Qıdı kirvə demiş, ara, bu gada dalidi, nadi?

76

Tarixdə bir çox ağıldankəm hökmdarlar olub. Əslində, dövləti onlar deyil, ən yaxın adamlarından biri idarə edib. Ermənistanın baş naziri Nikol Vovayeviç isə daha orijinal yol seçib. Ermənistanın “yüyən”ini yanındakılardan birinə yox, onun sərhədlərindən min kilometrlərlə uzaqda olanlara tapşırıb. Yəni, müti qul kimi onların komandası ilə oturub-durur. Onların gic və ya ağıllı planlarını yerinə yetirməyə çalışır, tutuquşu kimi ağalarının dediklərini təkrarlayır. Belələrinə bizdə qoymaağıl da deyirlər.  Bunun ağzından gah barıt iyi gəlir, gah sülhdən, əməkdaşlıqdan danışır, gah da bunların hamısını bir yana qoyub “filankəslər gəlsin məsələmizi həll etsin” deyir. Qıdı kirvə belələri haqqında çox yaxşı deyib: -“Ara, bu gada dalidi, nadi?”

Nikolun üzüyolalığını görən bəziləri də ortaya düşüb öz fikirlərini onun qabırğasına döşəməyə çalışanlar da az deyil.

Məlumdur ki, “Qarabağ klanı”nın üzvləri, revanşistlər və daşnaklar Paşinyanı dövlət başçısı kimi saymayaraq onun  siyasətinə qarşı çıxırlar. Nikol ağzını açıb sülhdən danışan kimi həmin bu tör-töküntülər meydana yığışıb ona hədyan oxuyurlar. Məcburiyyət qarşısında qalan Nikol isə artıq bolşeviklərin taktikasına keçib: Bir addım geri atır. Ara bir balaca sakitləşəndə isə iki addım irəli atır. Hazırda vəziyyət o yerə çatıb ki, aciz Paşinyan açıqlaya bilmədiyi fikirləri öz curlarından birinin vasitəsi ilə dövriyyəyə buraxır. Məsələn, Laçın şəhəri və əvvəllər işğal olunmuş bir neçə kəndin qaytarılması barədə topluma danışmağa cürəti çatmayan Paşinyan bu işi ictimaiyyətə sızdırmaq üçün parlamentin milli təhlükəsizlik komitəsinin sədri Andronik Koçaryana həvalə edib. Qulağıkəsik Andronikdən fərqli olaraq bu Andronik isə ermənilərə “ağıllı olun” deyib və həmin kəndlərin qeyd-şərtsiz boşaldılmasını məsləhət görüb. Bəzi davakarları da cavabı bəlli olan bir sualla yerlərində oturdaraq soruşub ki, biz indi Azərbaycanla müharibəyə başlaya bilərikmi?  Başlaya biləriksə hansı ordu ilə? Təbii ki, kimsədən səs çıxmayıb, sual cavabsız qalıb və sanki qurbağanın gölünə daş atılıb. O, xatırladıb ki, Azərbaycan öz ordusunu müasir silahlarla daha da gücləndirir, Ermənistan isə Rusiyanın sovetdənqalma, anbarlarda pas atmış, müasir müharibə üçün yararsız olan silahlarının ümidinə qalıb. Ermənistan dağılmış ordusunu neçə ilə formalaşdıra bilər, bunu hələ bilən yoxdur. Nəvə Andronik ermənilərə eyhamla anladıb ki, ağalarımızın başı özünə qarışıb, bizə köməyə gələn olmayacaq,  başımız qapı arasında qala bilər. Nəhayət, başıpozuq ermənilər başa düşüblər ki, Azərbaycanla daha zarafat etmək olmaz. 1992-ci il artıq tarixin arxivinin dərinliklərində qalıb. Ermənilərin ərköyünlük limiti iki ildir ki, qurtarıb. Azərbaycan bundan sonra Ermənistanın otuz illik vərdişlərinə dözmək həvəsində deyil, “legitim savaş” qapının ağzındadır.

Artıq beynəlxalq ictimaiyyət sülh danışıqlarının pozulmasında Ermənistanın günahkar olduğunu görür. Çünki Paşinyan pozuculuq hərəkətləri ilə bunu açıq göstərir və bununla da ölkəsini çətin vəziyyətə salır. Bu isə Azərbaycana əlavə hər cür şans verir. Özgələrin planları ilə işləyən Paşinyana delimitasiyanı gecikdirməyin haradan tapşırıldığı da məlumdur. Belə olmasaydı Nikol xeyli vaxt adını belə çəkmədiyi “status” söhbətini yenidən ortaya atmazdı. Təbii ki, bunlar “keçinin suyu bulandırmasıdır.” Ancaq əvvəllər olduğu kimi, Ermənistan aranı qarışdırmaqla heç nəyə nail ola bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə Kəlbəcərə səfəri zamanı açıq mətnlə bildirdi ki, əgər Ermənistan delimitasiya məsələsini əngəlləsə, onda biz o məsələni hərbi yolla həll edəcəyik. Yəni, delimitasiyanı Azərbaycan Ordusu təyin edəcəkdir. Xatırlatdı ki, əgər erməni başıpozuqları yola gəlməsələr, dağın başına qoyulmuş “dəmir yumruq” bir gün yenə də ermənilərin başlarına enə bilər. Əlbəttə, yeni zərbə əvvəlkindən qat-qat güclü olacaq. O zaman onları heç astvasları da qoruya bilməz. İndi top Ermənistan tərəfindədir, fikirləşsinlər, can da onların, cəhənnəm də…

İki sahil