Qızlar həyatlarında nəyi dəyişmək istəyərdilər?

738
Əslində hər bir insanın həyatında ikinci dəfə şans verilmə imkanı olsa, dəyişəcəyi və ya ümumiyyətlə, olmamasını istədiyi çox şey vardır. Bəs günümüzdə gənc qızlar öz həyatlarında nəyi dəyişmək istərdilər?
“Qadın psixologiyasını 30 ildir araşdırmağıma baxmayaraq, böyük suala cavab tapa bilmədim: əslində qadınlar nə istəyirlər?” (Ziqmund Freyd). Bu sualın cavabını bəzən heç qadınlar özləri də tapa bilmirlər. İllərdir aparılan sorğular və müşahidələr də buna sübut ola bilər. Əslində hər bir insanın həyatında ikinci dəfə şans verilmə imkanı olsa, dəyişəcəyi və ya ümumiyyətlə, olmamasını istədiyi çox şey vardır. Bəs günümüzdə gənc qızlar öz həyatlarında nəyi dəyişmək istərdilər? Onlar ailələrindən hansı məsələlərdə güzəşt umurlar? Qəribədir ki, eyni yaş dövründə olan qızların əksəriyyəti həyatlarında oxşar problemlərdən şikayətçidirlər və onları dəyişmək istəyirlər. Hər halda söhbətləşdiyimiz gənc xanımların fikirləri bizə bu qənaətə gəlməyə əsas verir… Yaşadığı cəmiyyəti dəyişmək

İlk müsahibimiz – 22 yaşlı Bahar Mürsəliyeva: “İmkanım olsaydı, ilk növbədə, yaşadığım cəmiyyəti dəyişmək istəyərdim”,-dedi. Buna səbəb isə onun fikirlərinin yaşadığı cəmiyyətlə çox vaxt üst-üstə düşməməsidir. Xüsusilə də, yaşadığı şəhərdə insanların qızlara olan münasibətindən narazı olan Bahar Mürsəliyeva onların anlayışlı olmalarını istədiyini qeyd etdi. Bundan başqa, əks cinsin nümayəndələrinin qızlara qarşı daha hörmətcil olmasının vacib olduğunu da vurğuladı: “Düşünürəm ki, qızlara qarşı olan bəzi fikirlərin dəyişməsi şərtdir. Universiteti bir il bundan əvvəl bitirmişəm. Məncə, təhsil sistemində də qızlara qarşı baxışda müəyyən dəyişikliklərin olması yaxşı olardı”.

O, qeyd etdi ki, xüsusilə tələbələrə imtahanlar zamanı güzəştli yanaşmanın olması çox yaxşı olardı: “Yəni imtahanlar zamanı bəzi tələbələr həddindən artıq stresli və aqressiv olurlar. Buna görə də müəllimlər daha yumşaq və ədalətli olsalar, daha yaxşı olar. Hal-hazırda magistraturada oxumaq üçün hazırlaşan Bahar gələcəkdə təhsil sistemimizin daha mükəmməl formada olmasını arzulayır. Bunlardan başqa gənc bir qız olan Bahar öz xarici görünüşündə də müəyyən dəyişiklər etmək istədiyini bildirdi. Belə ki, o, öz düz saçlarının əvəzində qıvrım saçlarının olmasını arzuladığını qeyd etdi. Bu onun ən böyük arzularından biri olduğunu da xüsusi vurğuladı.

Qızlarını tez ərə verən valideynlərin düşüncələrini dəyişmək istəyir

İkinci müsahibimiz Leyla Qardaşova 21 yaşındadır. Hal-hazırda universitet  tələbəsi olan Leyla da həyatında bəzi dəyişikliklərin olmasını arzulayır. O, ilk növbədə, yaşadığı mühitdən narazıdır. Daha müasir bir mühitdə yaşamağı arzu etdiyini bildirən Leyla dedi-qodu olmayan bir cəmiyyətdə yaşamaq istədiyini bildirdi. Əgər əlində şans olmuş olsaydı, universitetini də dəyişmək istədiyini qeyd etdi. Leyla da Bahar kimi, xarici görünüşündə dəyişiklik olmasını arzulayır. Baharın əksinə, o, öz qıvrım saçlarının əvəzində düz saçlarının olmasını arzulayır.

