Qiymət artımına start verildi

0
564

“Azərbaycanda istehsal olunan quş ətinin qiyməti hələ ki, dəyişməsə də yumurtanın qiyməti artıq 25 faiz artıb”.

Bunu “Report”a Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib. O bildirib ki, bu günə kimi müəssisələrdə yumurtanın qiyməti 11 qəpik idisə, bu gündən 14-15 qəpiyə satılacaq: “Yumurtanın qiymətində hazırda 25 faiz artım var. Qiymətin daha da qalxacağı, yaxud azalacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Bu, iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq. Hazırda toyuq ətinin qiymətləri hələ ki, 2 manat 40 qəpiklə, 3 manat 5 qəpik arasındadır. Bu fərq məhsulun qablaşdırılmasından asılıdr”.

A.Vəliyev xatırladıb ki, quşçuluq müəssisələri istehsal üçün lazım olan bütün xammalı, avadanlığı xaricdən gətirir: “Müəssisələr üçün lazım olan dərman preparatlarının, yem əlavələrinin, lazım olan avadanlığın 100 faizi başqa ölkələrdən alınır. Yemin isə 80-85 faizi xaricdən gətirilir. Qarğıdalı, buğda və arpanın sadəcə 10-15 faizi yerli məhsul hesabına təmin olunur”.

A.Vəliyevin sözlərinə görə, məsələni həll etmək üçün ilk növbədə yem problemi həll olunmalıdır. Onun sözlərinə görə, müəssisələrə yem istehsal edə bilmələri üçün torpaq sahələri ayrılarsa, problemi çözmək olar. O, bildirib ki, bu məsələ ilə bağlı illərdir müvafiq qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb: “Quşçuluq müəssisələrinə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq orqanlarla danışıqlarımız bu gün də davam edir. Amma hələ ki, nəticə yoxdur. Bu, uzun bir prosesdir. Torpaq sahələrinin çoxu şoranlaşıb, üzərində qeyri-qanuni tikililər var, həmin ərazilərə işıq, su çəkilməlidir və s. Bütün quşçuluq müəssisələrinin müəyyən qədər torpaq sahəsi olarsa, yem problemini aradan qaldırmaq olar”.

A.Vəliyev onu da bildirib ki, hazırda quşçuluq müəssisələrinin ən böyük problemləri kreditlərlə bağlıdır. Cəmiyyət sədrinin sözlərinə görə, müəssisələrin inkişafı üçün onlara verilən kreditləri ödəyə bilmədiklərindən banklarla aralarında problem yaranır: “Müəssisələrin götürdükləri kreditləri verə bilməməsi daha çox bazar darlığı ilə bağlıdır. İstehsal etdikləri məhsulu bazarda sata bilmirlər, çünki yerli bazarda olan məhsulun beşindən ikisi xaricdən gətirlən donmuş toyuq ətidir. Bu səbəbdən də quşçuluq müəssisələrinin anbarlarında minlərlə ton satılmayan məhsul toplanır”.

Məişət avadanlıqları və

elektronika malları bahalandı

Azərbaycanda milli valyutanın dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından sonra Bakı şəhərində fəaliyyət göstərən məişət avadanlıqları və elektronika mallarının satışı mağazalarında kütləvi şəkildə qiymətlərin artırılması prosesi müşahidə olunur. “Report” agentliyinin analitik qrupunun paytaxtda keçirdiyi monitorinq nəticəsində məlum olub ki, dekabrın 21-də, günün birinci yarısında 899 manata satılan “Samsung Note 5” smartfonunun satış qiyməti növbəti gün 1 349 manat, 699 manata olan “Samsung S 6” – 1 049 manata, 799 manatlıq “Samsung S6 edge” – 1 199 manata kimi artırılıb. Sadalanan qiymətlər bazarın bu seqmentində lider şirkətlərdən olan “Baku Electronics” şəbəkəsində qeydə alınıb.

Bundan başqa, həftənin bazar ertəsi 299 manata təklif olunan “Samsung J 500” isə 399 manata, ən sadə, 99 manata olan telefon modelinin qiyməti isə 149 manata çatdırılıb. Bununla yanaşı, sadə planşetlər 229 manatdan 349 manata, 799 manata olanlar isə 999 manata kimi bahalaşdırılıb.

Eyni zamanda, dəyəri dolların məzənnəsinin bahalaşmasından öncə 1 200 manat təşkil edən “Siemens” markalı qabyuyan maşın artıq 1 500 manata satılır.

Qeyd edək ki, dekabrın 21-də təxminən saat 15:00-a qədər “Baku Electronics”də 30 min manat dəyərində məişət texnikası satılıb. Baxmayaraq ki, bu, həftənin bazar ertəsi olub, satışın həddi həmin gün üçün rekord həddə çatıb. Müqayisə üçün bildirək ki, adi günlərdə isə satışın həcmi 5 min manata qədər olub.

