– Haradan gəlirsən?
– Dominodan.
– Uduzdun?
– Yox, Kərim uduzdu. Deyirəm 2-3 manat pul ver, axşamlar gəlib sənə dərs deyim, domino oynamağı öyrədim. Amma o da razılaşmır ki, razılaşmır, elə hər gün uduzur mənə.
Təxminən 15 dəqiqə onları kənardan dinlədik, amma deyək ki, heç darıxmadıq. Həmin ağsaqqallar, demək olar ki, az müddətdə hər şeydən – işdən, işsizlikdən, domino, nərd oyunlarını necə həvəslə oynamaqlarından, rəqiblərini necə udduqlarından, sakinlərin etdiyi yaxşı və pis hərəkətlərdən, uşaqların dəcəlliyindən, cavanların şıltaqlığından, sağlamlıqdan, yeməklərin dadından, faydasından, paltarların keyfiyyətindən, keçmiş günlərindən, cavanlıqlarından danışdılar. Ağacların altında dincələn təqaüdçülər dünyada və ölkədə baş verən siyasi, ictimai, iqtisadi, kriminal hadisələr barədə, idman və mədəniyyət xəbərləri haqqında fikirlərini bildirib öz aralarında müzakirələr etdilər. Hətta ölkə prezidentinin əhaliyə göstərdiyi qayğıdan, şəhər icra hakimiyyəti başçısının və nümayəndələrinin şəhərə olan diqqətindən, Mingəçevirdə aparılan abadlıq və quruculluq işlərindən, MİS işçilərinin ərazilərdəki gündəlik nəzarətindən danışmağı da unutmadılar. Yaxınlıqdakı oturacaqda əyləşən başqa bir qoca da söhbətin maraqlı keçdiyini görüb onlara qoşuldu:
– Eşitdiniz də, gələn ildən pensiyalarımız artacaq.
– Doğrudan? Səni şad xəbər olasan.
– Hə, deyirlər, infilyasiya gedir. Təzə ildən təqaüdümüz qalxar yəqin. Prezidentimizin canı sağ olsun, bizləri unutmur.
– Elədir, elədir. Amma o yalançı əlillik qrupu ilə pensiya alanlarla 50 il şəhərdə palçıq tapdalayıb, daşı daş üstə qoyanlar arasında fərqi çox qoysalar yaxşıdır – deyə qocaların biri əlavə etdi və yəqin ki, oturmaqdan yorulduğundan əsasını da götürüb parkda gəzişməyə başladı. Lakin gəzə-gəzə də yoldaşları ilə etdiyi söhbətdən kənarlaşmadı.
Biz də bu ixtiyar insanlardan bir neçəsi ilə həmsöhbət olduq. 75 yaşlı Bəhram kişi: “Nə yaxşı ki, bu parkları, istirahət ocaqlarını salıblar”, – dedi və əlavə etdi: “Günümüzün çox hissəsi burada keçir. Sanki bura bizim iş yerimizdir. Hər gün müxtəlif insanlarla həmsöhbət oluruq. Amma bizi də narahat edən problem var. Baxın, necə gözəl yaşıllıqdır. Bu ağacların kölgəsi olmasa harda dincələ bilərik? Təəssüflər olsun ki, bu ağaclar vaxtlı-vaxtında suvarılmır. Baxmayaraq ki, hər tərəfimiz su içindədir. Bir də ki suyun çox olması arxın dərin olması demək deyil. Neyləyək, biz qocaları da hər bir problem maraqlandırır”.
Esmira Hidayətova, İlahə İsmayılova (”Mingəçevir” qəzeti)