Hazırda həyatlarında böyük problemlərlə üzləşən gənc qızların içərisində ali təhsil almayanlar daha çoxdur. 21 yaşındakı Nərmin İsayeva həyatında ən böyük səhvinin təhsili ilə bağlı verdiyi qərarın olduğunu dilə gətirdi. Ali məktəbə sənəd verməsinə baxmayaraq, universitetə daxil ola bilməyən Nərmin bundan sonra ruh düşkünlüyü yaşayıb və bir daha buna cəhd etməyib. Bundan sonra dini təhsil almağı arzulayan bu qıza bu dəfə valideynləri icazə verməyiblər. Nərmin ən çox valideynlərinin dini təhsilə qarşı fikirlərini dəyişmək istədiyini vurğuladı. Bundan başqa, xüsusilə, rayon-kənd yerlərində qızları məktəbi qurtardıqdan sonra tez ərə verməyə çalışan bəzi valideynlərin bu düşüncələrini də dəyişmək Nərminin böyük arzuları arasındadır.

Kənddə yox, şəhərdə yaşamaq istəyir

23 yaşlı Nuranə Cəlilova da həyatında bir çox problemlərlə üzləşib. Bu problemlərin bəzilərinin həll olunmasının isə yalnız maddiyyatla bağlı olduğunu bildirən Nuranə ən çox hazırda yaşadığı evi dəyişmək istəyir. O, əgər imkanı olsaydı, daha böyük və rahat bir ev almaq istədiyini qeyd etdi. Bundan başqa, hazırda dövlət işində işləyən Nuranə bu işini də dəyişmək arzusundadır. Həm maaşın aşağı olması, həm də iş yerinin yaşadığı kənddə olmaması bunun ən böyük səbəblərindəndir. Gələcək həyatında öz şəxsi işini qurmaq istəyən bu gənc qız indi bunun üçün çox çalışdığını bildirdi.

21 yaşlı Ruqiyyət Davudovanın həyatında dəyişmək istədiyi ən önəmli şey adıdır. Buna səbəb isə adının müasir olmaması və bəzi insanlar tərəfindən bəzən çətin başa düşülməsidir. Ruqiyyət seçim imkanı olsaydı, kənddə yox, şəhərdə yaşamaq istədiyini də bildirdi.

 Başqa ölkədə yaşamaq, orada həyatını davam etdirmək…

Digər müsahibimiz Əminə Əflan qızının da 21 yaşı var. Əminə də həyatında bəzi dəyişikliklər etmək arzusundadır. İlk öncə o, başqa ölkədə yaşamaq, orada həyatını davam etdirmək istəyir. Oxuduğu universiteti dəyişmək onun da ən çox istədikləri arasındadır. Qrup yoldaşlarından və universitetdəki həyatından narazı olan Əminə əlində imkan olsaydı, başqa ölkədə yaşayıb, orada oxumaq istəyərmiş. Əminə də bir çox gənc qızlar kimi xarici görünüşündə müəyyən dəyişikliklərin olmasını istədiyini bildirdi. Ən çox boyunun qısalığından və çəkisinin azlığından narazı olan Əminə bir az daha hündür və daha çəkili olmaq arzusunda olduğunu qeyd etdi.

19 yaşlı Sevinc hal-hazırda ikinci kurs tələbəsidir və o da həmyaşıdları kimi həyatında olan müəyyən şeyləri dəyişdirmək istəyir. Ancaq digər qızlardan fərqli olaraq, o, xüsusilə, özündə müəyyən dəyişikliklər etməyi arzulayır. Sevinc xasiyyətində bəzi dəyişikliklərin olmasını istəyir. Həddindən daha çox diqqətcil olduğunu bildirən Sevinc bəzi insanlar kimi daha diqqətsiz və hər şeyi həddindən artıq ürəyinə salmayan bir insan olmaq istədiyini bildirdi. Bundan başqa, o da bəzi yaşıdları kimi oxuduğu universiteti və bəzi qrup yoldaşlarının dəyişməsini arzuladığını qeyd etdi.

 Bəzi şeylər vardır ki, biz onları heç vaxt dəyişə bilmərik…

Belə… Həyatda bəzi şeylər vardır ki, biz onları heç vaxt dəyişə bilmərik. Məsələn, insan hansı ailədə və ya hansı ölkədə doğulacağını seçə bilməz. Bunlar Allahın bizə verdiyi qismətdir və biz heç vaxt bunu dəyişə bilmərik. İnsan böyüdükcə onun ətrafında olan insanların sayı artır, müəyyən seçimlər etməyə başlayır. Bəzi seçimlər insanın öz əlindədir. Məsələn, heç kim dostunu başqasının təzyiqi ilə seçmir…

Bəzən isə insanlar həyatlarında etdikləri seçimlərdən peşman olsalar da, onları dəyişəcək cəsarətə sahib olmurlar. Əslində isə ən mühüm olan insanın nəyi istədiyini bilməsi və həmişə onun arxasınca getməsidir…

Xəyalə Sadıqova, Nərmin Haqverdiyeva