenord”da üç il oynadım, amma həmin komandanın sabiq oyunçusu olmaqdan çox azarkeşi kimiyəm. “Utrext”də oynadığım zaman belə, “Feyenord”un nə etdiyini təqib edərdim. “Feyenord”un “Fənərbağça” ilə oyununu unuda bilmirəm. Komanda ilə azarkeşlərin ahəngi mənə çox təsir etmişdi. Həmin matçda gördüyüm mənzərə  Pyerin “Fənərbağça”ya gəlməsinə səbəb olub. Oyundan sonra onunla danışanda “Mənim gələcəkdə oynamaq istədiyim klub budur”, — demişdi. Azarkeşləri ilə hər zaman həmrəylik içində olan bir klubda hər futbolçu oynamaq istəyər. Pyerin oyunlarını həmişə izlədiyim üçün “Fənərbağça”nı daha yaxından tanıdım. “Fənərbağça”nın oyunlarını Pyerdən sonra da seyr etdim. Bu klubun Türkiyədəki gücünü çox yaxşı bilirəm.

— “Fənərbağça”nın görüşlərində ən çox qaçan və son dəqiqəyə qədər oynayan futbolçulardan birisən. Qollardan sonra sevinməyindən elə görünür ki, sanki uzun illərdir forma geyinmirsən…

— Qol vurmaq çox əhəmiyyətli andır. Qol vurduğum anlar mənim üçün çox qiymətlidir. Qoldan sonra necə sevinəcəyimi bilmirəm (gülür). Belə olanda da dəli olmuş kimi görünürəm. Futbolu qol vurmaq və qələbə qazanmaq üçün oynayırıq. Bir qolçu üçün qol vurmaq yalnız oyunda deyil, həyatdakı ən gözəl anlardandır.

— Karyeran ərzində sənə heç vaxt qırmızı vərəqə göstərilməyib. Bu doğrudurmu?

— Bir dəfə mövsüm ərzində 5 sarı vərəqə gördüyüm üçün cəza almışdım, amma həyatım boyunca heç vaxt birbaşa qırmızı vərəqə almamışam. Ümid edirəm ki, karyeramı belə bitirə biləcəyəm.