Qırğızıstan və Tacikistan arasında gərginlik ən yüksək həddə çatıb

561
 Dünyanın inkişaf etmiş dövlətləri arasında Orta Asiyada iqtisadi, siyasi və hərbi- strateji təsir dairəsi uğrunda mübarizə getdiyi bir vaxtda, belə demək mümkünsə, bölgənin su anbarı funksiyasını həyata keçirən Qırğızıstan və Tacikistan arasında gərginlik get-gedə artmaqdadır. 
Bu müstəvidə də son aylar iki ölkə sərhədində, demək olar hər gün toqquşmalar baş verir. Ötən həftənin sonlarında Qırğızıstanın Batken vilayətinin Tamdık sərhəd məntəqəsində qırğız və tacik sərhədçilər arasında baş verən atışmadan sonra isə bölgədə vəziyyət yenidən gərginləşib. Baş verən silahlı insidentə görə isə tərəflər bir-birilərini günalandırıblar. Bununla bağlı  “İnterfaks” agentliyinə açıqlama verən Qırğızıstan Dövlət Sərhəd Xidməti İdarəsinin rəsmi nümayəndəsi Gülmirə Borubayeva bildirib ki, sərhəddə gərginliyə səbəb taciklərin qanuna zidd əməlləri olub. Onun sözlərinə görə, iyul ayının 10-da 30-dan artıq Tacikistan vətəndaşı Qırğızıstana məxsus Karavşin çayı boyu Vorux anklavının Bedak kəndinə su kəməri çəkmək istəmişlər. Öz növbəsində, qırğız sərhədçilər həmin ərazinin  özlərinə aid olduğunu bildirərək, icazə almadan orada inşaat işlərinin aparılmasının yolverilməz olduğu barədə qarşı tərəfə xəbərdarlıq etmişlər. Qarşı tərəfin bu xəbərdarlığa məhəl qoymadan işlərini davam etdirməsi isə, öz növbəsində, qırğız sərhədçilərihavaya atəş açmağa məcbur edib.  Mülki əhali ilə qırğız sərhədçilər arasında baş verən toqquşmalarda iki tacik yaralanıb.  Tacik sərhədçilərin qırğız sərhədçilərə atəşlə cavab verməsindən sonra isə vəziyyət bölgədə yenidən gərginləşib.

Tacikistan tərəfi isə baş verən insidentdə qırğız tərəfi günahlandırıb. Tacikistan rəsmi şəkildə Qırğızıstandan tələb edib ki, insidentin baş verməsinə səbəb olan Tamdık sərhəd məntəqəsini ləğv etsin. Bu isə faktiki olaraq taciklərin həmin ərazini özlərinki hesab etməsi anlamına gəlir. Təbii ki, Qırğızıstan bununla razılaşa bilməz. Təsadüfi deyil ki, Qırğızıstan Sərhəd Xidmətinin sədri Raimberdı Duyşenbiyev taciklərin bu tələbini rədd edərək, sərhədin özlərinə aid olan hissəsində istənilən qeyri-qanuni işlərin qarşısını sərt şəkildə alacaqları barədə xəbərdarlıq edib.

Yeri gəlmişkən xatırladaq ki, tacik-qırğız sərhədinin uzunluğu 911 kilometr  təşkil edir. Onun demək olar, yarısı – 451 kilometri mübahisəli ərazi hesab edilir. Bu da iki ölkə arasında vaxtaşırı sərhəddə müxtəlif səviyyəli silahlı insidentlərin baş verməsinə gətirib çıxarır.

 

Toqquşmaların pərdəarxası

Vaxtıilə SSRİ dövründə ittifaq respublikaları arasında sərhədlərin düşünülmüş şəkildə qarışıq formada, etniklərin bir hissəsini digər, digər tərəfdəki etniklərin müəyyən hissəsini qarşı tərəfə aid etməklə gələcəkdə baş verə biləcək etniklərarası qarşıdurmaların əsasını qoymuşdular. Bu da günümüzdə MDB ölkələri arasında sərhəd problemlərinin əmələ gəlməsində bunun əksər hallarda açıq düşmənçilik müstəvisinə keçirilməsi ilə müşahidə olunmaqdadır. Bu çərçivədə də yalnız Qırğızıstanla Tacikistan deyil, həm də Bişkeklə Daşkənd, həmçinin Düşənbə ilə Daşkənd arasında sərhəd problemləri var. Bölgə ölkələri arasında sərhəd problemlərinin həllini tapmaması isə, öz növbəsində, regionda gərginlik mənbəyi olaraq qalmaqda davam edir. Diqqəti cəlb edən digər bir məsələ isə aralarında gərginlik yaranan hər iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT) üzv olmalarıdır. Buna paralel olaraq, Tacikistan və Qırğızıstan ərazisində Rusiyanın hərbi bazası mövcuddur.

Sərhəddəki son gərginliyə münasibət bildirən KTMT rəsmisi tərəfləri problemləri sülh yolu ilə həll etməyə çağırıb. Halbuki KTMT-nin öz daxilində qarşıdurmalara yol verməmək üçün hər iki tərəfə sərt təzyiqlər göstərəcəyi gözlənilirdi. Lakin bu gözləntilər hələ ki, özünü doğrultmayıb. KTMT məsələ ilə bağlı sərhəd mübahisələrini dərhal aradan qaldırmaq üçün tərəflərə hər hansı bir formada təzyiq etmək niyyətində olmadığını nümayş etdirir. Sanki bölgədə heç nə baş verməyib. Bu da öz, növbəsində, sərhəddə baş verən son gərginliklə bağlı bəzi ehtimalların gündəmə gəlməsinə səbəb olub. Belə güman edilir ki, Qırğızıstan-Tacikistan sərhədində baş verən son hadisələr Rusiya tərəfindən təşkil edilib. Bundan da məqsədin yaranmış vəziyyətdən istifadə edərək, hər iki ölkəni özündən daha da asılı vəziyyətə salmaq və bölgəyə əlavə həri qüvvələr yeritmək üçün bəhanə əldə etmək olduğu ehtimalı vurğulanır. Buna paralel olaraq, həm Qırğızıstan, həm də Tacikistan  Avrasiya İttifaqına üzv olmaq niyyətindədirlər. Yenə də hər iki ölkə adıçəkilən quruma üzv olmaq üçün müəyyən tələblərlə çıxış edirlər. Bu tələblər isə Avrasiya İttifaqı barədə anlaşma imzalayan Qazaxıstan, Belarus və Rusiya tərəfindən narazılıqla qarşılanır. Belə ki, Aİ-nin təsisçiləri digər dövlətlərin bu qurumda özləri ilə bərabərhüquqlu dövlət kimi üzv olmasını həzm edə bilmirlər. Bu çərçivədə də Aİ-nin təsis edilməsi ilə bağlı sənəddə Qırğızıstan və Tacikistanın milli  maraqları nəzərə alınmayıb. Ola bilsin ki, qırğız-tacik sərhədində baş verən gərginlik də tərəflərin diqqətinin Aİ ilə bağlı irəli sürdükləri tələblərdən yayınmasına və bundan onaların əl çəkməsinə məcbur edilməsinə xidmət edir. Bütün hallarda Aİ-yə üzv olmaq istəyən iki ölkə arasındakı sərhəddə baş verən insidentlər adıçəkilən quruma yaxşı heç nə vəd etmir və bu, gələcəkdə ortaya çoxlu sayda problemlər çıxara bılər. Sərhəddəki gərginliyin davam etməsindən isə istənilən halda bölgədə marağı olan dövlətlərin öz xeyirləri üçün istifadə edəcəkləri istisna edilmir.