Qiymətlər bahalaşdı, nazirliyin yoxlamaları hələ ki, effekt vermir

583

Dolların gözlənilmədən bahalaşmasından sonra ölkəmizdə istehlak bazarında kəskin qiymət artımı müşahidə olunur. Baxmayaraq ki, rəsmi qurumlar bununla bağlı nəzarət tədbirləri görüldüyünü bildirirlər. Dünən İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti “Zaman-Azərbaycan”a bununla bağlı məlumat göndərib. Nazirlik bildirir ki, istehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir: “Aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb. Bu isə çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir”.

“Məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək”,-deyə nazirliyin yaydığı başqa bir məlumatda qeyd olunub.

Ancaq real satış bazarında dünən araşdırma apararkən tam fərqli bir mənzərənin şahidi olduq. Araşdırmalarımız zamanı məlum oldu ki, istehlak bazarında ciddi qiymət artımları var. Hətta bəzi satıcılar ümumi bahalaşmanın 30-50 faiz arasında dəyişdiyini bildirdilər…

Dünən vəziyyətlə yerindəcə tanış olmaq üçün bir neçə satış mərkəzinə üz tutduq. Məlumdur ki, Bakıda fəaliyyət göstərən meyvə və tərəvəz satışı mağazaları məhsulu iri topdansatış bazarlarından alırlar. Topdansatış bazarlarında qiymətlərin artımı satış mağazalarına da təsirsiz ötüşməyib.

Meyvə və tərəvəz satışı ilə məşğul olan Qabil Əliyev (ad-soyad şərtidir) dedi ki, bir neçə gün əvvələdək çəkisi 24 kiloqram olan 1 kisə kartofu 16,50 manata alırmış, lakin bu gün 21 manata alıb: “Bundan başqa, İran xiyarının 1 kiloqramını topdansatış bazarından 1 manata alırdıq, bu gün isə almışıq 1,60-a. Bu, hələ bizə verilən qiymətdir. Məlumdur ki, biz də həmin məbləğin üstünə qoyub satmalıyıq ki, qazancımız olsun”.

Q. Əliyev qiymətlər bahalaşmamışdan əvvəl 18,5 kiloqram bananı 37,50 manata aldıqları halda, bu gün 39,50 manata aldıqlarını söylədi. Soğanın da qiyməti bahalaşıb. Belə ki, mağaza sahibləri topdansatış bazarında çəkisi 30 kiloqram olan 1 kisə soğanı 11,50 manata alırlarmışsa, bu gün 17,50 manata alıblar. Yerkökünün 1 kiloqramı əvvəl 90 qəpik olduğu halda, bu gün 1,35 manat olub. Satıcılar bunun hələ topdansatış qiyməti olduğunu, özlərinin də satan zaman əlavələr edəcəklərini söylədilər.

Hazırda kələmin də qiyməti bahalaşıb. Belə ki, əvvəl satıcılar kələmin 1 kiloqramını topdansatış bazarından 45 qəpiyə alırdılarsa, hazırda 70 qəpik olub. Mağazalarda isə bu məbləğin üzərinə, təbii ki, 20-30 qəpik də əlavə olunacaq.

Satıcılardan öyrəndik ki, apelsinin topdansatış qiyməti əvvəl 1,20 manat imişsə, bu gün mağazalara 1,60 manatdan paylanıb.

Başqa bir meyvə-tərəvəz mağazasında həmsöhbət olduğumuz satıcı da bahalaşmada onları ittiham etməyin yersiz olduğunu söylədi: “Əgər bizə məhsul əvvəlkindən baha qiymətə verilirsə, biz onu aldığımızdan necə ucuz sata bilərik?”

Satıcı Türkiyədən gətirilən mandarini əvvəl 1,70 manata aldıqları halda, bu gün 2,20 manata aldıqlarını söylədi: “Təkcə yerində 50 qəpiklik bahalaşma var. Bura mağazanın da satış qiymətini əlavə edəndə qiymət vurub çıxır kəlləçarxa”.

