Qiyabi təhsillə nə qazandıq, indi nə itiririk?

0
584

Dünyadakı qloballaşma sistemi yavaş-yavaş hər bir sahədə özünü göstərir. Bu inkişaf, qloballaşma hər bir sahəyə olduğu kimi, təhsilə də müəyyən qədər təsir edir. Məhz bu təsirlərin nəticəsidir ki, son illər ərzində Azərbaycan təhsil sistemində bir çox önəmli dəyişikliklər olub. Bunlardan biri də qiyabi təhsil sisteminin ləğv olunaraq distant (məsafədən təhsil) ilə əvəz olunmasıdır. Uzun müddət davam edən qiyabi təhsil sistemi haqqında təəssüratların əksəriyyəti mənfi idi. Qiyabi təhsil kimiləri üçün əlverişli olsa da, kimiləri üçün boş vaxt itkisindən başqa bir şey deyidi. Elə buna görə də Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul dayandırılıb. Bəs, görəsən, qiyabi təhsillə nə qazanırdıq, indi nə itiririk? Qiyabi təhsilin bizə nə kimi faydaları və ya zərərləri olmuşdu?

“Bəzən rüşvətlə, pulla
diplom alırdılar…”
Mövzu ilə bağlı  müsahibə verən təhsil üzrə ekspert Nazim Əkbərov hesab edir ki, qiyabi təhsil formal təhsilə çevrilməyə başlamışdı: “Keçən əsrin ortalarında qiyabi təhsil hələ yeni təşkil olunanda təkcə ali məktəblərə yox, orta məktəblərə də şamil olunmağa başlamışdı. Mən özüm də bir müddət qiyabi orta məktəbdə metodist işləmişəm. 50-ci illərdə hələ təzə təşkil olunan qiyabi orta məktəblər 60-ci illərin əvvəllərinə qədər səmərəli oldu. Dərslərlə ciddi məşğul olunurdu. Çünki həmin dövrlərdə insanların maddi rifahı aşağı idi, hamı ailəsini dolandırmaq üçün işləməyə məcbur idi. Ancaq eyni zamanda təhsilə də ehtiyac var idi. Ona görə də insanların çoxu axşam və qiyabi məktəblərə üz tuturdular. Bu həm ali məktəblərə, həm də orta məktəblərə aid idi. O vaxtlar ali məktəblərin də axşam və qiyabi şöbələri var idi. Təxminən 60-ci illərdən sonra cəmiyyətin vəziyyəti bir az düzəldi, artıq savadlı kadrlar da müəyyən qədər yetişdi. Bundan sonra qiyabi təhsil öz səmərəsini itirməyə başladı. Nəticədə, qiyabi təhsil formal təhsilə çevrildi. Qiyabi təhsil alan tələbələr artıq dərslərə, konsultasiyalara gəlməməyə başladılar. Saxtakarlıqlar baş verirdi. Bəzən rüşvətlə, pulla diplom alırdılar. Elə insanlar olurdu ki, kənddə, kolxozda işləyib aldığı pulu yığıb gətirirdi ali məktəblərə və adını bir fakültəyə yazdırırdı. İldə bir dəfə ya gəlirdi, ya gəlmirdi. Ancaq diplom alırdı, olurdu aqronom, müəllim və s. Axı bununla iş bitmir. Belə-belə bu sistem zəifləməyə başladı. Əslində bunların hamısı cəmiyyətin tələbindən asılı olan bir şeydir. Əgər cəmiyyətdə bu sistemə tələb varsa, bunu tətbiq etmək olar, yox əgər belə bir tələb yoxdursa, o zaman o sistem özünü doğrultmaz. Buna görə də mən bu qərarı (qiyabi təhsilin ləğv edilməsi) müsbət qarşılayıram. Çünki bu gün elm o qədər inkişaf edib ki, artıq ona ehtiyac yoxdur”.

