Qırmızı Qəsəbə – İsraildən kənarda yerləşən və tamamilə yəhudilərin məskunlaşdığı yeganə qəsəbə

0
541

Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanda talışlar, avarlar, ləzgilər, ruslar, ukraynalılar, gürcülər, polyaklar və digərləri də daxil olmaqla 40-dan çox azlıq və etnik qrup yaşayır. Bu mənada müsəlman azərbaycanlıların üstünlük təşkil etdiyi məmləkətimiz müxtəlif dinlərə mənsub xalqların əmin-amanlıq şəraitində yaşadığı çoxmədəniyyətli bir cəmiyyətdir. Artıq ölkəmizin tolerant ölkə olması faktı dünyanın tanınmış elm adamları, siyasətçiləri, ictimai xadimləri tərəfindən tanınır.

Dünyanın ən qədim xalqlarından olan və bütün yer üzünə səpələnmiş yəhudilərin bir qismi müstəqil Azərbaycan Rəspublikasının bərabərhüquqlu vətəndaşıdır. Quba şəhəri yaxınlığında, Qudalçayın sağ sahilində yerləşən Qırmızı Qəsəbə yəhudilərin ölkəmizdə ən çox məskunlaşdığı yaşayış məskənidir. Onu da vurğulamağı lazım bilirik ki, dağ yəhudiləri kimi tanınmış bu irqin dünyada ən çox məskunlaşdığı ünvan da elə Qırmızı Qəsəbədir.
Dağ yəhudilərinin Qubanın Qırmızı Qəsəbə adlanan yaşayış massivində məskunlaşması tarixi qaynaqlara görə, XVIII əsrin 30-cu illərinə aiddir. O dövrdə Quba xanı Fətəli xan yəhudiləri himayəsi altına almış və indiki Qırmızı Qəsəbənin yerində məskunlaşmaq üçün onlara şərait yaratmışdır. Yəhudilərin Qubada məskunlaşdığı yaşayış məntəqəsi ilk vaxtlar Zidkovskaya Sloboda adlandırılıb. XIX əsrin 60-70-ci illərində Zemstvo islahatlarından sonra Yevreyskaya Sloboda adlanıb. Qırmızı Qəsəbə adı isə “qırmızılar”ın, yəni bolşeviklərin bu coğrafiyaya gəlişindən sonra ortaya çıxıb. Belə ki, 1920-ci ildə XI Qızıl Ordu Xudata gəlir. Qəsəbədə isə qərargahları indiki Doğum evində yerləşdiriblər. Bolşeviklərin gəlişi ilə qəsəbə bir də ad dəyişməyə məruz qalıb. Elə o vaxtdan bu yer Qırmızı Qəsəbə adlanır. (Yəhudilərin yaşadığı qəsəbəni Quba şəhərindən Qudyalçay ayırır. Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-cü ildə rus çarı 3-cü Aleksandrın layıhəsi ilə tikilib). Onu da qeyd edək ki, XIX əsrin sonunda Qırmızı Qəsəbə İsraildən kənarda yerləşən və tamamilə yəhudilərin məskunlaşdığı yeganə qəsəbə idi. Bu qəsəbə, həmçinin “kiçik Yerusəlim” kimi də tanınırdı.

“Kiçik Yerusəlim”
Azərbaycanın istər xanlıqlar halında idarə olunduğu illərdə, istər rus çarizmi, istərsə də sovet hakimiyyəti dövründə burada yaşayan yəhudilər öz dini ayinlərini, milli adət-ənənələrini yaşatmışlar. Dünyanın müxtəlif qitələrində yaşayan yəhudilərin dillərində, təbii ki, müəyyən fərqlər meydana gəlməlidir. Qırmızı Qəsəbə sakinlərinin dili də bu mənada istisna deyil və ona fars dilinin təsiri özünü göstərməkdədir. Azərbaycan türklərinin milli ənənələrinin, məsələn, Novruzun, “Kitabi – Dədə Qorqud” kimi milli-mədəni qaynaqlarının sovet “əxlaqı”na uyğun sayılmadığı illərdə Qırmızı Qəsəbə yəhudiləri öz sinaqoqlarında ibadətlərinə davam etdirmiş, bütün dini rituallarını qoruyub saxlamış, kişilər başlarında dini simvol kimi gəzdirdikləri kipanı belə çıxarmamışlar. Qəsəbədə on üç sinaqoqdan yalnız səkkizi qorunub saxlanıb. Hazırda real olaraq onlardan ikisi sinaqoq olaraq qapısını camaatın üzünə açır.
İbadət zamanı sinaqoqlarda tam xüsusi çağırış olmur. İnsanlar ibadət vaxtını əzbər bildiyindən özləri gəlib dua edirlər. Səhər ibadəti saat 8-də başlayır. Günorta ibadətinə axşam saat 8-də, axşam ibadətinə isə axşam saat 9-da gəlirlər. Qırmızı Qəsəbədə qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Hazırda yaşayış məntəqəsinin 3300-dən çox əhalisi var. Sakinlərin əksəriyyətini dağ yəhudiləri təşkil etsə də burada azərbaycanlılar, ləzgilər də mehriban şəraitdə yaşayırlar.
Qəsəbədə üç dildə danışılır: dağ yəhudilərinin gündəlik işlətdikləri İran kökənli “cuvuri” və Azərbaycan dillərində. Bu qəsəbə sakinlərinin böyük əksəriyyəti rus və ingilis dillərini də yaxşı mənimsəyiblər. Burada yerləşən 2 məktəbdən birində dərslər azərbaycan, digərində isə rus dilində tədris olunur. Hər ikisində dünya yəhudilərinin danışdığı ivrit dili tədris olunur.

