Qırğızıstan niyə Rusiya ilə imzalanan anlaşmaları denonsasiya etdi?

0
492

Dünya bazarında neftin ucuzlaşması nəticəsində Rusiyada davam etməkdə olan iqtisadi böhran Moskvanın maliyyə yardımına ümid edən Qırğızıstanı vəziyyətdən çıxış yolları axtarmağa məcbur etməkdədir.

Bu müstəvidə də ötən həftə Rusiya ilə birgə həyata keçirilməsi nəzərdə tutulan bir çox layihələrə yenidən baxmağa məcbur olan Qırğızıstan bəzi addımlar atmağa məcbur olub. Belə ki, Qırğızıstan parlamenti Rusiya ilə Yuxarı Narın və “Qəmbərata 1” Su Elektrik stansiyalarının (SES)inşa edilməsi barədə imzalanan anlaşmanı ləğv edib. Bununla bağlı keçirilən səsvermə zamanı Jokorku Keneşin ( Qırğızıstan parlamenti) 93 deputatı hər iki anlaşmanın ləğv edilməsinə səs verib. Anlaşmaların ləğv edilməsinə səbəb isə Rusiyanın adıçəkilən obyektləri inşa etməyə maliyyə vəsaiti tapa bilməməsidir. Joqorku Keneşin qəbul etdiyi qərara əsasən, bu ilin birinci yarısına kimi anlaşma qüvvədə qalacaq, ondan sonra Rusiya məsələ ilə bağlı öhdəliyi yerinə yetirə bilməyəcəyi təqdirdə, adıçəkilən obyektlər qırğız tərəfin sərəncamına veriləcək. Qeyd edək ki, Rusiya ilə “Qəmbərata 1” və Narın SES-lərin inşası ilə bağlı anlaşmanın ləğv edilməsinə görə Bişkek Moskvaya 37 milyon dollar ödəməli olacaq. Bu məbləğ Rusiyanın hər iki SES-in inşası üçün çəkdiyi layihə-smeta və digər xərclər üçün nəzərdə tutulub. Bununla belə, tanınmış hüquqşünaslar əslində Rusiyaya 37 milyon dolların ödənilməsinin doğru olmadığı qənaətindədirlər. Belə bir fikir vurğulanır ki, əslində adıçəkilən obyektlərin inşa edilməsini yerinə yetirmədiyi üçün Rusiya Qırğızıstana kompensassiya ödəməlidir. Belə ki, Rusiya istənilən halda “Qəmbərata 1” və Narın SES-lərin inşası ilə bağlı anlaşma ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyib. Ona görə də Qırğızıstan adıçəkilən anlaşmaları ləğv etməzdən öncə Rusiya qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə kompensassiya ödənilməsi məsələsini qaldırmalı idi. Lakin Bişkek anlaşmalarla bağlı fərqli mövqe tutdu və onları təktərəfli qaydada denonsasiya (anlaşmanın qüvvəsini dayandırmaq) etmək qərarına gəldi. Belə ehtimal etmək olar ki, Bişkek anlaşmanın şərtlərini yerinə yetirmədiyinə görə Rusiya qarşısında hər hansı iddia qaldırmanın mənasız olduğunu və bununla heç nəyə nail ola bilməyəcəyini öncədən anlayıb. Digər tərəfdən də, hazırda iqtisadi baxımdan ağır günlərini yaşayan Rusiya qarşısında Bişkek tərəfindən hər hansı iddianın qaldırılması hər iki ölkə arasında siyasi gərginliyə gətirib çıxara bilərdi. Bu isə iqtisadi və hərbi baxımdan Rusiyadan asılı olan Qırğızıstan üçün əlavə başağrısına çevrilə, ölkədə Moskva tərəfindən yeni hakimiyyət dəyişikliyi cəhdinə baş vurula bilərdi. Görünür, Rusiya ilə adıçəkilən anlaşmanın denonsasiya edilməsi barədə Jokorku Keneşdə müvafiq qərar qəbul edərkən Bişkekdə bu amili nəzərə alıblar.

Onu da xatırladaq ki, Rusiya ilə Qırğızıstan arasında Narın SES və “Qəmbərata 1” SES-lərin inşası barədə anlaşma hələ 2012-ci ildə imzalanmışdı. Rusiya anlaşmaya əsasən, hər iki SES-in inşasına 727 milyon dollar xərcləməli idi. O vaxt Özbəkistan dərhal məsələ ilə bağlı Rusiyaya etiraz etmiş və hər iki stansiyanın inşa edilməsinin bölgədə su qıtlığına səbəb ola biləcəyi və buna bütün vasitələrlə yol verməyəcəyi barədə xəbərdarlıq etmişdi. Öz növbəsində, Qazaxıstan da Narın və “Qəmbərata 1” SES-lərin inşasına qarşı çıxmış və bu məsələdə Özbəkistanı dəstəkləmişdi. Ona görə də Rusiya Narın və “Qəmbərata 1” SES-lərin inşasında tərəddüd etməyə başladı. Hər halda Moskva anlaşmada nəzərdə tutulduğu kimi, Daşkənd və Astananın etirazlarına məhəl qoymadan adıçəkilən obyektlərin inşasını həyata keçirsəydi, onda bölgənin iki böyük dövləti ilə qarşıdurmaya getməli olacaqdı. Moskvada isə hər iki SES-in inşasına görə Özbəkistanla və Qazaxıstanla qarşıdurmaya getmək istəmədilər. Ona görə də Moskva bir müddət hər iki SES-in inşasını müxtəlif bəhanələrlə təxirə salmağa başladı. Dünya bazarında neftin ucuzlaşması və buna paralel olaraq, Rusiyaya qarşı Qərb tərəfindən tətbiq edilən sanksiyalar isə faktiki olaraq Moskvanın adıçəkilən obyektləri inşa etdirməsinə maliyyə vəsaiti tapmamasına gətirib çıxarıb.

