Qobustan Milli Tarix-Bədii Qoruğunun 50 illiyi qeyd edilir

436

Qobustan Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 illik yubileyi və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyi tamam olur. Bu əlamətdar günlərin qeyd edilməsi çərçivəsində yerli və beynəlxalq ekspert və alimlərin iştirakı ilə 13-14 iyun tarixlərində “Qobustan – Mədəniyyətlərin qovşağında qayaüstü İncəsənət” adlı Beynəlxalq konfrans keçiriləcək. “Rəsmi Qəbullar Sarayı”nda (Səadət Sarayı) rəsmi açılışı düzənlənəcək tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi və beynəlxalq elmi-əməkdaşlıq çərçivəsində Qobustan qoruğunun əməkdaşları tərəfindən apardığı sahəvi tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı keçiriləcək. Layihəyə əsasən ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açıb.

Həmin gün, Mədəniyyət və Turizm Nazirliyi, AMEA və Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobustan Milli tarix-bədii qoruğunda təntənəli yubiley tədbiri keçiriləcək.

Məlumat üçün bildirək ki, Qobustan qaya rəsmlərinin, mədəni landşaftının qorunması, tədqiqi və təbliği məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 nömrəli 09 sentyabr 1966-cı il tarixli Qərarı ilə Qobustan Dövlət tarix-bədii qoruğu yaradılıb və 1967-ci ildən fəaliyyətə başlayıb.

Hazırda Qobustan ərazisində 20 mağara və yaşayış yeri, tunc və sonrakı dövrlərə aid 40 kurqanda tədqiqat işləri aparılıb və öyrənilib. Nəticə olaraq, 1031 qaya üzərində çəkilmiş 6300-dən çox qayaüstü təsvir və 105 000 ədəd arxeoloji material qoruğun fonduna daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şəxsi səyi nəticəsində 29 iyun 2007-ci il tarixində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib və 2013-cü ildə Qobustan qoruğuna YUNESKO tərəfindən Dünya İrs Siyahısında olan çox az sayda tarixi ərazilərə şamil edilib “gücləndirilmiş mühafizə” statusu verilib.

Qobustan qoruğunda milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti “Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” 11 iyun 2007-ci il tarixli 2213 nömrəli Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2007-ci il tarixli Qərarı ilə qoruğa Milli qoruq statusu verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında Qobustan Milli qoruğunun ərazisində aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işləri nəticəsində yeni inzibati və muzey binası tikilərək istifadəyə verilib. 2012-ci ilin dekabr ayının 26-da cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə muzey binasının acılışında iştirak ediblər.

2012-ci ildə Portuqaliyanın Penofil şəhərində Avropa muzeylər forumunda təqdim olunmuş “Avropanın ən yaxşı muzeyi” nominasiyasında iştirak edən müxtəlif ölkələrin 51 muzeyləri arasında Qobustan Milli tarix-bədii qoruğu “European Museum of theYear Award” mükafatına layiq görülən 8 muzeydən biri olub.

2015-ci ildə Qobustan Milli tarix-bədii qoruğunun Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış “daş üzərində qədim yazılar” mədəni turizm marşrutlarına (PRAT-CARP) daxil edilib.

Qvami