“Qızıl toy”a baxıldı

Azərbaycan Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasına daxili baxış keçirilib. Bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydər olan əsərin quruluşçu rejissoru Yusif Əkbərovdur. Xatırladaq ki, “Qızıl toy” tamaşası Musiqili Teatrda sayca üçüncü səhnə həyatını yaşayır. Belə ki, əsərə ilk quruluşu 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. 1996-ci ildə verilmiş ikinci quruluşun müəllifi isə yenə Yusif Əkbərov olub.

1980-ci ildəki quruluşda Nəsibə Zeynalova (Ballı), Xanlar Muradov (Rəhim), Səyavuş Aslan, Atabala Səfərov (Qədir), Sona Həsənova (Aygün), Bəhram Əliyev (Azər), Məsumə Rzayeva (Züzü), İra Əliyeva (Əcnəbi qız) oynayıblar. 1996-ci ildə Ema Məlikova, Səmayə Musayeva (Ballı), Möylə Mirzəliyev, Xanlar Muradov (Rəhim), Bəhram Əliyev, Nadir Xasıyev (Azər), Güldanə Əzimova Kəmalə İsayeva, Rəna Səmədova (Aygun), Ramiz Məmmədov (Qədir), İzabella Şvets (Əcnəbi qız), Nahidə Orucova (Züzü) iştirak ediblər.

Sonuncu quruluşun müəllifi Yusif Əkbərov, tamaşa haqqında düşüncələrini bizimlə bölüşdü: “Əsər də, tamaşa da müasir zaman üçün aktualdır. Əsərin əsas qayəsində vətənə məhəbbət dayanır. Tamaşada da bunu insanlara aşılamağa çalışırıq. İctimai baxış uğurla keçdi. Premreya isə yeni mövsümdə təqdim ediləcək. Əminəm ki, “Qızıl toy” tamaşaçılar tərəfindən seviləcək”. Qeyd edək ki, tamaşanın hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlarından istifadə olunub.

Əsas rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlar – Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, (Aygün), Elvin Əliyev (Azər), Gülnarə Əzizova (Züzü), Yuliya Heydərova (əcnəbi qız), Svetlana Bulax (turist), Əliməmməd Novruzov, Ruslan Mürsəlov (turist), Elməddin Dadaşov (turist oğlan) iştirak edirlər.

Bu mövsümün sonunda təhvil verilən tamaşa, gələn mövsümün ilk premyerası olacaq.