“Qocalar Evinə getmək istəyirəm”

713
İnsan nə qədər yaşlansa da, anasına möhtacdır. Hansı yaşda olursa olsun, insan anasının yanında olmasını istəyir. “Elə onun quru nəfəsi bəsimizdir” deyirik. Analar haqqında gözəl şeirlər, mahnılar bəstələnib, dillər əzbəri olub. Lakin elə övladlar da var ki, valideynlərinə nə cavanlığında, nə də qocalılığında qiymət vermirlər. Belə nankor övladlara hər nə desək, azdır.
 

Bu günlərdə yolum Mingəçevir bazarının yanından düşdü. Yolu keçərkən 75-80 yaşlarında əl açıb dilənən bir qoca nənə diqqətimi çəkdi. Kənardan durub bu mənzərəni bir az seyr etdim. Yoldan ötənlər əl açmış anaya qəpik-quruş verib ötürdülər. Bu yaşda bir ananın, necə deyərlər, indi döşək üstündə oturub nəvə-nəticə ilə oynayan vaxtıdır. Lakin o, asfaltın üstündə oturub yoldan ötənlərə əl açaraq, “mənə çörəkpulu verin” deyirdi. Yaxınlaşıb salam verdim, halı ilə maraqlandım. Əvvəlcə duruxdu, sonra yazıq nəzərlərlə məni süzüb, sanki yaxın bir adamını görürmüş kimi dedi: “A bala, neyləyim, mənim bu yaşda dilənən vaxtım deyil ki… 4 övlad böyüdüb, boya-başa çatdırmışam. Amma nə olsun ki, bu gün Mingəçevirin küçələrində oturub özümə çörəkpulu dilənirəm. Mən də bilirəm, bu mənə yaraşan hərəkət deyil. Amma çarəsizəm, Yevlax rayonunun Mingəçevirə yaxın kəndlərindən hər səhər bura gəlib, özüm üçün pul dilənib, axşam da geri – xarabama qayıdıram”.

“Bəs dövlətimizin sizin üçün ayırdığı pensiyadan yararlana bilmirsiniz?” sualımıza çox hirslənən nənə dedi: “Ay bala, mən heç o pensiyanın üzünü də görmürəm, uşaqlar özləri alıb xərcləyirlər”.

Söhbət zamanı məlum oldu ki, müsahibimiz – Sona Əliyeva İran İslam Respublikasından Ağdama gəlin köçüb: “1992-ci ilə qədər Ağdamda yaşamışıq. Öz el-obamızdan didərgin düşəndən sonra Yevlax rayonuna köçdük. Həyat yoldaşım dünyasını dəyişəndən sonra övladlarım mənə baxmadılar. Bir insan kimi özümü evdə artıq hiss edirəm. Özüm də istəyirəm ki, Qocalar Evinə gedim. Amma yolunu tapa bilmirəm ki, hara gedim, kimə müraciət edim. Belə övladlarım olduğu üçün xəcalət çəkirəm. Heç olmasa, qalan ömrümü Qocalar Evində keçirərəm. Neyləyim, dünyaya özüm gəlməmişəm ki, istədiyim vaxtda çıxım gedim. Çox güclü qadın olmuşam, indi yaşımın o vaxtı deyil ki, əvvəlki kimi çalışım. Mən övlad çörəyi yemək istədim, amma qismət olmadı. İndi onlara yük olmamaq üçün buraya gəlmişəm”.

Sona nənə ilə sağollaşıb geri qayıdırdıq ki, bir nəfər bizə yaxınlaşıb dedi: “Bu qadınla hər gün rastlaşırıq. Amma bizim əlimizdən ona qəpik-quruş verməkdən başqa heç nə  gəlmir”. Esmira Hidayətova, Mingəçevir