“Qızlar məndə bu idman növünə sevgi yaratdı”

Azərbaycanda otüstü hokkey inkişaf etmiş idman növlərindən sayılır. Xüsusilə də qadınlardan ibarət komandalar daha yüksək nəticələr göstərib. Bu idman növündə özünəməxsus iz qoymuş insanlardan biri də Zümrüd Məmmədovadır. Azərbaycanın 21 yaşa qədər və əsas yığmalarının şərəfini qorumuş və bir çox mükafatlara sahib olmuş Məmmədova hazırda başqa sahədə işləyir. Onunla söhbətimiz kifayət qədər maraqlı alındı.

– İdmana necə gəlmisiniz?

– Mən lap uşaqlıqdan idmana maraqlıyam. Bakıda oxuyurdum. Bizim məktəbdə idman növləri ilə məşğul olan qızlar çox idi. Mən də basketbol oynamağa başladım.

– Niyə məhz basketbolla?

– Bizdə elə seçim imkanı yox idi. Bir voleybol idi, bir də basketbol. Mən də voleybolu istəmədiyimdən, basketbolla məşğul olmağa başladım. Açığı, basketbol çox xoşuma gəlirdi. Bu idman növünə 8 yaşımdan başlamışam. Məktəbimizin yığmasına cəlb olunurdum. Məktəb və rayon birinciliklərində çıxış edirdim. Deyim ki, bu elə də pis alınmırdı.

– Maraqlıdır ki, Azərbaycanda qızlar daha çox həndbol və digər növləri seçirlər. Amma sizdə bu fərqli alınıb…

– Bu barədə fikir demək çətindir. Bəlkə də həmin anda elə bir seçim imkanı olsaydı, idmanın digər növləri ilə də məşğul ola bilərdim. Digər tərəfdən, onu da etiraf etməliyəm ki, basketbol mənim ürəyimcə idi. Bu idman növünə bağlanmışdım. Lakin sona qədər basketbolla məşğul olmaq mənə qismət olmadı.

– Niyə?

– 2005-ci ildə komandamız artıq dağılmaq üzrə idi. Mən də basketbolda gələcəyimi görmürdüm. Ona görə də başa düşürdüm ki, gec-tez bu idman növüylə bağlılığıma son qoymalıyam.

– Bəs necə oldu ki, otüstü hokkeyə keçdiniz? Axı bu idman növlərinin hər hansı bağlılığı yoxdur…

– O vaxt otüstü hokkey komandasının məşqçiləri gəlib bir çox məktəblərdə idmanla məşğul olanlara baxır, məşqləri izləyirdilər. Bir dəfə məni də gördülər. Oyundan sonra məşqçi yaxınlaşıb təklif etdi ki, gəl otüstü hokkeyə. Düzü, buna təəccübləndim. Bu heç fikrimdən də keçməyən bir məsələ idi. Lakin basketbolla vidalaşacağımdan, özümü orda sınamaq qərarına gəldim. 2005-ci ilin avqustun 18-də ilk dəfə məşqə çıxdım. Məşqçilər bəyəndilər, elə mənim də xoşuma gəldi. Qərara gəldim ki, bu idman növünə bağlanım. Həm də burda perspektiv də çox idi.

– Çətin olmadı ki?

– Fiziki cəhətdən problem yox idi. Lakin yeni oyunun texnikasına, qaydalarına, taktikasına uyğunlaşmaq üçün vaxt lazım idi. Amma burdakı komanda yoldaşlarım, məşqçilərim məni çox gözəl qəbul etdilər. Uyğunlaşma prosesini də tezliklə arxada qoymağı bacardım. Qızlar məndə bu idman növünə sevgi yaratdı. Həm də düşünürdüm ki, burda böyük uğur qazana bilərəm. Otüstü hokkey Azərbaycanda bir nömrəli idman növü olmasa da, marağa və sevgiyə səbəb olur.

– Maraqlıdır, valideynləriniz etiraz etmədilər ki?

– Onlar həmişə mənə dəstək olublar. Valideynlərimin sayəsində əvvəldən idmana getmişəm. Lakin otüstü hokkeylə məşğul olmağımdan bir müddət xəbərsiz qaldılar. Evdə deyirdim ki, riyaziyyat dərnəyinə gedirəm. Bu fənndən üç alanda anam təəccüblənmişdi. Ancaq heç bir məsələ sona qədər sirr olaraq qalmır. Belə ki, məni  21 yaşadək hokkeyçilərdən ibarət yığmaya çağırdılar. O zaman yetkinlik yaşıma çatmadığım üçün xarici pasport almağıma görə valideynlərin razılığı olmalıydı. Evdə bu söhbəti açanda anam hirsləndi. Lakin atam dərhal mənə dəstək verdi. Onların fikrinin köklü surətdə dəyişdiyini də yaxşı xatırlayıram. Belə ki, Bakıda Rusiya yığması ilə qarşılaşırdıq. Onlar gəlib oyunumu izlədilər. Həmin görüşdə vurulan qollardan birinin müəllifi mən oldum. O an bir dönüş nöqtəsi oldu mənim üçün. Anam yəqin onda başa düşdü ki, mənim bu idmanda gələcəyim ola bilər. Bilirsiniz, onlar çəkinirdilər ki, təhsilimi axsada bilərəm. Lakin mən bunları birləşdirə bildim.

