Qiymətlər… daha çox artıb

0
384

Bu ilin sentyabr ayı ərzində ölkədə muzdla işləyən işçilərin aylıq əmək haqqı 1 manat 80 qəpik və ya 0,3%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 29 manat 40 qəpik və ya 6,4% artıb. “Yeniavaz.az” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əmək haqqının artımı ərzaq məhsullarının qiymətləri ilə müqayisədə daha az artıb. Komitənin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4%, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4% bahalanıb. Oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% artıb. Rəqəmlərdən də göründüyü kimi, aylıq müqayisədə əmək haqqının artım tempi ərzaq məhsullarının qiymətindək artımla müqayisədə 7,6 dəfə az olub. İllik müqayisədə isə ərzaq məhsullarının qiymətindək artım əmək haqqının artım tempini 2 dəfədən çox üstələyib. Ötən illərin statistik göstəricilərinə nəzər saldığımız zaman açıq şəkildə görünür ki, əmək haqqının artım tempi istehlak məhsullarının və xidmətlərin qiymətlərindəki artımdan yüksək olub. 4 il əvvəl əmək haqqındakı artım tempi qiymətlərin artım tempindən 6,6 dəfə çox olub. Bundan başqa 2013-cü ilin sentyabr ayında muzdla işləyən işçilərin aylıq əmək haqqı əvvəlik ilin eyni dövrü ilə müqayisədə 6,9% artıb. Həmin ilin yanvar-oktyabr aylarında isə istehlak məhsullarının və xidmətlərin qiymətlərindəki artım əvvəlki ilin analoji dövrünə nisbətən 2,3% artıb. 2014-cü ildə bu göstəricilər müvafiq olaraq 5,7% və 1,6%, 2015-ci ildə isə 4,4% və 3,7% təşkil edib.
Ərzaq məhsullarının əksəriyyəti bahalanıb
Ay ərzində düyünün, unun, makaron məmulatlarının, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, şokolad və konfetlərin, qəhvə, çay və kakaonun, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, kartofun, kökün, çuğundurun, sarımsağın qiymətlərində bahalanma, almanın, limonun, naringinin, heyvanın, narın, xurmanın, soğanın, kələmin, balqabağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, ev üçün toxuculuq məmulatlarının, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalanma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin, ayaqqabıların, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtükləri, avtomobil təmiri xidmətlərinin, stomatoloji xidmətlərin qiymətləri bahalanma, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşma baş verib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Əhalinin xərcləri azalıb
Qeyd edək ki, 2016-cı il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayının 1 milyon 516,4 min nəfər olub və iqtisadi fəal əhalinin təxminən 1/3-ni təşkil edib. Belə olan halda muzdla çalışan işçilərin orta aylıq əmək haqqındakı artımın qiymətlərə nisbətən daha az artması artıq özünü xərcləmələrdə göstərməyə başlayıb. Statistika Komitəsinin məlumatına görə, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin yüksəlməsi səbəbindən əhali gəlirlərinin daha çox hissəsini istehlak xərclərinə sərf edib. Əgər 2015-ci ilin yanvar-sentyabr aylarında əhali gəlirlərinin 75,6%-ni istehlak xərclərinə sərf edibsə, bu ilin ilk 9 ayında bu göstərici 78,6%-ə yüksəlib. Bu da öz növbəsində əhalnin yığımlarının azalmasına səbəb olub. Ötən il insanlar gəlirlərinin 12,1%-ini əmanətlərin və kapitalın artırılmasına yönəltdikləri halda, bu ilin eyni dövründə bu göstərici 9,6%-ə düşüb. Nominal ifadədə qeyd etsək belə görünür ki, ötən ilin 9 ayı ərzindəki 30,1 milyard manatlıq gəlirin 3,64 milyard manatı yığıma yönəldiyi halda, bu ilin ilk 9 ayında 32,7 milyard manatlıq gəlirin 3,13 milyard manatı yığıma yönəldilib. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf edib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 50% olub. Toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunan vəsait ötən ilin ilk 9 ayında ümumi xərclərin 18,1%-ni təşkil etdiyi halda bu il 17,6%-nə bərabər olub. Bundan başqa ötən il ümumi xərclərin 6,5%-i avtomobil yanacağına xərcləndiyi halda bu il 5,7%-i xərclənib.
Orta aylıq əmək haqqı ən az Ermənistanda artıb
Məlumar üçün qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Ukrayna qərarlaşıb. MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə cari ilin ilk 9 ayında ayında Ukraynada orta aylıq əmək haqqı 24,4% artıb. 2016-cı ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqının məbləği Ukraynadan sonra ən çox Qırğızıstan və Qazaxıstanda yüksəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında bu ölkələrdə əmək haqqı müvafiq olaraq 13,4% və 11,7% artıb. Ən az artım Ermənistanda qeydə alınıb. Ermənistanda orta aylıq əmək haqqı ötən ilin ilk 9 ayı ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında cəmi 2,2% artıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı Belarusda 7,6%, Rusiyada 7,9%, Moldovada isə 8,6% artıb.
Rusiyada orta aylıq əmək haqqı 550 dollar, Tacikistanda isə 118 dollara bərabər olub
Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2016-cı ilin sentyabr ayında Rusiyada orta aylıq əmək haqqı 550 dollara (35 min 750 rubl) bərabər olub. Bu sahədə Rusiyadan bir pillə geri qalan Qazaxıstanda bu göstərici 407 dollar (138 min 591 tengə) təşkil edib. Qeyd etdiyimiz kimi Azərbaycan bu siyahıda 5-ci sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 288 dollar (490,5 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 388 dollar (185 min 270 dram), Belarusda 366 (714 rubl), Moldovada 247 (4 min 898 ley), Qırğızıstanda 203 (13 min 996 som), Ukraynada 195 (4 min 989 qrivn), Tacikistanda isə 118 dollara (924 somoni) bərabər olub.
Allahverdi Aydın