Ən abad qəsəbə
Bu gün Qırmızı Qəsəbə Azərbaycanın ən abad və baxımlı yaşayış məntəqələrindən biridir. Rusiya və Avropa memarlıq üslubunda tikilən bir-birindən yaraşıqlı və cazibədar evlər bu qəsəbənin simasını günbəgün gözəlləşdirməkdədir. Qəsəbənin mərkəzi küçəsi (Azərbaycan müstəqillik əldə edəndən sonra da dağ yəhudiləri Leninin adını daşıyan bu küçəni Fətəli xan küçəsi adlandırıblar) yaraşıqlı evlərin və bağların arasından uzanıb gedir. Evlərin çardağında, müxtəlif təyinatlı binaların ən uca yerində altı güşəli ulduz diqqəti çəkir. Bu da dağ yəhudilərinin öz dinlərinə bağlılığının rəmzi kimi izah olunur. Evlərin ölçüləri çox böyükdür və kənardan baxanda yaraşığı ilə göz oxşayır.
Qəsəbədə dolaşdıqca tez-tez başında qara rəngli kipa gəzdirən yaşlı kişilərə və uzun ətəkli paltarlar geymiş, üstündən də naxışlı önlüklər bağlamış qadınlara rast gəlirsən. Gənclər isə ən son dəbdə geyinməyi xoşlayırlar.
Hələ sovet hakimiyyəti illərində belə dünya yəhudiləri ilə zəif də olsa əlaqələrini davam etdirən Qırmızı Qəsəbə sakinləri 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə dünyaya açılmaq imkanı əldə etmiş oldular. Güclü maliyyə qabiliyyətinə və imkanlarına sahib olan dağ yəhudiləri ilk növbədə Rusiyanın böyük şəhərlərinə, xüsusilə də Moskvaya və bir çox Avropa paytaxtlarına üz tutdular. Bu gün Rusiyanın ən zəngin adamları siyahısında Qırmızı Qəsəbənin bir neçə nümayəndəsinin adı yer almaqdadır. Bu qəsəbədə, demək olar ki, hər ailədən bir və ya bir neçə nəfər dünyanın müxtəlif ölkələrində biznes fəaliyyəti ilə məşğuldur. Bəzi ailələr İsrailə köçsələr də, Qırmızı Qəsəbə ilə əlaqələrini kəsmir, fürsət düşdükcə bu gözəl diyarı ziyarətə gəlirlər. Qəribədir ki, Azərbaycandan İsralə köçən yəhudilər övladlarına Faiq, Çingiz, İsmayil kimi türk və müsəlman adları verməkdən çəkinmirlər.

“Qırmızı Qəsəbənin inkişafı göz qabağındadır”
Qırmızı qəsəbədə dolaşdıqca dükanların qabağına qoyulmuş kətil üstündə oturub söhbət edən kişilər diqqəti çəkir. Elə bil ki, bu qəsəbədə işləyənlər ancaq ticarətlə məşğul olurlar. (Qırmızı Qəsəbədə qız uşağı gözə dəymir. Yalnız arada-bir mağazaya gedən qadınları küçədə görmək olur). Bir çox ailələr isə gündəlik dolanışıqlarını dünyanın müxtəlif ölkələrində bizneslə məşğul olan övladlarının göndərdiyi maliyyə vəsaiti ilə təmin edirlər. Bu qəsəbədə əhalinin həyat standartı Azərbaycanın əksər qəsəbə və şəhərləri ilə müqayisədə xeyli yüksəkdir. Burada kommunal məsələlər ən yüksək şəkildə öz həllini tapıb. Ölkə prezidenti şimal rayonlarına səfərləri zamanı tez-tez bu qəsəbəyə baş çəkir, sakinlərin təklif və ehtiyaclarını dinləyib dəyərləndirir.