– İlk məşqçiniz kim olub?

– Mixail Pinkov. Ondan başqa, Svetlana Esaulova və Svetlana İşmamedovanın da üzərimdə zəhmətləri olub. Onlar mənim qabiliyyətlərimi yüksək qiymətləndirirdilər. Məni əvvəlcə sağ cinah yarımmüdafiəçisi mövqeyində sınamaq qərarına gəldilər. Lakin vaxt keçdikdən sonra hücuma çəkildim. Məşqçilər topla daha yaxşı rəftar etdiyimi və rəqibləri aldatmaq qabiliyyətimə görə bu qərarı vermişdilər. Yəqin ki, karyeram ərzində çox top vurmağım da bununla əlaqədar idi.

– Burdakı ilk ilinizdə Avropa çempionatının seçmə mərhələsinə yollandınız…

– Çox gözəl kollektivimiz var idi. Düzdür, ilk çıxışımız uğursuz alındı. Lakin bu idman növündə perspektimizi görürdük. Federasiyanın baş katibi Adil Paşayevin də qayğısını daim hiss edirdik. O vaxt “Atasport” klubunun şərəfini qoruyurduq. 4 dəfə Azərbaycan çempionu olmuşam.

– Bəs karyeranızın ən yüksək zirvəsi hansı olub?

– 2008-ci ildə Avstriyada 21 yaşadək qadınlar arasında Avropa çempionatının B divizionunun final mərhələsində mübarizə apardıq. Orada biz əla çıxış etdik. Rəqiblərdən daha güclü olduğumuzu aşkar surətdə göstərdik. Türkiyəni 11:0, Avstriyanı 3:1 və 1:0, Slovakiyanı isə 5:2 hesabları ilə məğlub etdik. Nəticədə sonda yarışın qalib olduq. Həmin an sevincimizin həddi-hüdudu yox idi. Çünki bu, qazanmağın mümkün olduğu böyük uğurlardan biri idi. 2010-cu ildə daha bir uğur əldə etdim. Qadınlardan ibarət yığmanın şərəfini qoruyurduq. Avropa çempionatından qayıdandan sonra aprelin 19-da mənə və daha dörd qıza idman ustası adı verildi.

– Ən çox yadınızda qalan qol hansı olub?

– Çox qol vurmuşam və bunları bir-birindən ayırmaq istəmirəm. Bu an üçün yadıma Türkiyəyə vurduğum qollar düşür.

– Nədənsə karyeranız burada qırılır…

– Bəli. Birincisi, mən belimdən zədə almışdım və həkimlər bir müddət idmandan uzaq qalmağımı məsləhət görmüşdülər. Eyni zamanda təhsilimlə də məşğul olmalıydım. Azərbaycanda Qərb Universitetini bitirmişdim. İngiltərədə isə ingilis dili və onun linqvistikası fakültəsini bitirdim. Maraqlıdır ki, idmandan uzaq qaldığım bir vaxtda mənə daha bir təklif gəldi.

– Təklif?

– Bəli. Avstraliyanın “Pil” klubu məni heyətində görmək istəyirdi. Düzü, müəyyən tərəddüd içində idim. Lakin ailəmlə məsləhətləşdikdən sonra təklifi rədd edib təhsilimlə məşğul olmağa qərar verdim. 2013-cü ildə yenidən otüstü hokkeyə qayıtdım. Klublararası Avropa çempionatında çıxış etdik. Lakin daha sonra həyatımda yeni bir səhifə açmağa qərar verdim.

– Maraqlıdır ki, otüstü hokkey sahəsində deyil, futbol federasiyasına üz tutdunuz…

– Həmin anda mənə o federasiyadan təklif yox idi. 2012-ci ildə Bakıda qadınlar arasında dünya çempionatı keçirilərkən AFFA-ya müraciət etdim. Onlar mənim idmançı olduğumu və ingilis dilini bildiyimə baxdılar. Söhbətləşmədən sonra yarışın təşkilat komitəsinə cəlb edildim. Yarış qurtardıqdan bir müddət sonra məni AFFA-ya işə cəlb etdilər. İndi burada qadın futbolu departamentində işləyirəm.

– Tam başqa sahədə işləmək sizə çətin deyil ki? Həm də nəzərə alsaq ki, Azərbaycanda qızlar otüstü hokkeyə həvəslə getdikləri halda, futbola o qədər böyük maraq göstərmirlər…

– Bu belədir. Lakin bu sahədə bir çox layihələr həyata keçiririk ki, onların marağı artsın. Buna müəyyən qədər nail olmuşuq da.

– Gələcəkdə yenidən otüstü hokkeyə qayıtmağı düşünürsünüzmü?

– Hərdən məşqçim deyir ki, qayıt. Lakin düşünürəm ki, daha bəsdir. İndi karyera qurmaq barədə fikirləşirəm. Diqqətimi işlədiyim sahəyə yönəltmişəm. Qeyd edim ki, otüstü hokkey yaxşı nəticələri ilə yenə diqqət çəkir. Ola bilsin ki, məni yenidən bu sahədə funksioner kimi görmək istəsinlər. Gələcəkdə hər şey ola bilər.

Ömər Əhmədov