Qiymət artımı: Təbii prosesdir, yoxsa vəziyyətdən sui-istifadə edənlər var?

111

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə istehlak qiymətləri 2020-ci ilə nisbətən 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,8 faiz artıb. 2021-ci ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin dekabr ayına nisbətən 12 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 15,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10 faiz yüksəlib.

Ölkədə hələ 2020-ci ildə ərzaq məhsulları üzərində start götürən qiymət artımı dünya bazarlarında qida məhsullarının bahalaşması ilə izah olunurdu. Lakin rəsmi statistikadan da göründüyü kimi, qiymət artımı ərzaqla bərabər, qeyri-ərzaq məhsullarını və xidmət sahəsini də əhatə edib.

Qiymət artımlarının arxasında obyektiv səbəblər dayanır, yoxsa vəziyyətdən sui-istifadə edənlər var?

Əvvəlcə ondan başlayaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünya bazarlarında ərzaq məhsullarının qiyməti 2021-ci ildə 28,1 faiz artımla son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, FAO-nun Ərzaq qiymətləri indeksində bütün alt kateqoriyalar 2021-ci ildə kəskin şəkildə artıb. Taxılın qiymət indeksi orta hesabla keçən il 27,2 faiz artımla 131,2-yə çatıb. Bitki yağının qiymət indeksi 65,8 faiz artaraq 164,8-ə çataraq indiyədək olan ən yüksək səviyyəyə çatıb. Şəkərin qiymət indeksi 2021-ci ildə 29,8 faiz artaraq 109,3-ə yüksəlib. Həmçinin ətin qiymət indeksi 12,7 faiz artaraq 107,6,  süd məhsullarının qiymət indeksi 16,9 faiz artaraq 119 olub. Təşkilatın hesablamalarına görə, ötən il dünyada ərzaq məhsullarının orta illik inflyasiyası 25 faizə çatıb. Bu, Azərbaycanın analoji göstəricisindən 3,1 dəfə çoxdur.

Bundan başqa, qlobal təchizat zəncirində problemlərin davam etməsi də xammalın və hazır məhsulun çatdırılma xərclərini yüksəldir. Belə ki, daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Bunu ərzaqla yanaşı, qeyri-ərzaq məhsullarındakı artımın səbəbləri sırasına aid etmək olar. Lakin əmtəələrdəki qiymət artımı təkcə xarici amillərin təsiri ilə izah oluna bilməz. Digər amil dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin artmasıdır. Bu, birbaşa və ya dolayı olmaqla istər ərzaq, istərsə də qeyri-ərzaq və xidmətlərin qiymətində özünü göstərir. Qiymət artımında növbəti amil iqtisadiyyatın leqallaşdırılması tədbirləridir. Belə ki, vaxtilə qeyri-leqal çalışmış sahibkarlıq subyektlərinin artıq fəaliyyətlərini rəsmiləşdirməyə başlamaları xərcləri artırdığından bu, özünü qiymətlərdə də göstərir.

Azərbaycan Mərkəzi Bankında (AMB) hesab edilir ki, inflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli dərəcədə aşağıdır. Qurumun faiz dəhlizinin parametrləri barədə son açıqlamasında deyilir ki, dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Bildirilir ki, həmçinin daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunur ki, bu amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.

Bununla belə, AMB  2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında cari ildə də pul siyasətinin başlıca məqsədinin inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dəyişdirilməsinin təmin edilməsi olacağını açıqlayıb. Lakin vurğulanıb ki, bu məqsədə nail olmaq əsasən qeyri-monetar amillərdən – dünya ərzaq və enerji daşıyıcılarının qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.

Görünən odur ki, qiymət artımı süni deyil və konkret amillərə əsaslanır. Bu baxımdan hazırkı vəziyyət onu deməyə əsas verir ki, cari il də ötən il qiymət artımını şərtləndirmiş amillərdən sığortalanmayıb.

Ceyhun Piriyev, “İki sahil”