Dünyada yəhudilərin rahat və qorxusuz
yaşadıqları yeganə ölkə Azərbaycandır

Ölkə başçısı İlham Əliyev Qırmızı Qəsəbə sakinləri ilə keçirdiyi görüşlərin birində deyib: “Bu gün Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür. Qubanın, Qırmızı Qəsəbənin inkişafı göz qabağındadır. Hər rayonda, hər bölgədə quruculuq, inkişaf işləri gedir. Deyə bilərəm ki, rayonlar bir-biriləri ilə rəqabətə çıxır. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Yəni, bu, sağlam bir yarışdır. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər. Dağ yəhudiləri də öz işi, əməyi, Vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük işlər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Mən hər dəfə Qubada olarkən çalışıram ki, buraya da gəlim, vətəndaşlarla görüşüm. Çalışıram ki, biz burada çatışmayan işləri düzəldək. Ümumiyyətlə, burada gözəl işlər görülür. Mən görürəm ki, qəsəbənin sakinləri necə böyük sevgi ilə, məhəbbətlə, zövqlə öz qəsəbələrini abadlaşdırırlar. Bu gözəl binalar inkişafın təzahürüdür. Bu qəsəbədən olan vətəndaşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar”.

“Canıma-qanıma hopub”
Qəsəbədə toy və yas mərasimləri yəhudi ənənəsinə uyğun həyata keçirilir. Xüsusilə toy süfrələri son dərəcə zəngin olur. Yəhudi dininə görə donuz əti haram sayıldığından qəsəbə sakinləri bu heyvanın ətindən imtina edirlər və bütün dünya yəhudiləri kimi bu qəsəbə sakinləri də istər məclislərində, istərsə də gündəlik menyuda balıq ətinə üstünlük verirlər. Toylarda yəhudi və Azərbaycan havaları səsləndirilir. Bu qəsəbədəki bəzi toy məclislərində iştirak etmək üçün İsraildən, Rusiyadan, Türkiyədən, Avropadan, hətta Amerikadan belə dünyanın ulduz sənətçiləri gəlirlər. Onların toy məclislərində istifadə olunan musiqi alətləri ilə Azərbaycan toylarındakı musiqi alətləri, demək olar ki, eynilik təşkil edir.
Burada bir məqama da diqqət yetirmək istərdim. Quba yəhudilərindən olan istedadlı xanəndə və tarzən Nisim Nisimova da ayrıca yer ayırmaq istəyirəm. Nisim Nisimov tarda həm çalıb, həm də oxuyan nadir sənətçilərdəndir. Yəni o, bir unikal qabiliyyət yiyəsidir: tarda ifa edə-edə eyni zamanda muğam, xalq mahnılarını ustalıqla oxuya bilir. Hətta ondan söz düşəndə deyirlər ki, xalq mahnılarımızın mahir bilicisi olan Nisim Nisimov Azərbaycan muğamını yaxşı bilən dord-beş sənət adamından biridir. Yeri gəlmişkən, qeyd edək ki, o, tanınmış xanəndə Hacıbaba Hüseynov kimi bir sənətkardan dərs alıb. Yaxşı yadımdadır, hələ ötən əsrin sonlarında onun sorağı bütün Azərbaycana yayılmışdı. Vaxtı ilə onun toy qrafiki həddən artıq sıx olardı. Hətta bəzən toy sahibləri onun qrafikinə görə toylarını təxirə salırdılar. Şəxsən mən onun iştiraki ilə Alpan kəndində keçirilən neçə-neçə toyun şahidi olmuşam. Bir dəfə ona kənd sakinlərindən biri adi bir yəhudinin Azərbaycan mahnılarını belə yanıqlı oxumasında bir qəribəlik gördüyünü deyəndə o dedi: “Bu torpaqda doğulmuşuq. Buranın çörəyini yeyirik, suyunu içirik. Adət ənənələri də, musiqisi də bizim üçün əzizdir. Öyrənmişəm, canıma-qanıma hopub. Mən buarda qəribə heç nə görmürəm”.
Burada tolerantlıq yüksək səviyyədədir. Yəhudilər də çox sülhsevər xalqdır. Yeri gəlmişkən, burada dağ yəhudiləri bir-birilə görüşəndə şalom deyirlər. Müsəlmanların salam sözünə bənzəyən bu söz sən demə elə eyni mənanı bildirir. Yəni sülh, əmin-amanlıq olsun hər kəsə.

