Qızı yol qəzasında ağır xəsarət alan ata şikayətçidir

585

“Övladım Süleymanova Afaq İsa qızı 14 noyabr 2012-ci il tarixdə axşam radələrində N saylı hərbi hissənin hərbi qulluqçusunun idarə etdiyi “Nissan Tiana” markalı avtomobillə vurulmuşdur. Hadisə Bakı şəhəri, Hüseyn Cavid prospektində – “Beynəlxalq Bank”ın qarşısında baş vermişdir. Quliyev Türkəl Fərəc oğlu tərəfindən törədilmiş bu qəza nəticəsində qızım ağır dərəcəli bədən xəsarəti alıb. Lakin faktla əlaqədar hələ də cinayət işi qaldırılmır. İş materialları saxlanılmaqla törədilən cinayət ört-basdır edilir”. Bu ittihamları redaksiyamıza təşrif buyurmuş Bakı şəhər sakini, Çernobıl əlili İsa İsayev dilə gətirdi.

“Qızım iki gözündən kor ola və ölə bilər”
İ. İsayev işin onu qane edəcək səviyyədə araşdırılmamasından şikayətçidir: “Türkel Quliyev millət vəkili Fərəc Quliyevin oğludur. Mən hesab edirəm ki, dəfələrlə şikayət etməyimə baxmayaraq, bu işin dərindən araşdırılmamasının səbəbi də məhz bununla bağlıdır. Hara şikayət eləmişəmsə, heç bir əhəmiyyəti yoxdur. Ona görə də hadisənin bütün mexanizmi isti izlərlə açılmayıb. Düşünürəm ki, görüntülər yoxa çıxarılıb, hadisə yerində vaxtında heç bir tədbir görülməyib. Nəticə etibarilə işi saxtalaşdırıblar. Mənim uzun müddət şikayətimdən sonra Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi qızımın xəsarətini ağır dərəcəli bədən xəsarəti kimi qiymətləndirdi. Qızımın durumu ağırdır, kəllə-beyin travmasından aldığı ağır dərəcəli bədən xəsarəti nəticəsində ağır əməliyyat olunmalıdır. Respublikanın baş nevrocərrahının qoyduğu diaqnoza və verdiyi rəyə görə, əməliyyat yalnız Ukraynanın Kiyev şəhərində professor Şiqlov tərəfindən aparılmalıdır. Qızımın göz damarları, gözü yerinə oturmur. Beyindən gələn damarlar tutulub. Əks təqdirdə, qızım iki gözündən kor ola və ölə bilər. Qızım alim idi, ailəli idi, 2 uşaq anası idi, İqtisad Universitetində müəllim işləyirdi. Hazırda şikəst olub və heç bir fəaliyyət qabiliyyəti yoxdur. Qızımın əməliyyatına köməklik göstərilməsini və bu işin obyektiv şəkildə araşdırılmasını istəyirəm”.
İsa İsayev dedi ki, redaksiyamıza təşrif buyurub, problemi bir daha gündəmə gətirmək istəməsində məqsəd məsələni yenidən ictimailəşdirməkdir.