Yeri gəlmişkən, onu da deyək ki, Rusiya ilə adıçəkilən anlaşmaların ləğvi barədə məsələ hələ ötən ilin sonunda gündəmə gəlmişdi. Belə ki, ötən ilin sonunda Qırğızıstan Prezidenti Almazbek Atambayev Rusiya ilə “Qəmbərata 1” və Narın SES-lərin inşa edilməsi barədə anlaşmanı ləğv edə biləcəklərini rəsmi şəkildə bəyan etmişdi. O vaxt Atambayev bildirmişdi ki, Rusiya faktiki olaraq hər iki anlaşmanı həyata keçirmək istəmir və ya bunu uzatmaqla müəyyən məqsədlər güdür. Atambayev: “Rusiya anlaşmanın imzalanmasından ötən müddətdə yalnız SES-lərin inşasında işləyəcək inşaatçıların yaşaması üçün şəhərcik və bir neçə ictimai-iaşə obyekti inşa edib. Bizim üçün daha çox strateji önəm daşıyan obyektlərin inşasını isə qarşı tərəf maliyyə çatışmazlığı ilə izah edir. Rusiyanın hazırki vəziyyətini nəzərə alaraq, belə bir qərara gəlmişik ki, Moskva öz öhdəliyini yerinə yetirə bilməyəcək. Ona görə də biz Rusiya ilə imzaladığımız anlaşmadan çıxmağı və SES-lərin inşası üçün yeni investorlar axtarmağı qərara almışıq”,-demişdi.

Narın və “Qəmbərata 1”

SES-ləri kim inşa edəcək?

Rusiya ilə “Qəmbərata 1” və Narın SES-lərin inşası barədə sənədi denonsasiya edəndən sonra Bişkekin adıçəkilən obyektlərin inşası üçün hansı ölkəyə müraciət edəcəyi böyük maraq doğurur. Belə bir fikir vurğulanır ki, Qırğızıstan “Qəmbərata 1” və Narın SES-lərin inşası üçün Çin sərmayəçilərini dəvət etməli olacaq. Hər halda adıçəkilən obyektlərin inşası məsələsini Çindən qeyri ikinci dövlət çətin ki, öz üzərinə götürə bilsin. Çünki Türkiyə və ya Qərbdən olan sərmayəçilərin SES-lərin inşasına sərmayə qoymağa risk edə biləcəyi inandırıcı görünmür. Buna da bir səbəb qonşu ölkələrin – Qazaxıstan və Özbəkistanın hər iki SES-in inşasına etiraz etmələridir. İkincisi isə “Qəmbərata 1” və Narın SES-lərə qoyulan sərmayənin çıxarılması və gəlir əldə edilməsi üçün azı 20-25 il vaxt tələb olunur. Qərbdə isə, adətən, öz xərcini gec çıxaran bu tip obyektlərin inşasına sərmayə qoymurlar. Bu baxımdan Çinin adıçəkilən obyektlərin inşasının davam etdirilməsində iştirak edə biləcəkləri məntiqi baxımdan daha ağlabatan görünür.

Lakin, hələlik, Rusiya ilə adıçəkilən anlaşmaları denonsasiya edən Qırğızıstan inşası nəzərdə tutulan bu obyektlərin kimə, hansı ölkəyə tapşırılacağı barədə hər hanası açıqlama verməyib. Belə güman etmək olar ki, hazırda Bişkek Narın və “Qəmbərata 1” SES-lərin inşası üçün konkret olaraq sərmayəçi tapa bilməyib. Bununla belə, Qırğızıstanın hər iki anlaşmanı təcili şəkildə yeni ilin ilk ayında denonsasiya etməsi Bişkekin, hələlik, adı məlum olmayan hansısa ölkə ilə hər iki obyektin inşası barədə ilkin razılığa gəldiyini ehtimal etməyə imkan verir. Yoxsa Bişkek tələm-tələsik Rusiya ilə münasibətlərdə soyuqluğa səbəb ola biləcək bir addım atmazdı. Bununla belə, istənilən halda Çin və ya hansısa ölkənin “Qəmbərata 1” və Narın SES-lərin inşasını öz öhdəsinə götürməsi, onlarla Özbəkistan və Qazaxıstan arasında qarşıdurmanın yaranması demək olacaq. Bu isə sözügedən SES-lərin inşa edilməsini problemə çevirə bilər.