Qızıl yenidən sürətlə ucuzlaşmağa başlayıb

Dünən qızılın qiyməti cari ilin əvvəlindəki səviyyəyə düşüb. 
Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir ki, dünən bir unsiya (31 qram) qızılın qiyməti 967,94 manat (1 qram-31,2 manat) təşkil edib. Bu, 10 yanvar 2014-cü il tarixindən sonra qeydə alınan ən aşağı göstərici hesab olunur. Həmin tarixdə tarixində qızılın bir unsiyası 961,6 manata ( 1 qram-31,1 manat) bərabər olub. Son bir gün ərzində qızılın qiyməti 1,2% aşağı düşüb. Sentyabr ayının 11-də 1 unsiya qızılın qiyməti  979,27 manat olduğu halda dünən – sentyabr ayının 12-də 967,94 manata düşüb. Ümumiyyətlə sentyabr ayının əvvəlindən ötən 12 gün ərzində qızılın qiyməti 4% ucuzlaşıb. Məlumat üçün bildirək ki, qızılın qiymətində müşahidə edilən son 12 illik dəyişikliklərə nəzər saldığımız zaman belə görünür ki, qızıl 2012-ci ilə kimi heç vaxt ucuzlaşmayıb. 2002-ci ilin dekabr ayından 2011-ci ilin sonuna kimi qızılın qiyməti 5 dəfədən çox artıb. Qiymət artımı ən çox 2009-cu ildə qeydə alınıb – 51,9%. Belə ki, 2008-ci ilin dekabr ayının ilk günlərində qramı 25,6 dollardan satılan qızıl bir il sonra 38,5 dollara satılıb. Ən aşağı qiymət artımı isə 2008-ci ildə müşahidə olunub. Belə ki, 2008-ci il ərzində qızılın qiyməti cəmi 1,6% bahalanıb. Ancaq 2012-ci ilin əvvəlindən başlayaraq qızılın qiyməti aşağı düşüb və nəticədə il ərzində qızıl 5,1% ucuzlaşıb. Ancaq qızılın qiymət ötən il daha kəskin şəkildə aşağı düşməyə başlayıb. Qızıl 2013-cü il ərzində 18,3% ucuzlaşıb. Məlumat üçün onu da qeyd edək ki, ötən ilin aprel ayının 16-da, cəmi bir gün ərzində qızıl 9,1% ucuzlaşıb. 15 aprel tarixində qızılın 1 unsiyası 1204,9 manata ( 1 qram-38,8 manat) bərabər olduyğu halda, aprelin 16-da 1 unsiya qızılın qiyməti 1094,6 manatdək (1 qram 35,3 manat) aşağı düşüb.