… Qiyməti artanda dərd verir o da

536

Amma bu ona çox baha başa gəlir. Belə ki, bazarlığın ertəsi günü onu başına qoyub Əmircandan Bakıya yollanan sənətkar Rəssamlar İttifaqının evinə girər-girməz həmkarlarının məqsədli təbriklərinə tuş gəlir. Həyətə toplaşan bir dəstə rəssam onu təzə kepka alması münasibətilə “təbrik” edir və bunu yumağın zəruriliyini ona eşitdirirlər. O, axşam tərəfi qonaqlıq verməyi boynuna götürür. Səttarın verdiyi qonaqlığın səsi dərhal o biri rəssamlara da çatır. Onlar da fürsəti əldən verməməyə çalışırlar. Beləliklə ertəsi gün onu həyətdə rəssamların başqa bir dəstəsi qarşılayır. Onlar da öz növbəsində Səttarın başına qoyduğu bəyaz kepkanın təzəliyini rəssamın nəzərinə çatdırır, onu bu münasibətlə “təbrik” edir və bunu qeyd etməyin vacibliyini ona çatdırırlar. Təbiətən əliaçıq olan Səttar da yeni təbriklərin səmimiliyinə inanıb bu dəstəni də axşam yeyib-içməyə dəvət edir. Üçüncü gün də əvvəlki iki gündə baş verənlər təkrar olunur. Bu dəfə Səttar yeni təbrikləri qəbul etmək istəmir və deyir ki, artıq iki dəfə qonaqlıq verib. Üçüncü dəstənin nümayəndələrindən biri əlavə edir ki, bizim heç birimiz əvvəlki qonaqlıqlarda iştirak etməyib. Naəlac qalıb bu dəstənin də qarnını doyurmağa razı olan rəssam deyir: “Mən başa düşə bilmirəm bu necə işdir? Cəmisi 1 rubl 20 qəpiyə kepka almışam, iki qonaqlığa çəkdiyim xərc isə artıq 200 rublu keçib”. Yanındakılardan biri bunun qarşılığında “Səttar, axı sən elə belə şeyi yox, qeyrət rəmzini yuyursan! Belə işdə simiclik etmək olmaz! – deyir. Bu əhvalata yazımın sonunda bir də qayıtmaq ümidilə keçək əsas mətləbə.

Bəli, bu ayın 16-da Tarif (Qiymət) Şurasının yeni su tarifləri qüvvəyə mindi. Sizi bilmirəm, mən bu artımı lap çoxdan gözləyirdim. Nədən ki, hər dəfə filan şey “su qiymətinədir” ifadəsini eşidəndə başımdan tüstü çıxırdı. Yəni həyat mənbəyi hesab edilən suyun bu qədər ucuzlaşdırılması ilə heç cür barışa bilmirdim. Nə yaxşı ki, suyun məndən çox təəssübkeşliyini çəkənlər, yəni “Azərsu” ASC-nin rəsmiləri od ilə su arasında qalmadılar və bu artımla həmin ifadəni aradan qaldıra bildilər. Bundan belə həmin ifadə suyu sovrulmuş dəyirmana oxşayacaq. Görüm, indi bu camaat həmin ifadədəki “suyu” nə ilə əvəz edəcək? Sözün düzü, buna görə çox narahatam. Mən biləni, daha məmləkətimizdə elə bir nəsnə qalmayıb ki, qiyməti artmasın. Elə bu səbəbdən, zənnimcə, belə bir ifadə daha işlənməyəcək. İndən belə kimsə ulu Nizaminin “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da” beytindən də eninə-uzununa istifadə etməyəcək. Amma güman edirəm ki, suyu üfürə-üfürə içənlər həmin misraları: “Bir inci saflığı varsa da suda, Qiyməti artanda dərd verir o da” kimi işlədəcəklər. Bununla da xalq yaradıcılığımız həmin artımdən bəhrələnmiş olacaq. Amma bəzi oxucularımdan gözüm su içmir, qorxuram ki, onlar məni suyu bulandırmaqda günahlandıralar. Amma buna cəhd etməsinlər, çünki sudan quru çıxmağı bacaranlardanam. Həm də su bardağının suda sınacağına şübhə edənlərdənəm. Uzun sözün qısası, artıq neçə gündür ki, su ilə rəftarımı dəyişmişəm. Məsələn, odu su ilə söndürmürəm, səfərə çıxanımın dalınca su atmıram, yeri gəldi-gəlmədi əl-üzümü, yumuram, ağzıma su alıb dayanmıram, hər yetənə su vermirəm. Bununla da artırılmış qiymətin yerini doldurmağa çalışıram. Yəqin deyəcəksiniz ki, bunun başına hava gəlib. Yaxud da ərz edəcəksiniz ki, biz nə hayda, bu nə hayda? Heç belə bir atəşfəşanlığın, yaxud dilxoşluğun yeridir?

Hə, indi də gələk yuxarıda ərz etdiyim əhvalata. Çünki artıq onun yeri görünür. Hə, mən də məni suallara tutanlara belə deyirəm: “A kişilər, elə-belə şeyin yox, bu dəfə suyun qiyməti artıb, su da ki həyat mənbəyidir. Belə işdə simiclik etmək, yaxud dilə gəlmək olmaz”. Nə isə, əliniz cibinizdə, suyun artımı qədər deyil, sucan ömrünüz olsun”.