“Yarımçıq, şikəst kadr
yetişdirməyə nə ehtiyac var?”
N. Əkbərov onu da əlavə etdi ki, qiyabi və axşam təhsili insanların ailələrinin, özlərinin maddi ehtiyaclarını ödəmək şərti ilə aldığı təhsil idi: “Buna o vaxtlar “istehsalatdan ayrılmadan təhsil” deyirdilər. Ancaq artıq belə bir şey yoxdur. İndi bizdə kifayət qədər ali təhsilli, savadlı müəllimlər, həkimlər və bir çox sahə üzrə peşəkar kadrlar var ki, iş tapmaqda çətinlik çəkirlər. Belə bir vaxtda yarımçıq, şikəst kadr yetişdirməyə nə ehtiyac var? Qiyabi təhsilə əvvəllər ehtiyac var idi. Çünki o vaxtlar oxuyanların sayı az idi. Hamı iş dalınca gedirdi. Heç kim oxumağa maraqlı deyildi, təhsil almaq istəmirdi. Xatırlayıram ki, mən məktəbdə oxuduğum illərdə Bakıda ali məktəbdə oxuyanı barmaqla göstərirdilər. Aspirant, dissertant deyəndə, insanın tükləri biz-biz durardı. İndi isə professora da adi bir insan kimi baxırlar. İndi kadrlar o qədər boldur ki, axşam və ya qiyabi təhsilə ehtiyac yoxudur. Artıq qiyabi təhsil distant təhsillə əvəz olunub. Distant təhsil dövlətə lazım deyil, vətəndaşa lazımdır. Çünki insan oturur özü üçün oxuyur, sertifikat alır, özünə lazım olanı öyrənir. Sabahkı gün iş üçün müraciət etdikdə biliyi, savadı varsa, onu işə qəbul edirlər, yoxdursa etmirlər. Ona görə də dövlət ona maraqlı deyil. Bu, bazarın tələbatıdır”.

“Qiyabi təhsil forması
günün tələblərinə cavab
vermədiyi üçün ləğv olundu”
Qafqaz Universitetinin Keyfiyyət İdarəetmə Komissiyasının sədri dosent Ədalət İbadov isə bildirdi ki, qiyabi təhsil növü daha çox abituriyentin tələbələr sırasına daxil olmasına, xüsusən nisbətən aşağı bal toplayanların universitetlərə qəbuluna imkan verirdi: “Eyni zamanda işləyənlərin də təhsil almasına fürsət verirdi. Qiyabi təhsilə əsasən ödənişli yerlər ayrıldığı üçün universitetlər buradan müəyyən qədər maliyyə əldə edə bilirdilər. Düşünürəm ki, artıq qiyabi təhsilə ehtiyac yoxdur. Bunun yerini distant təhsil ala bilər. Universitetlərimizdə distant təhsilə imkan verən sistemlər qurulması daha məqsədəuyğun olardı. Distant təhsil günümüzün texnologiyalarının verdiyi fürsətləri nəzərə alsaq, qiyabi təhsilə görə daha üstün bir sistemdir. Burada tələbə mütəmadi olaraq müəllimlərlə təmasda olur (“onlayn” olaraq), gündəlik “onlayn” dərs saatları mövcud olur və tələbə bu dərslərdə iştirak edirlər. Eyni zamanda tələbələrə verilən məsələ həlli, yazı işləri və s. kimi tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsi tələbələri daimi öyrənmə prosesinə cəlb etməkdədir. Distant təhsilin qiyabi təhsilə görə bir üstünlüyü də işləyənlərin vaxt itkisini önləməsi baxımındandır. Belə ki, qiyabi təhsildə tələbə müəyyən müddətdə (dərs və sessiya dönəmində) işdən icazə almalı və universitetə getməli idi. Bu müddət kifayət qədər uzun ola bildiyi üçün (1 ay və daha uzun müddət ola bilər) bu işləyənlər üçün ciddi problemə çevrilməkdə idi. Distant təhsildə isə dərslərin və imtahanların “onlayn” keçirilməsinə imkan verən sistemlərin mövcudluğu bu kimi problemləri də aradan qaldırmaqdadır. Hesab edirəm ki, qiyabi təhsil forması günün tələblərinə cavab vermədiyi üçün ləğv olundu. Burada, adətən, aşağıballı tələbələr cəmləşdiyi, təhsildə mütəmadilik, gündəlik biliklərə yiyələnmə prinsipinə də əməl olunmadığı üçün istənilən nəticəni əldə etmək mümkün olmurdu”.

 

Nərmin Haqverdiyeva