Qiymətlərin qaldırılması ilə bağlı sualın cavabını “Baku Electronics” işçiləri tədarükçülərdə axtarmaq lazım olduğunu qeyd edir: “Bizə tədarükçülər məhsulların yeni qiyməti ilə bağlı siyahı təqdim edib və satış qiymətlərini buna uyğun dəyişirik”.

Qeyd edək ki, dekabrın 18-də “Music Gallery”nin (MG) bütün mağazalarında 20%-lik endirim aksiyasına başlanılmışdır, artıq həmin endirim qüvvədən düşüb. Bundan başqa, mağazalar şəbəkəsinin internet saytı da fəaliyyətini məhdudlaşdırıb.

MG şəbəkəsinə məxsus mağazalarda dekabrın 21-də manatın məzənnəsi düşməzdən öncə 1 198 manata satılan ekran ölçüsü 50 düyüm olan “Sony” LED televizoru indi 2 599 manata, 48 düyülük “Samsung” LED televizoru – 1 079 manatdan 3999 manata qədər bahalaşdırılıb. Habelə, əvvəlcə 1 700 manata satılan AER markalı paltaryuyan maşın indi 3 399 manata, 999 manatlıq “Bosch” markalı paltaryuyan 1 245 manata “Sharp” (nofrost) soyuducusu 1 949 manatdan 1 960 manata, “Hitachi” isə 1 419 manatdan 1 499 manata qaldırılıb.

Siqaretin qiyməti

qaldırılıb

Azərbaycanda topdan satış firmaları siqaret və tütün məmulatlarının yeni satış qiymətlərini müəyyən edib. Yeni qiymətlərin əks olunduğu cədvəllər artıq bütün topdan və pərakəndə satış həyata keçirən obyektlərə paylanılıb. Sahibkarlar bildirib ki, dolların üzən məzənnəyə keçməsi ilə firmalar siqaret və tütün məmulatlarının qiymətini qaldırıb: “Siqaret paylayan firmalar bildirir ki, bu gün bazarda olan əksər siqaretlər xarici ölkələrdən gətirilir. Lakin tütün məmulatlarının və spirtli içkilərin satılması üçün verilən lisenziyaların ləğv edilməsi xaricdən gətirilən siqaretlərin qiymətlərinin bundan sonra süni şəkildə artırılmasının qarşısını alacağını düşünürük”.

Dekabrın 21-də Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində Bakı şəhərində yerləşən kosmetika və parfyumeriya məhsullarının pərakəndə satış şəbəkəsinə qiymətlərin kəskin artırılmasına ciddi hazırlıq gedir.

“Qiymət artımının qarşısını almaq mümkün deyil”

“Ideal Parfumery&Cosmetics” mağazalar şəbəkəsində devalvasiya səbəbindən bütün mövcud endirim kampaniyaları dayandırılıb. Mağazalarda Yeni il münasibəti ilə dekabrın 11-dən keçirilən son kampaniya isə dekabrın 21-də tamamlanıb. “İdeal”ın satıcıları qeyd ediblər ki, dolların bahalaşması səbəbindən rəhbərlik bütün kampaniyaları dayandırıb: “Qiymətlər ilin sonuna kimi artırılmayacaq. Lakin ilin əvvəlində məzənnənin sabit qalacağına əmin deyilik. Yəni, dollar daha da bahalaşarsa, indiki qiymətləri yenidən dəyişdirməliyik. Bundan sonra mağazada endirim və ya hədiyyə kampaniyası hələ nəzərdə tutulmur. Gələn il də çox güman ki, olmayacaq. Rəhbərlik qiymətləri biraz balanslaşdırmağa çalışır. Amma qiymət artımının qarşısını almaq mümkün deyil. Məsələn, bir ətirin qiyməti indi 87 manatdır, yeni məzənnə ilə 120-130 manat olmalıdır. Bu qiymətə isə kimdir ətir alan?”.

Eyni zamanda bildirilib ki, “İdeal”da alıcılar üçün nəzərdə tutulan bonus kartları əvvəlki kimi etibarlıdır.

Monitorinq zamanı məlum olub ki, “Sabina Parfumery&Cosmetics” mağazalar şəbəkəsində də satış qiymətlər dəyişməyib. Mağazalarda sonuncu endirim kampaniyası dekabrın 5-9-da keçirilib. Mağaza satıcılarının sözlərinə görə, devalvasiyadan əvvəl şəbəkə üzrə hər ilin sonunda endirim və hədiyyə kampaniyaları keçirilib: “Əvvəllər mağazada qiymətlər elə də ucuz deyildi, tez-tez kampaniyalar keçirdiyimiz üçün müştərilər hər zaman bundan razı qalıb. Lakin indi müştərilər həm qiymətlərdən narazıdır, həm də hədiyyə və endirim kampaniyasının olmamasından. Qiymətləri tənzimləmək üçün gələn ilin əvvəlinə qədər heç bir kampaniya olmayacaq. Yeni qiymətlər isə yeni ildən müəyyənləşdiriləcək”.