Qisas qiyamətə qalmadı

0
65

 

(Qorxmaz Abdulla yaradıcılığına bir nəzəri baxış)

Kimdir Qarxmaz Abdulla? Hər şeydən öncə istedadlı yazıçı-publisist, sevilən söz adamı,gözəl qələm sahibi, sözü ilə könüllərə yol açan, imzası ilə imzalar içində seçilən bir yazar. İkincisi isə ömrünün səksənində dimdik duran işıqlı bir ziyalımız, sözü ilə əməli bir olan nurani ağsaqqal. Bu düzümü bir az da uzada bilərəm. Nə gərək…

Bəs hardan tanıyaram bu qələm adamını? 2015-ci ildə “Dirili Qurbanı” məclisinə ayaq açdığım gündən, o məclisin layiqli üzvlərindən olan yazıçı dostum Nazir Çərkəzoğlunun sayəsində onuyaxından tanıdım. Və tanıdıqca da aramızda səmimi münasibət yarandı ki, o münasibət bu gün də daha sıx şəkildə davam etməkdədir. Eyni zamanda yaradıcılıq müstəvisində də…

Bu ixtiyar yazıçımızın, Qorxmaz Abdullanın bu günə qədər on altı publisist və bədii kitabı işıq üzü görmüşdür ki, mən də bu kitablardan  sonuncusu olan “Qisas qiyamətə qalmasın”ın işığında onun yaradıcılığ dünyasına güzgü tutmuş olacam. Onun bir neçə kitabını sevə-sevə oxumuşam. Bu kitablardakı publisist məqalələrinin və hekayələrinin coşqulu axarı, bulaq duruluğu və dərin düşüncəsi adamı istər-istəməz öz önünə qatıb aparır, aydınlığa, sabaha doğru…böyük bir ümüd hissi ilə, onun özünün yazdığı kimi…”Yadda saxla, ümüd inama, gümana və güvənə açılan geniş pəncərədir”.

Yeri gəlmişkən onu da qeyd edim ki, Qorxmaz Abdulla erməni işğalçıları tərəfindən işğal olunan Cəbrayıl rayonundan olduğu üçün həm məcburi köçkün, həm də birinci Qarabağ savaşının veteranıdır. O günlərin  canlı şahidi kimi, son kitabındakı publisistik xatirə-povestində olduğu tək, əksər məqalələrində-publisistik yazılarında 27 illik məcburi köçkünlük həyatının ağrı-acısını, qəmini-qüssəsini yandırıcı bir dillə, yana-yana ifadə edir. Başlarına gələn faciənin, torpaqlarımızın yağıların əlinə keçməsində günahı özlərində axtarır:

“Nə bilim, bəlkə də acgözlüyümüzün, naşükürlüyümüzün cəzası idi sonralar başımıza gələnlər… didərgin düşdük… Keçidlərimiz aşırımlarımız, yollarımız, cığırlarımız…ayağımızın hənirinə tamarzı qaldı”.

Yazıçının burada işlətdiyi “quşlar nəğməsini əsirgədi”, ayağımızın hənirtinə tamarzı qaldı” kimi poetik ifadələrin publisistik bir dillə ifadəsi onun qələmin gücündən soraq verir.

Bu 27 ildə köçkün damğasını daşımağın, bu damğanın ağırlığı altında əzilməyin, inləməyin nə olduğunu yazar qardaşım digər məcburi köçkünlər kimi dolğunluğu ilə bildiyi üçün də varlığı ilə hayqırır:

“Dəfələrlə demişəm, yenə təkrarlayıram: kim kimə qarğısa desin, səni görüm evindən-eşiyindən olasan. Yurdundan-yuvandan üzüləsən. Viranə qalmış od-ocaqda bayquşlar ulasın, qara qarğalar qarıldaşsın”.

“Dərdim var dağlar kimi” deyən yazar Füzulidən, Kəlbəcərdən, Laçından, Zəngilandan olan məcburi köçkünlərlə birgə bu acı ömrü yaşamaqlarını, aralarındakı səmimi münasibətləri obrazlı şəkildə belə ifadə edir: “…dərdimizi dağıtmaq üçün hər gün bir yerə yığışır, keçmiş bəxtəvər günlərimizi xatırlayır, yaşanmış maraqlı nostalji hisslərlə yada salır, yüz dərənin suyunu bir dərədən axıdırdıq”

İxtisasca jurnalist olan bir qələm dostunu – Azər Ədiloğlunu şirin duyğularla xatırlayaraq onun qələmin gücünü bu cür obrazlaşdırır: ”Yazılarından od püskürürdü, alov dilimlənirdi”. Bu məcazlı ifadələri eyni ilə Qorxmaz müəlimin özünə  də şamil etmək olar. Çünki Qorxmaz Abdulla da publisistik yazılarında jurnalist dostu kimi həyat həqiqətlərini kəskin bir dillə ifadə edir.

