“Qloballaşan dünyada “öz qazanında qaynamaq” yolverilməzdir”

492

Xəbər verdiyimiz kimi, 7-8 noyabr tarixlərində Bakıda “Multikulturalizm və teatr” mövzusunda IV Beynəlxalq Teatr Konfrans keçirilib. İki gün ərzində qonaqlar multikulturalizm dəyərləri ilə yaşayan Azərbaycan xalqının yaşam tərzi, düşüncəsi, adət-ənənəsi ilə daha yazından tanış olmaq imkanı da əldə ediblər. Konfransda iştirak etmiş xarici ölkələrinin nümayəndələrinin çıxışlarından, verdikləri müsahibələrdən aydın oldu ki, bu konfrans onların yaddaşında əbədi həkk olunmaqla yanaşı, müxtəlif ölkələrin teatrşünasları tərəfindən müasir teatrın problemlərinin həlli yollarının tapılmasında mühüm rol oynayacaq. Bəs bizim teatr xadimləri bu konfransı necə dəyərlərdirirlər? Elə bu sualla da Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərova müraciət etdik. Onun sözlərinə görə, respublika Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən həyata keçirilən konfrans Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası, qarşılıqlı teatr əlaqələrinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Beynəlxalq Teatr Konfransında dünyanın 40-a qədər ölkəsindən 140-dan artıq teatr mütəxəssisi iştirak edirdi. Mən də teatrşünas kimi, Beynəxalq Teatr Konfransında “YUĞ Teatrı: Şərqdə Qərb paradoksu” adlı məruzə ilə çıxış etdim. Məruzəmdə konfrans iştirakçılarını müstəqillik dövrü Azərbaycan mədəniyyətinin mühüm faktlarından olan YUĞ teatrı və onun yaradıcısı mərhum rejissorumuz Vaqif İbrahimoğlu haqqında məlumatlandırmaq, dünya teatr ictimaiyyətinin diqqətinin Azərbaycan teatrına yönəltmək məqsədini qarşıya qoymuşdum. Çünki qənaətimə görə, bir sıra obyektiv və subyektiv səbəblərdən dünyanın əksər ölkələrində Azərbaycan teatrı haqqında təsəvvür ya yoxdur, ya da kökündən yanlışdır. Ünsiyyətdə olduğumuz teatr mütəxəssislərinin əksəriyyəti Azərbaycan teatr sənətini Sovet dövrü Rusiya teatrının nüsxəsi kimi qavrayırdılar. Halbuki milli teatr prosesimiz heç də yekrəng deyil və teatr sənətimiz öz unikal təbiəti ilə dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr mütəxəssisləri üçün daha maraqlı ola bilər. Çox şadam ki, təxminən 30-dan artıq teatr mütəxəssisi YUĞ Teatrında nümayiş olunan “Medeya” və “Naməlum Axundzadə” tamaşalarına baxdılar və gördükləri mənzərədən, yumşaq desək, təəccübləndilər. Tamaşadan sonra teatrşünas, rejissor, aktyor, direktor və festival təşkilatçıları olan qonaqlarla müzakirədə onlar milli teatrımız haqqında təsəvvürlərinin dəyişdiyini etiraf etdilər. Onu da qeyd edim ki, Yuğ Teatrının “Medeya” tamaşası Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalına dəvət aldı. Texniki məsələlər həll olunarsa, Yuğ Teatrı gələn il bu nüfuzlu festivalda ölkəmizi təmsil edəcək”.
Elçin Cəfərov daha sonra dedi: “Bu sadəcə bir faktdır və heç şübhəsiz, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə reallaşan bu konfrans teatrlarımıza müxtəlif ölkələrin teatrları ilə qarşılıqlı ənəkdaşlıq əlaqələrinin qurulması üçün böyük imkanlar yaratdı. Bu məqamdan maksimum dərəcədə yararlanmalı və yaranan imkanları dəyərləndirməliyik. Qloballaşan dünyada öz qınına çəkilib heç kimi bəyənmənək, “öz qazanında qaynamaq” qətiyyən yolverilməzdir. Əgər teatrımızın inkişafını istəyiriksə, dünya teatrının təcrübələrindən faydalanmalıyıq. Şəxsən mən, bir teatrşünas kimi bəzi məruzələrdən çox şey öyrəndim. Bu konfrans bizlərə dünya teatr prosesinim ən yeni mərhələsində baş verən tendensiyalarla az da olsa tanış olmaq imkanı verdi ki, bu da olduqca əhəmiyyətlidir. Təbii ki, məruzələr arasında heç bir elmi və təcrübi əhəmiyyət kəsb etməyənlər də az deyildi. Bu isə onu göstərir ki, dəvət olunan qonaqların seçiminə daha diqqətli, güzəştsiz yanaşmaq və bu prosesdə yalnız və yalnız Azərbaycan teatrının mənfəətini gözləmək lazımdır. Elə hesab edirəm ki, konfransın formatı barədə də bir qədər düşünmək, ümumi plenar iclaslardan çox kompakt seksiylarda canlı müzakirələrə yer vermək daha səmərəli ola bilər. Çünki hər hansı teatr konfransının başlıca meyarlarından biri ünsiyyətdir, təfərrüatlara varmadan bir daha qeyd etmək istəyirəm ki, teatr xadimləri arasında canlı ünsiyyətin yaranmasına mane ola biləcək hər cür maneənin aradan qaldırılması növbəti beynəlxalq miqyaslı tədbirlərin təşkili zamanı prioritet məsələlərdən biri kimi nəzərə alınmalıdır”. O söhbətinin sonunda başda Mədəniyyət və Turizm Nazirliyi olmaqla IV Beynəlxalq Teatr Konfransının təşkilində zəhməti olan hər kəsə təşəkkürünü də bildirdi.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Azərbaycan teatrı BTİ (Beynəlxalq Teatr İnstitutu), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), IFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) kimi beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur. Ölkəmiz beynəlxalq teatr, musiqi və film festivallarına, simpoziumlara, müsabiqələr və digər tədbirlərə ev sahibliyi edir. Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və 56 xalq teatrı fəaliyyət göstərir.
Qvami Məhəbbətoğlu