“Qızına hər cür kömək etməyimizi
minnətdarlıqla qarşılayırdı”
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəfin – oğlu haqqında ittihamlar səsləndirilən millət vəkili Fərəc Quliyevin də fikirlərini öyrəndik. Deputat: “Bu, 2012-ci ilə aid olan bir məsələdir və mən mətbuatda açıqlama vermişəm, ehtiyac varsa, həmin açıqlamanı sizə də göndərsinlər”,-cavabını verdi.
Deputatın adından göndərilən açıqlamanı qısa ixtisarla təqdim edirik: “Millət vəkili olaraq, 2012-ci ildə baş vermiş bir qəza ilə bağlı şantaja məruz qaldım və göründüyü qədər bu hələ də davam edir. Nəzərinizə çatdırım ki, 2012-ci ildə Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi. Onları müşayiət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrılmışdı. 14 noyabr 2012-ci ildə Sülhməramlı taborda İdman rəisi kimi xidmət edən oğlum Fərəcoğlu Türkel Fərəc oğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdi. NATO zabitlərini axşam saatlarında müvafiq yerə qoyub, avtomobillər hərbi hissəyə qayıdan zaman işıqfor, piyada keçidi olmayan bir halda piyada qəflətən kartejdə oğlum Fərəcoğlu Türkel Fərəc oğlunun idarə etdiyi avtomobilin qarşısına çıxmış, piyadanın təqsiri üzündən qəza baş vermişdir. Türkel yaralıya ilk tibbi yardım göstərib, Respublika Klinik Xəstəxanasına çatdırmışdır. Təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Fərəcoğlu Türkel Fərəc oğlunun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 2013-cü ilə qədər xəsarət alan Süleymanova Afaqın atası İsa İsayev Fərəcoğlu Türkelin günahkar olmadığını, buna baxmayaraq qızına hər cür kömək etməyimizi minnətdarlıqla qarşılayırdı, Polis İdarəsində Türkelin günahı olmadığından şikayəti olmaması ilə bağlı ərizə vermişdi. Lakin 2013-cü ildə mən bu məsələ ilə bağlı bəzi şəxslərin şantaj xarakterli görüş təklifindən imtina etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaq başladıldı. Buna heç bir əsas olmasa da, mən heç bir qaranlıq məqam qalmasın deyə, bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim, həm də xəsarət alan tərəfin mümkün olan bütün təfərrüatla tanış olmasını arzuladım. Çünki bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim. İkinci araşdırma zamanı da cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edildi. Şikayətlərlə bağlı hərbi prokurorluq tərəfindən də araşdırma aparılıb və faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar verilib. Mənim yeni təhqiqata etiraz etməməyimdən ruhlanan şantajçılar 100 min manat mənəvi və s. təzminat istəyi ilə mülki qaydada da Səbail Məhkəməsinə müraciət etmişlər. Lakin Səbail Rayon Məhkəməsi işə baxıb və heç bir əsası olmayan bu iddianı rədd edib”.

“Bütün köməkliklərin göstərilməsi
üçün köməkçimə tapşırıq verdim”
Deputat onu da nəzərə çatdırıb ki, İsa İsayev müxtəlif instansiyalara yazdığı şikayətlərdə onun qızının müalicəsinə yardım göstərilmədiyini yazır: “Türkel Fərəcoğlu hadisə zamanı zərərçəkənə ilk tibbi yardım göstərmiş, xəstəxanaya çatdırmışdır. Mən hadisə zamanı Brüsseldə “Avronest”in iclasinda idim, məlumat alan kimi hadisənin nə cür olmasından asılı olmayaraq, xəstəyə bütün köməkliklərin göstərilməsi və bunun davamlı olması üçün köməkçimə tapşırıq verdim – o anda xəstənin kim olması, adamları haqda təbii ki, heç bir məlumat yox idi. İnsanlıq borcu bilərək bir ay müddətində tərəfimdən bütün müayinə və müalicə əvvəl ilk yardım üçün çatdırılmış Respublika Xəstəxanasında, sonra isə 1 saylı Şəhər Kliniki Xəstəxanasında edildi, sonrakı ev şəratindəki ambulator müalicəni də yalnız mənim vasitəmlə aldı. Zərərçəkənə ilk tibbi yardım göstərib, xəstəxanaya çatdırmaq istənilən hadisə zamanı hər kəsin borcu olsa da, sonrakı mərhələdə səhlənkarlığı ucbatından xəsarət alan Afaq Süleymanovaya edilən yardımlar yalnız insani yanaşma idi. O, işə çıxana qədər bu yanaşma davam etdirildi. Bütün bu müddət ərzində İsa İsayev yalnız təşəkkürlərini bildirib. Şikayətlər isə yalnız yuxarıda göstərdiyim müddətdən başlayıb”.

Nicat İntiqam, Rasim Məmmədli