Xocalı faciəsindən-soyqırımından  söz açan yazıçı  “biz məcbiri köçkünlər ağır kürk kimi çıynimizdə gəzdirdiyimiz Xocalı dərdinin, möhnətinin yükü altında əzilərdik”, – deyə bu qətliamı qəlb ağrısı ilə qələmə alır.

Qorxmaz Abdulla “Türk qanına susayan canavar xislətli daşnaklar həmişə din-məzhəb qardaşları olan sarıqulaqların ocaq eşələyən maşası olublar”, – deyərək qarı düşmənimizin iç üzünü açıb göstərməklə ona olan nifrətini obrazlı şəkildə qara boyalarla bu cür çalarlandırır.

“Azmışam gündüzün qaranlığında” -deyən yazar qardaşım o qaranlıqlardan çıxmağın aydınlıq yolunu belə göstərir: “Ərazilərimizin erməni-daşnak faşistlərdən azad olunması, qaçqın və məcburi köçkünlərin doğma yurda qayıdışı mənəvi, fiziki, əməli birlikdən keçir. Məqsədə çatmaqdan yana vahid yumruq halında birləşməyimiz gərəkdir!”

Nə xoş ki, Qorxmaz qardaşımın üç il bundan öncə yazdığı ”Qisas qiyamətə qalmasın” xatirə-povesitindəki murazı gözündə qalmadı. Dövlətimizin, xalqımızın və yenilməz ordumuzun polad birliyi sayəsində işğal altında olan torpaqlarımız  işğaldan azad edildi. Nə xoş ki, yazıçı dostum, əzizim, ağsaqqalım Qorxmaz Abdullaya gözaydınlığı verənlərdən birincilərdən biri də mən oldum, sevincimdən ağlaya-ağlaya…sevinc yaşları axıda-axıda…

Bu sevimli yazıçı-publisistin xatirələrini dilə gətirdiyi ayrı-ayrı məqalələr toplusuna nəzər yetirdikcə görürsən ki, usta yazar cəmiyətimizdəki ictimai-siyasi eybəcərlikləri kəskin bir dillə qamçılamaqdan yan keçmir və bizləri keçmişin acı səhvlərindən ibrətamiz dərs almağa çağırır. Çünki “Xudafərin qəzetinin redaktoru, filologiya üzrə fəlsəfə doktoru, gözəl qələm sahibi Şakir Əlifoğlunun dediyi kimi, “keçmiş özü də hardasa insanın dönüb özünə  baxması üçün bir həyat güzgüsüdür”. Bu güzgünün aydınlığında isə Qorxmaz müəllimin düşüncələrinin tamlığı, bütövlüyü qələminin kəsəri ilə parlaq şəkildə görünməkdədir. Onun ayrı-ayrı görkəmli incəsənət adamları haqqında yazdığı məqalələri, xatirələri fikrimin isbatı üçün daha bariz nümunədir.

Qorxmaz Abdulla təkcə publisistikası ilə deyil, eyni zamanda nəşri ilə də könülləri fəth etmək gücünə qadirdir. O, qələminin məhsulu olan povestləri, hekayələri, əfsanələri, rəvayətləri, təmsilləri ilə də bir nasır  kimi oxucularının rəğbətini qazanmışdır. Bu ustad yazıçı hər şeydən öncə isə kiçik həcmli hekayələri ilə diqqətimizi cəlb edir. Bu kiçik, yığcam, bir içimlik hekayələrində biri-birindən fərqli, biri-birindən dolğun o qədər gözəl dolğun insan obrazları, insan xarakteri yaradır  ki, bu hekayələri oxuduqca müəllifin ustalığına, qələminin cilasına heyrət etməyə  bilmirsən. Təkcə tədqiqat objektinə cevirdiym ”Qisas qiyamətə qalmasın” kitabında deyil, eyni zamanda öncədən oxuduğum “Ömürdən o üzə uzanan yollar” və ”Ötən günlərimin yadda qalan məqamları” kitablarındakı hekayələrində də eyni şeyin şahidi olursan.