Bahalaşanlar arasında limon da var. Satıcılar əvvəllər limonun 66 ədədini topdansatış bazarından 13,50 manata aldıqları halda, bu gün qiymətin 16 manat olduğunu söylədilər: “Biz də bu artıma görə öz satış qiymətimizi müəyyənləşdirəcəyik. Bir daha deyirəm, qiymətlər topdansatış bazarında bahalaşıb və bizə mal bu qiymətlərə paylanır. Satıcını ittiham etməyin mənası yoxdur, məsələ kökündə həll olunmalıdır”. Marketlərdə və mağazalarda ərzaq məhsullarının qiymətində də fərqlər var. Siqaretin qiymətində də ciddi bahalaşma var. Bundan başqa, rayonlarda bir neçə gün əvvələdək unun 1 kisəsi 16 manat idisə, indi 22 manatdır.

Bəs bahalaşma ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə sadə vətəndaşlar tərəfindən müraciətlər çoxalıbmı? Mövzu ilə bağlı suallara cavab almaq məqsədi ilə qurumun 012-498-15-04 nömrəli “qaynar xətt”inə müraciət etdik. Xidmətdən bildirdilər ki, həm rayonlardan, həm də Bakıdan quruma müraciətlər kəskin artıb. Ən çox şikayətlər də məhz istehlak bazarında qiymət artımının müşahidə olunması ilə bağlıdır: “Son iki gündə müraciətlər xeyli çoxalıb. Konkret mağazalardan, ünvanlardan şikayət edənlərin sayı bu gün 40 nəfər, ümumi zəng edənlərin, maraqlananların sayı isə bundan da çox olub. Srağagün də eyni vəziyyət olub”.

Dövlət Xidmətindən “Zaman-Azərbaycan”a onu da bildirdilər ki, rayonlardan da zəng vurub şikayət edənlərin, ümumi vəziyyətin necə olacağı ilə maraqlananların sayı artıb.

Onu da öyrəndik ki, şikayətlər süni qiymət artımı ilə bağlı olsa da, şikayət motivləri fərqlidir: “Bəzi vətəndaşlar zəng vurub deyirlər ki, filan mağazada açıq-aşkar qiymətin 15-20 faiz bahalaşması barədə xəbərdarlıq vurulub. Bəziləri deyirlər ki, vitrində qiymətlər eyni saxlanılsa da, kassada artıq pul yazılır, bəziləri şikayət edirlər ki, 2-3 gün əvvəl qiymətə baxıb bu gün evə hansısa əşya almağa gediblər, amma fərqli qiymət görüblər və s. Yəni ümumilikdə şikayətlər çoxalır”.

Dövlət Xidmətinə kredit ödənişlərində yaranmış problemlərlə bağlı şikayətlər də artıb: “Bəzi vətəndaşlar bildirirlər ki, son günlərə qədər dollarla götürdükləri krediti manatla 78 manat ödəyirdilərsə, bu gün 104 manat tələb olunub. Bu məsələlər isə bankla vətəndaş arasında bağlanmış müqavilədə öz əksini tapır, yəni məsələ ona görə həll olunmalıdır”.

“Müraciət və şikayətlərlə əlaqədar konkret nə kimi tədbirlər görülür?” sualımıza Dövlət Xidmətinin əməkdaşı belə cavab verdi: “Süni qiymət artımları ilə bağlı şikayətlərin hər biri İstehlak Bazarına Nəzarət Şöbəsinə yönəldilir və araşdırılır. Hər biri ilə bağlı konkret araşdırma aparılıb, tədbir görüləcək”.

Belə… Hazırda bazarda ajiotaj və qeyri-müəyyənlik davam edir. Baş verənlərdən belə başa düşmək olar ki, bu bahalaşmanın qarşısının alınması çətin olacaq. Çünki qiymət aşağılara – istehlak bazarına gəlib çıxana qədər bahalaşır. Təxminən “balıq başından iylənər” söhbəti…

Nicat İntiqam