“Qocalar evi”ndən niyə qorxurlar?

921

“Sizin əlinizdən bezmişəm, baş götürüb gedəcəyəm “Qocalar Evi”nə”, “Yazıq Səməd, əziyyət çəkib oğul-qız böyütdü, axırda aparıb qoydular “Qocalar Evi”nə, “Böyük dərddi, heç kimə “Qocalar Evi” arzulamıram”. Yəqin “Qocalar Evi”ndən söz düşəndə müxtəlif insanlar tərəfindən səsləndirilən buna bənzər fikirləri siz də eşitmisiniz. Bəs ölkəmizdə “Qocalar Evi” haqqında niyə bu cür düşünürlər? Bu düşüncənin kökündə nə durur? Adət-ənənələr, yoxsa əvvəllər “Qocalar Evi”ndə sığınacaq tapanlara pis qulluq edilməsi? Onu da deyək ki, bir çox ölkələrdə “Qocalar evi” heç də bizim təsəvvür etdiyimiz kimi dəhşətli məkan kimi qəbul olunmur. Hətta özləri könüllü şəkildə buraya üz tutanlar da kifayət qədərdir…

Səbəblər

İndiyədək yazı hazırlamaq üçün 3 dəfə “Qocalar evi”ndə olmuşam. Etiraf edim ki, hər dəfə oradakı vəziyyəti, “atılmışların” mənəvi halını görəndən sonra 2-3 gün özümə gələ bilməmişəm. Jurnalist olduğumu bilənlərdən kimə öz həyatı ilə bağlı sual vermişəmsə ya danışmaq istəməyib, ya da suallarıma göz yaşı ilə cavab verib. Bizdə insanlar müxtəlif problemlər səbəbindən “Qocalar evi”nə düşürlər – ya övladları onlardan imtina edir, ya da özü övladları ilə yola getmir.

Hamısının ürəyi yaralıdır. Mən “Qocalar evi”ndə “özüm bura heç bir səbəb olmadan gəlmişəm”,” tək yaşamaq istəmədiyim üçün gəlmişəm” deyən görmədim. Danışmaq istəyənlərin həyat hekayəsi adama o qədər ağır gəlir və ya özləri o qədər ağrılı formada danışırlar ki, sarsılmaya, təsirlənməyə bilmirsən…

Azərbaycanda “Qocalar evi”nə düşməkdən çəkinib öz həyatını zindana döndərən, intihar edən insanlar da var…

Evini satır və pulunu köçürür “Qocalar evi”nə…

”Yeni Avaz”a açıqlama verən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov əslində “Qocalar evi”nin atılmışlar evi olmadığını dedi: “Bir çox ölkələrdə “Qocalar evi” onun üçündür ki, insan yaşlandıqca eyni yaşdan olan insanlarla ünsiyyətdə olmaq istəyir. Orada bu məkan atılmışlar evi deyil, insan var ki, ev-eşiyi var, satır və pulunu köçürür “Qocalar evi”nə. Gedir orada yaşayır və ömrünün sonunu da öz yaşıdları ilə, həmin insanlarla ünsiyyətdə keçirərək başa vurur. Ancaq hələ ki, “Qocalar evi” deyiləndə Azərbaycanda daha çox atılmışlar evi başa düşülür. Burada həqiqət də var – buradakı insanların əksəriyyəti övladları tərəfindən imtina edilmiş valideynlərdir. Ancaq xaricdə belə evlərdə yaşayanlar övladları tərəfindən imtina edilmiş insanlar deyil. Onlar uşaqları ilə ünsiyyətdə olurlar, övladları ilə ünsiyyətdə olurlar, sadəcə, zamanlarının çox hissəsini “Qocalar evi”ndə keçirirlər.

Dünya təcrübəsi – pullu qocalar evləri

Dünyada “Qocalar evi”nin bir çox növü var. Məsələn, Türkiyədə ödənişli xidmət göstərən qocalar evləri də var. Bura 60 və daha çox yaşı olan insanlar qəbul olunurlar.

Lakin hər kəs ödənişli xidmət göstərən qocalar evlərinə qəbul olunmur, bunun üçün bir sıra şərtlər var. Məsələn, həmin şəxs yemək, içmək, tualetə getmək və bu kimi gündəlik ehtiyaclarını özü yerinə yetirə bilməlidir. Bundan əlavə, həmin şəxsin keçici xəstəliyi olmamalı, psixoloji vəziyyəti qənaətbəxş olmalıdır. Ödənişli qocalar evlərinə içki və narkotik düşkünü olanlar da qəbul edilmirlər. Qeyd edək ki, Türkiyədə həm ödənişli, həm də ödənişsiz fəaliyyət göstərən qocalar evlərində hər il minlərlə gənc könüllü olaraq çalışır, təmənnasız qocalara xidmət göstərirlər…

Azərbaycanda hələ də ödənişli xidmət göstərən qocalar evləri yoxdur. Bunun isə bir çox səbəbləri var – yaşlı insanların maddi vəziyyəti qənaətbəxş deyil və s. Təəssüf ki, bizdə yeniyetmə və gənclər arasında “Qocalar evi”ndə könüllü çalışmaq və xidmət göstərmək ənənəsi də yoxdur. Yəqin ki, zamanla bu ənənə formalaşacaq. Bunun gənclər və yeniyetmələr arasında təbliğ edilməsinə ehtiyac var…

“Qocalar evi”nə stresdən uzaq olmaq üçün üz tuturlar”