“Bir daha inanırsan”
Yas və dəfn mərasimi yəhudi dini qaydalarınca yerinə yetirilir və bu mərasimlər Tovrat oxunuşu ilə müşayət olunur. Qəsəbənin qəbirsanlığında təmtəraqla tikilmiş məzarların sayı çoxdur. Bəzi məzarlar mavzoley təsiri bağışlayır və elə ilk baxışdan bir neçə on min dollara başa gəldiyi görünür. Baş daşına şəkil vurulması adi hal alıb, daha imkanlılar isə heykəl ucaltmaqdan belə çəkinmirlər.
Şənbə günləri bu qəsəbədə istirahət günüdür və həmin gün dağ yəhudiləri əllərini ağdan-qaraya vurmazlar. Zəruri yerlərdən başqa şənbə günləri bu qəsəbənin bütün ticarət və iaşə obyektlərinin qapısı bağlı olur.
Qırmızı Qəsəbənin həyarı ilə tanış olanda bir xalqın, toplumun öz varlığını davam etdirməsi üçün din faktorunun nə qədər mühüm, hətta həlledici olduğuna bir daha inanırsan. Bu qəsəbədə hər şey yəhudi dininin tələblərinə uyğun şəkildə tənzimlənib. 300 ilə yaxın müsəlman türklərin arasında kiçik bir qəsəbə halında məskunlaşmış dağ yəhudilərinin zərrə qədər də olsun assimilyasiyaya uğramamalarının sirrini məhz öz dinlərinə bağlılıqla əlaqələndirmək lazımdır. Bütün dövrlərdə istər sinaqoqda, istərsə də evlərdə uşaqlara yəhudi dininin təməl qanunları təlim edilmiş və onların din və ənənə təəssübkeşi kimi yetişmələrinə xüsusi diqqət göstərilmişdir. Dağ yəhudiləri, xüsusilə də bu qəsəbənin sakinləri, demək olar ki, bir qayda olaraq, dini seçim üzrə nikaha girir, başqalarına qız vermir, qız almırlar. Onlar üçün dini təəssüb hər cür sevgidən üstün hesab olunur. Qəsəbənin təmiz, asfaltlı küçələri ilə gəzərkən “Səadət evi” gözə dəyir. Bu binanın da fasadına qəsəbənin əksər evlərində olduğu kimi altıbucaqlı ulduz həkk olunub. Sakinlər deyir ki, “Səadət evi” bir vaxtlar sinaqoq olub.
Amma bütün bunlarla yanaşı Azərbaycan türklərinin tolerant düşüncəsini də xüsusi vurğulamaq lazımdır. Hər bir vicdan sahibi tərəddüdsüz olaraq təsdiqləyər ki, dünyada yəhudilərin ən rahat, qorxusuz yaşadıqları ölkə məhz Azərbaycandır.

O elə bir qəhrəman ki…
Qırmızı Qəsəbə Dağ yəhudiləri dini icmasının sabiq sədri, “Şöhrət” ordenli Boris Simanduyevin (21 il icmaya rəhbərlik etmiş Boris Simanduyev yaşının çox olması səbəbindən istefa verib) sözlərinə görə, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır.

Tarixin bütün dövrlərində Azərbaycanda dinlərarası heç bir problem yaşanmamışdır. Artıq bu sahədə vəziyyət dünyaya örnək olacaq səviyyəyə çatıb.
Boris Simanduyevin sözlərinə görə, Qavril Yuşvayev, Zarah İliyevlə yanaşı torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun adını da fəxrlə çəkirlər.
Məlumat üçün bildirək ki, Albert Aqarunov Azərbaycanın ilk milli qəhramanlarındandır. Sovet Azərbaycanında ara qarışıb məzhəb itdiyi vaxt çoxları kimi rahatlıqla ölkədən gedə bilərdi. İsrail həmin dövr SSRİ-dən gələn yəhudilərə qucaq açmışdı. Fəqət Albert “bu torpaqda dogulmuşam, buranın çörəyini yemişəm və müharibə bitənəcən burda vuruşacam” deyib könüllü olaraq milli ordu sıralarına qoşuldu.
Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollandı. Albert tank komandiri təyin edildi. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv eddi. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında həlak oldu. Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. O dövrdə tankçılar tanklarını “Albert” adlandırırdılar. Ermənilər onun başına pul mükafatı qoymuşdular. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. “Salnamə” sənədli filmlər studiyası “Qarabag qəhramanları” silsiləsindən Albert Aqarunov haqda film də çəkib. Albertin oxudugu 154 sayli məktəb də indi onun adını daşıyır.

