(Arxivdən… Bir zamanlar uşaqlıq illərimin qış fəsli ilə bağlı xatirələrim yadıma düşərkən S. Vurğunun “Yadıma düşdü” qoşmasının təsiri altında dostum İlham Hüseynova yazdığım məktubdan)
Başına döndüyüm, ay əziz dostum,
Qışın o xoş çağı yadıma düşdü.
Kirşəm buz bağlamış yolla getdikcə,
Şimşək tək çaxmağı yadıma düşdü.
Getmir gözlərimdən qar işıltısı,
Çəkilmir qulaqdan qar xışıltısı,
O gələn qızların beş-altısının
Arxamca baxmağı yadıma düşdü.
Gündüzlər çox qısa, gecələr uzun,
Düşərdik dalınca hər bir arzunun.
Hərdən fırlatdığım gabarzunumun
Qurd tək “ulamağı” yadıma düşdü.
Çıxsam da bahara – çıxsam da yaza
Hərdən xəyallarım düşür ayaza…
Ay dostum, sən söylə sevdiyim qıza
Qızarmış yanağı yadıma düşdü.
Gözümə dəyməyir qar lopa-lopa,
Tutulmuram indi qardan da topa.
Dözmək də çox çətin bu dərd, əzaba…
Qınama “uşağı”, yadıma düşdü.
Qvami Məhəbbətoğlu (Rəsulov)
P.S. Gabarzun – ağacdan hazırlanan və bir qədər fırfıraya bənzəyən, qırmancla hərəkətə gətirilən əşya