Qırğızıstan Barak anklavını Özbəkistana güzəştə gedir?

637
Son illərdə Qırğızıstanla Özbəkistan arasında müxtəlif səviyyələrdə özünü göstərən narazılıqlar və qarşıdurmalar hər iki ölkədə yaşayan etnik özbək və qırğız milli azlıqlara münasibətdə özünü xoşagəlməz şəkildə göstərməkdədir. 
Bu baxımdan  Qırğızıstan sərhədindən cəmisi 4-5 kilometr aralıda Özbəkistan ərazisində yerləşən Barak anklavında yaşayan qırğızlar doğma ölkələrinə getmək üçün  müxtəlif sərhəd proseduralarından keçməli olurlar. Buna da səbəb  Özbəkistan tərəfindən sərhədi keçmək üçün pasport buraxılış qaydalarının tətbiq edilməsidir. Belə bir vəziyyətdə isə anklavda yaşamağa məcbur olan qırğızlar çoxsaylı problemlərlə üzləşməli olurlar. Bunu nəzərə alaraq Qırğızıstan hökuməti Barak anklavında yaşayan qırğızların doğma vətənə köçürülməsi barədə qərar qəbul ediblər. Bu məqsədlə də  hökumət qırğızların Barak anklavından vətənə köçürülməsi üçün 3 milyon ABŞ dolları ( 150 milyon som) ayırıb. Buna paralel olaraq Qırğızıstan hökuməti köçürülənlər üçün Qara Su rayonunun Ağdaş aymağındakı ( oymağ) Sarı-Kolotda yeni yaşayış massivinin inşa edilməsi üçün qərar qəbul edib. Eyni zamanda Barak anklavından yeni yaşayış yerinə köçürülən qırğızlar üçün hökumət 200 min som yardım ayırıb. Məsələyə münasibət bildirən Qırğısıtan Baş naziri Coomart ( Comərd) Otorbayev deyib ki,  3 milyon dollar vəsait yeni yaşayış massivində infrastrukturun (yolların elektrik xətlərinin və sosial obyektlərin) yaradılmasına sərf ediləcək. Eyni zamanda geri qaytarılmamaq şərti ilə köçürülən ailələrə 200 min som yardım veriləcək”.

Amma Barak anklavından  köçürülən əhali belə hesab edir ki, 200 min som yeni yerdə yaşayış binası inşa edilməsi üçün çox azdır. Məsələ ilə bağlı Azadlıq radiostansiyasının Qırğızıstan şöbəsinin əməkdaşına verdiyi müsahibəsində Barakdan  köçürülən sakinlərdən biri hazırda kirayədə yaşamağa məcbur olan Kamijan Amirbayev deyib ki, köçürülənlər üçün veriləcək 200 min som çox azdır. Onun sözlərinə görə, əvvəlcə hökumət onlara 1 milyon, sonra 500, daha sonra 400 min som verməyi planlaşdırmışdı. Ancaq sonda bu məbləğ 200 min soma endirildi. Kamiljan Amirbayev : “200 min soma ev tikmək və ya ev almaq mümkün deyil, Üstəlik biz bilmirik bu məbləğı tam şəkildə korrupsiyaya uğramış məmurlardan ala biləcəyik, ya yox”,-deyir.

Yeni yaşayış yerinə köçürüləcək digər sakin Dilşad Ermatov isə deyir ki, yeni yaşayış massivinə yol hələ çəkilməyib. Onun sözlərinə görə köçkünlər üçün ayrılan yerdə nə içməli, nə də əkin üçün su yoxdur. Dilşad Ermatov belə hesab edir ki, hökumət köçürüləcək əhaliyə 200 milyon som ayırmaqdansa, orada yeni yaşayış evləri inşa etsəydi daha məqsədəuyğun olardı. Dilşad Ermatov: “Yaxşı olardı ki, hökumət əvvəlcə köçürüləcək əhali üçün yaşayış evləri inşa edəydi, sonra bu prosesə başlayaydı.”

Qeyd edək ki, bir vaxtlar 1600 nəfər ailəsi olan Barak anklavında cəmisi 20 ailə ( 100 nəfər) qalıb.

Barak anklavından əhalinin Qırğıstana köçürülməsi isə əhali arasında həmin ərazinin Özbəkistana verilməsi kimi dəyərləndirilir.  Bununla bağlı Joqorku Yeneşin ( parlament)  bəzi millət vəkilləri hökumətin köçürülmə siyasətini pisləyərək bunu boş qalacaq qırğız anklavının Özbəkitana verilməsi cəhdi kimi dəyərləndiriblər. Hökumətin millət vəklillərinin bu narahatlığı ilə bağlı gələn ay parlamentdə hesabat verəcəyi və məsələyə aydınlıq gətirəcəyi gözlənilir.