Psixoloq Təhminə Çələbi isə mövzunu “Yeni Avaz” qəzetinə belə şərh etdi: “Əlbəttə, biz valideynləri atmağın tərəfdarı deyilik. Avropada, bir çox ölkələrdə “Qocalar evi” haqqında bizdəki kimi faciəli düşünmürlər. Ümumiyyətlə isə onu deyim ki, insan müəyyən yaşdan sonra gənclərlə və yaxud daha gənc ailə ilə vaxt keçirdiyi zaman onu çox şey qıcıqlandırmağa başlayır. Çünki zaman keçdikcə bir çox stereotiplər dəyişir. İllərlə inkişaf gedir və insanların həyatı dəyişməyə başlayır. Bir çox şeyləri görən yaşlı nəsil qəbul eləmir, əsəbləri pozulur, gənc nəsil də onların bəzi dediklərini anlamaq istəmir. Bir çox inkişaf eləmiş ölkələrdə “Qocalar evi” haqqında bizdəki kimi düşünmürlər. “Qocalar evi”ndə onların yaşıdları var, ümumi maraqları var, orada onların paylaşacağı bir çox şeylər var. Oradakı şəraitlə bizim ölkəmizdəki şərait eyni deyil. Oradakı “Qocalar evi”ndən çəkilişlərə baxdıqda görürük ki, nə qədər pozitiv əhvali-ruhiyyə var, hallarından məmnundular. Onlar olmaq istədikləri yerdədirlər. Ümumi oyunlar keçirirlər, televiziyada verilişlərə baxırlar və sonra müzakirə edirlər, ortaq tədbirlər keçirirlər, cəmiyyət üçün lazımlı layihələr gerçəkləşdirirlər. Gəzmək saatları var, sakitlikdir, yaşıllıq ərazilər seçilib, hər həftə sonu ailənin bütün üzvləri gəlib onlarla görüşürlər. Bura sanki yaşlılar şəhərciyi kimi bir yerdir. Onlar buraya stresdən uzaq olmaq üçün üz tutublar. Bizdə isə “Qocalar evi”nə getmiş insanların heç biri, ümumi danışsaq əksəriyyəti ora öz xoşu ilə getmir və buna görə orada çox mənfi aura var, həmin insanlar özlərini atılmış hesab edirlər. Bizdə “Qocalar evi”ndəkilərin hamısı ağlayır, hamısı şikayət eləyir, onların yanına doğmalarından da demək olar ki, gedib-gələn olmur. “Qocalar evi”ndəki aura insanların özünü necə hiss etməsindən çox asılıdır. Bizdə gəlin-qayınana, gənc və yaşlı nəsil arasında münaqişə, ailədaxili söz-söhbətlər olur, deyək ki, hər iki tərəf ömürünün sonuna kimi xoşbəxt yaşamır. Lakin bizdə bu düşüncə dəyişsə, “Qocalar evi”nə yaşlılar şəhərciyi kimi, dostların yığıldığı bir yer kimi baxılsa, insanlar ora həvəslə gedə bilərlər. Cəmiyyətimizin qınağı o qədər yüksəkdir ki, insanlar hətta “Qocalar evi”nin nə üçün olduğunu belə dərk etmirlər. Bizdə “Qocalar evi” dəhşətli hadisə kimi qəbul olunur. Avropada insan öz xoşu ilə ora gedirsə, deməli, orada ona daha yaxşıdır. Düşüncəmiz, bu anlayışımız dəyişməsə, bizdə həmişə belə olacaq, həmişə “Qocalar evi” belə qəbul olunacaq. Ora gedənlər həmişə özlərini bədbəxt, atılmış hiss edəcək və belə də dünyalarını dəyişəcəklər. Fikir versəniz, bizdə parklarda, həyətlərdəki skamyalarda yaşlı insanlar – qadınlar bir tərəfdə, kişilər başqa bir tərəfdə oturub söhbət edirlər. Çünki onların ehtiyac duyduqları ünsiyyətdir, öz yaşıdları ilə ünsiyyətdir. “Qocalar evi”nin də məqsədi əslində bundan ibarətdir – yaşlılar vaxtlarını daha səmərəli, daha yaxşı keçirsinlər. İnsanlarımız özlərini nə qədər atılmış hiss edəcəklərsə, “Qocalar evi”nə də pis baxılacaq. Əlbəttə, övladın öz valideynindən imtina etməsi xoş bir şey deyil. Bizdə ancaq övladlar imtina etdiyi təqdirdə, valideyn aparılıb “Qocalar evi”nə qoyulur. Bu düşüncə dəyişsə, valideyn desə ki, mənə orada daha xoşdur – “Qocalar evi”nin əsl məqsədi başa düşülsə, yanaşmalar da dəyişər. Ora atılmışlar evi deyil. Biz özümüz də “Qocalar evi”nə getmişik, tədbirlər keçirmişik – görmüşük ki, oradakılar xoşbəxt deyil. Azərbaycandakı auraya baxsaq, istəmərik ki, heç bir valideyn orada olsun. Bu düşüncə dəyişdiyi təqdirdə hər şey fərqli ola bilər. Bu düşüncənin qurbanları – intihar yolunu seçir, amma ora getmək istəmirlər. Əlbəttə, biz valideynləri atmağın tərəfdarı deyilik. Biz əslində “Qocalar evi”nin hansı səbəbdən yaradılışının psixoloji tərəflərini açıqlayırıq. Səbəb budur, amma bizdə necə qəbul olunur, bu artıq başqa bir mövzudur. Bizdə təəssüf ki, ora ancaq atılmışlar gedirlər”.

Nicat İntiqam