“Qiymət tənzimlənməsinə, ilk növbədə, həyati vacib dərmanlardan başlanılıb”

0
356

“İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq”.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavinin sözlərinə görə, ilkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib.

E. Ağayev bildirib ki, Səhiyyə Nazirliyində “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib: “Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan olunması, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir”.

Nazir müavini qeyd edib ki, mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur: “Eyni zamanda tədbirlər planında dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin qəbulu üçün Elektron səhiyyə, “Qaynar xətt” və digər vasitələrlə gələn müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi və sair tədbirlər nəzərdə tutulub. Səhiyyə Nazirliyi bu və digər istiqamətlərdə zəruri tədbirlərin icrasını davam etdirəcək. Səhiyyə Nazirliyinin qarşısında qoyulmuş hədəflərə çatmaq üçün bizim ixtisaslı kadrlarımız və müasir texniki potensialımız var”.

Tarif Şurası qiyməti ucuzlaşdırılan dərmanların siyahısında tələbat çox olanların azlıq təşkil etməsinə dair iddialara münasibət bildirib

“Ölkədə 4 500-dən çox dövlət qeydiyyatına alınmış dərman vasitəsi var və bu dərman vasitələrinin dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarı müxtəlif olduğundan qiyməti tənzimlənəcək dərman vasitələrinin sayı qeyd olunan rəqəmdən də çoxdur.

Bu baxımdan ilk növbədə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə müəyyənləşdirilib və qiymət tənzimlənməsinə həmin təsiredici maddələrə malik dərmanlardan başlanılıb”. Bunu Tarif Şurasının Katibliyindən bəzi ekspertlərin 250-dən çox dərman vasitəsinin siyahısında həyati vacib və daha çox tələbat olan dərmanlar azlıq təşkil etməsinə münasibət bildirərkən deyiblər.

Katiblikdən bildirilib ki, həmin 25 təsiredici maddə üzrə ölkəmizdə 600-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb ki, bu da 1 təsiredici maddə üzrə orta hesabla 24 dərman vasitəsi deməkdir: “Yəni həmin tərkibli dərman vasitələrinə tələbat daha çoxdur”.

“Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti tənzimlənənədək davam edəcək”

Növbəti mərhələdə Səhiyyə Nazirliyi ilə birlikdə həyati vacib və daha çox tələbat olan digər təsiredici maddələrin siyahısı müəyyənləşdiriləcək və həmin təsiredici maddələrə malik dərmanların qiyməti tənzimlənəcək. Bu barədə Tarif Şurasının Katibliyindən bildiriblər.

Katiblikdən qeyd olunub ki, bu qayda ilə proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti tənzimlənənədək davam edəcək: “Qeyd olunduğu kimi, 25 təsiredici maddə üzrə 256 dərman vasitəsinin qiyməti təsdiqlənib, həmin tərkibli digər dərmanların qiymətlərinin tənzimlənməsi avqust ayının sonunda həyata keçiriləcək və Tarif (qiymət) Şurasının qərarında göstərildiyi kimi, bu tərkibli dərman vasitələrinin hamısının qiyməti eyni vaxtdan, yəni 2015-ci ilin 15 sentyabr tarixindən qüvvəyə minəcək”.

Azərbaycanda dərmanların qiymətinin hansı prinsiplərə əsasən tənzimləndiyi açıqlanıb

Dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur. Katiblikdən qeyd edilib ki, elan olunduğu kimi, metodologiyaya əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi bazis qiymətlər əsasında həyata keçirilir: “Hər bir dərman vasitəsinin təsiredici maddəsi, dozası, ticarət qablaşdırması və qablaşdırmadakı miqdarına görə ən azı 10 ölkə üzrə qiymətlərin müqayisəsi aparılır. Bu iş vaxt və məsuliyyət tələb edən proses olduğu üçün, qeyd olunduğu kimi, mərhələli şəkildə həyata keçiriləcək və qiymətlər təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı rəsmi internet saytımızda yerləşdiriləcək”.

Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında dərman vasitələrinin ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here