Qış turizm mövsümü dekabrın 20-25-də açılacaq

0
561
”Keçən il “Şahdağ” və “Tufan” qış-turizm obyektlərində adam əlindən tərpənmək mümkün deyildi. Hansı sahibkar bunun əvəzində öz qiymətlərini aşağı salar?”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirlik mehmanxana və qida təşkili ilə məşğul olan təşkilatlara tövsiyə verir: “Sizi yüz faiz əmin edirəm ki, qış turizmi ilə bağlı bu il “Tufan” və “Şahdağ” daxilində qiymət artımı olmayacaq. Əksinə, insanlara daha çeşidli və keyfiyyətli xidmət təqdim olunacaq”.

Nazir əlavə edib ki, Azərbaycanda qış turizm mövsümü dekabrın 20-25-də açılacaq: “Turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçiriləcək. Əsas narazılıq xizək sürmək və təhlükəsizlik ölçülərinin götürülməsi ilə bağlıdır. Təsəvvür edin, keçən il bir gündə 1800 nəfər insan qış turizm obyektinə getmişdi. İstər-istəməz sıxlıq olurdu, narazılıq yaranırdı. Amma bu il həmin obyektlərdə istirahət etmək istəyən insanlar əvvəlcədən internet vasitəsilə bədən ölçülərini təqdim edəcək və xizək sürmək üçün təhlükəsizlik tədbirlərinin görülməsi, geyimlərin verilməsi vaxt aparmayacaq. İnsanlar başa düşməlidirlər ki, xizək sürmək təhlükəli, kifayət qədər riskli və ekstremal idman növüdür. Keçən il biz qalstukla, telefon əlində xizəklə şəkil çəkdirən insanları gördük və gülümsədik. Amma burda gülümsəməli bir şey yoxdur. İnsanların təhlükəsizliyi təmin olunmalıdır. Həm öz tərəflərindən, həm də həmin istirahət mərkəzinin əməkdaşları tərəfindən”.

Ə. Qarayev ermənilərin lavaş təxribatı məsələsinə də toxunub. Nazir bildirib ki, lavaş bütün regiona məxsusdur: “Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır, ermənilərin eksklüziv çörəyi deyil”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here