“Qonaqlar da həmişə bu reallığı etiraf edirlər”
Bəli, bu gün yəhudi cəmiyyəti Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi rol oynayır. Bu cəmiyyətin üzvləri Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğunda aktiv iştirak edirlər. Onlar parlamentdə, bələdiyyələrdə və digər dövlət və hökumət orqanlarında təmsil olunurlar. Azərbaycan tolerantlıq məkanı olduğunu bu ərazidən millət vəkili seçilmiş Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Yevda Abramov dəfələrlə vurğulayıb: “Azərbaycan dünyanın ən tolerant dövlətlərindən biridir və əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələr arasında bu siyahıya başçılıq edir. Ölkəmizdə dini tolerantlıq sahəsində xeyli işlər görülüb ki, bu da dini durumun sabitliyini qoruyub saxlamağa əsas zəmin yaradır”. Millət vəkilinin sözlərinə görə, əhalisinin əksəriyyətinin İslam dininə etiqad edildiyi Azərbaycanda bir sıra dini və etnik qruplar, o cümlədən xristianlar, yəhudilər və digərləri yaşayır və eyni zamanda milli azlıqlara münasibətdə hörmət, dözümlülük qədim dövrdən müasir dövrədək ölkənin inkişafında mühüm rol oynayır: “Dövlətimiz ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması, genişləndirilməsi üçün böyük səy göstərir”. Onun sözlərinə görə, Azərbaycandakı tolerantlıq mühiti dünya ölkələri üçün nümunədir. Burada ayrı-ayrı xalqların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar: “Eyni zamanda, Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu məkandır. Xaricdən gələn nüfuzlu qonaqlar da həmişə bu reallığı etiraf edirlər. Biz dünya üçün nümunə olan bü mühiti daha da möhkəmləndiririk”.
Yevda Abramov hesab edir ki, doğrudan da tolerantlığın bir Azərbaycan modeli var: “Bu, tamamilə doğru deyilən bir fikirdir. Mən yəhudi etnosundanam. Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir. Ən önəmlisi olan da budur. Çünki bunu başqa dövlətlərdə görə bilmirəm. … Lakin tarixin heç bir dövründə yəhudilərə qarşı nə milli, nə dini, nə də məişət zəminində heç bir arzuolunmaz münasibət olmayıb. Bu gün Bakı Dövlət Universitetində ivrit fakültəsi var. Fransa kimi dünyanın beşiyi sayılan bir ölkədə isə yəhudi qəbiristanlığı, sinaqoqları dəfələrlə təhqir olunub. Azərbaycanda belə hadisələrə heç zaman rast gəlinməyib. Ümumiyyətlə, Azərbaycanda doğulub burada böyüyən bir insan kimi burada təkcə yəhudilərə deyil, xristianlara qarşı da mənfi münasibət görməmişəm. Gözümü açıb Qubada, Bakıda kilsə görmüşəm. Dünyada yəhudilərin kompakt yaşadığı iki yer var, biri Yerusəlim, biri də Quba. Üçüncü belə bir yer yoxdur. Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə heyrətləniblər. İstər dini, istərsə də milli zəmində Azərbaycan bütün dünya üçün açıq bir dövlətdir. Bu yaxınlarda Bakıda dövlət ehtiyacı üçün sinaqoq sökülməli oldu. Bu məsələ ortaya çıxanda prezident İlham Əliyev göstəriş verdi ki, yeni sinaqoq tikilənə qədər o sökülməsin. Hansı ölkədə belə tolerantlıq var? Moskvada ravvin sinaqoqdan çıxanda arxadan bıçaqla vurub öldürdülər. Azərbaycanda isə ravvin daim prezidentin tədbirlərindədir. Bakıda cəmi bir neçə ailə katolik vardıR, onlar üçün katolik kilsəsi tikildi. Amma elə ölkələr var ki, orada yüz minlərlə katolik var, amma onlara kilsə tikilmir. Bu detallar Azərbaycanın nümunə olacaq bir model olduğuna sübutdur”
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib ki, Azərbaycanda min illər boyu yaşayan yəhudilər cəmiyyətə tam inteqrasiya olunaraq hər zaman özlərini evdəki kimi hiss ediblər: “Azərbaycanda antisemitizm yoxdur, yəhudi icması burada qürurla yaşamaqdadır və Azərbaycan hökuməti bu icmanı dəstəkləyir. Bakıda və Qırmızı Qəsəbədə yəhudi icmaları məskunlaşıb, yəhudi məktəbləri və sinaqoqları inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir”.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here