Yazıçının bu hekayələrindəki canlı xalq dilindən yerli-yerində bəhrələnmə üslubu, dilinin şirinliyi oxucunu özünə sıx tellərlə bağlaya bilir, hansı hekayəsinə göz uzadan kimi, istəmirsən ki, bitirmədən ondan ayrılasan.

Onun hekayələrində işlətdiyi ”söz körüyünün əyləcini basdı”, ”aramsız axtarışlardan maya tutur”, ”yandır qəmin atasını”, ”sınıq-salxaq su dəyirmanı təki aramla, şaqqa-şaqla üyüdüb tökürdü”, ”qarşımdakı xeyirbanlamazın uzun-uzadı bəd nitqinin, darıxdırıcı vəzəriyatının “dozanı” artırmağa kökləndiyinə şübhə yerim qalmadı”, ”əsəblərim daima ayaq üstədi” poetik ifadələri yazıçının obrazlı fikir tutumunu ortaya qoyur, bu isə olduqca sevindiricidir.

Qorxmaz Abdulla kiçik həcmli hekayələrində yaratdığı dolğun obrazlarında tipik cizgilər vasitəsi ilə tipik də xarakterlər yarada bilir. Bu onun ən gərəkli  məharətlərindən biridir. Hekayətlərinin əksəriyyətinin gözlənilməz sonluqla, novellasayağı bitməsi isə onun uğuruna daha da uğur qatır.

İstedadlı yazıçının yazdığı ”Ən istəkli əmimin ölümü”, ”Endirim”, ”Məktub yetişmədi”, ”Qeyri adi yarım gün”, ”Starik, oranı qatla”, ”Qaynar xətt” və bu kimi sayını artırmağa lüzum bilmədiyim çoxlu hekayələrini nümunə göstərmək olar.

“ -Vətəndaş, nə istəyirsən, hara zəng etmisən?

-Bağışlayın, bura qaynar xətt deyil?

-A kişi, nə”qaynar xətt”? Dolamısan bizi?

Burda qaynayan ayrı şeydi. Saunaya düşmüsən. Nömrəni düz yığa bilmirsən?

Heyrətdən telefonumuzun dəstəyi əlimqarışıq havada dondu.

“Starik, oranı qatla”…hekayəsi isə belə bir sonluqla bitir: “Boş vaxtlarımda oxuduqlarımdan yoldaşlara maraqlı epizodlar… danışırdım. Şirinağa yay-qış təri qurumayan burnunu silə-silə deyirdi: ”Starik, mən ölüm, o dediyin yerləri qatla, sizə gələndə oxuyacam.

Ancaq Şirinağa nə bizə gəlir, nə də qatladığım səhifələri oxuyurdu.

Qız ovuna çıxmaqdan başı avazıyırdı ki”…

Bir sözlə nasir hər bir hekayəsindəki obrazların daxılı aləmini ustalıqla açır bu kiçik adamların dünyasını əlvan boyalarla göstərə bilir.

  1. Abdullanın qələmə aldığı ”Bənəvşə nişan aldı” əfsanəsi də olduqca maraq doğurur.

Xalq arasında dolaşan bənövşə çiçəyi haqqındakı əfsanəni geniş və dolğun çalarlarla təsvir etməklə yetinmir. Baharla Bənəvşənin sevgisinin mücəssəməsinə çevrilən bu boynu bükük çiçəklə öz taleyini, çarxı tərsə dönmüş həyatını müqayisə edir. Bu isə acı olsa da son dərəcə həyacanlıdır.

“Ay boynu bükük …bağrı sökük  bənəfşəm! Qəm yükünün ağırlığından  mənim də boynum əyilib, çiynimdə bitib. Yadıma düşəndə Vətənim elim, sinəmin odunda qovrular dilim, həsrətin çəkməkdən bükülüb belim…

Son olaraq ömrünün səksəninin dizini yerə vurmuş bu gözəl yazar qardaşıma onu demək istəyirəm ki, sən artıq köçkün deyilsən. Qoy ilhamın daha gur çağlasın, qələminin cilası isə pozulmasın.

 

 

9-12 dekabr 2020-ci il

Ələsgər Talıboğlu

Şair-publisist,AYB-nin üzvü,

M.Araz mükafatı laureatı