
Dünən İtaliya Super kubokunun final qarşılaşması keçirilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdulla City” stadionunda təşkil olunan görüşdə son İtaliya çempionu “Yuventus” və ölkə kubokunun finalçısı “Milan” üz-üzə gəlib.
Görüş turinlilərin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 61-ci dəqiqədə Kriştino Ronaldo olub. Qarşılaşmanın 74-cü dəqiqəsində “Milan”ın futbolçusu Frank Kessiye qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, “qoca sinyora” qalib gələrək tarixində 8 dəfə İtaliya Super kubokunun qalibi adını qazanıb.
Bu komandalar ümumilikdə 174 dəfə qarşılaşıblar. Onların 65-də “Yuventus”, 49-da isə “Milan” komandası qalib gəlib. Komandalar İtaliya Super kuboku turnirində 2 dəfə qarşılaşıblar. Onların birindən “Milan” (2003-cü il), digərində isə turinlilər (2016-cı il) qalib ayrılıb. “Yuventus” səkkizinci dəfə İtaliya Super kubokunun finalında oynayır. İtaliya Super kuboku 1988-ci ildən təşkil olunur.