Qida əlavələrinin tərkibindəki kimyəvi maddələr öldürücüdürmü?

0
751

Nərmin Haqverdiyeva
Düzgün qidalanma insan orqanizminin sağlamlığı üçün ən önəmli amildir. Sağlam olmaq istəyiriksə, sağlam qidalarla bəslənməli, yediyimiz hər şeyə diqqət etməliyik. Çünki düzgün qidalanma insanlarda görmənin, qan əmələgəlmə prosesinin normallığını, dəri örtüyünün normal vəziyyətini, orqanizmin müdafiə funksiyasının dərəcəsini müəyyənləşdirən zəruri faktordur. Müasir dövrümüzdə təəssüf ki, istifadə etdiyimiz qida məhsullarının çoxunda müxtəlif qida əlavələri, kimyəvi maddələr var. Bu haqda bəzən onların üzərində də qeydlər edilir. Buna nümunə olaraq, sosial şəbəkələrdə yayılan tərxunlu limonad fotoşəklini göstərmək olar. Şəkildə limonadın üzərində “Təbii boya əlavələri: (E102) tərkibində uşaqların diqqətinə və aktivliyinə mənfi təsir göstərən “Tartarzin” boyacısı var, (E131)” qeydi yazılıb.
“Bəzi içkilərin üzərində uşaqlar üçün zərərli faktorlar qeyd olunur”
Bunun nə dərəcədə doğru olduğu haqda araşdırma aparmaq üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayevlə əlaqə saxladıq. İ. Abdullayev bildirdi ki, sosial şəbəkələrdə hər şey yazırlar: “Tartarzin” (E102) əsasən içkilərdə yox, başqa şeylərdə daha çox istifadə olunur. Qidaların tərkibində istifadə olunan qida əlavələri əsasən rəngverici maddələrdir. Məsələn, bunlardan tərxun limonadının və müxtəlif rəngli məhsulların hazırlanmasında istifadə olunur. Bunlar sintetik boya maddələridir. Ancaq “E132”, “131” maddələri tərxun limonadının istehsalı zamanı istifadə olunur. Bunların müəyyən məhsullarda yol verilmə hədləri var. “Tartarzin” (E102) maddəsindən də bəzən sarı rəngli məhsulları, limonadları rəngləmək üçün yaşıl rəngə qatıb istifadə edirlər. Bunun kimi 200-ə qədər rəng var. Bu maddələr sintetik yolla əldə edilən kimyəvi maddələrdir. Kimyəvi maddələr olduğu üçün bunların orqanizmə istər-istəməz təsirləri olur. Ona görə də onun miqdarı, konsentrasiyası müəyyənləşdirilir. Həmin konsentrasiyadan yuxarı olan hallarda istifadəsinə icazə verilmir. Məhz buna görədir ki, bəzi içkilərin üzərində uşaqlar üçün zərərli faktorlar qeyd olunur”.
“Bunların hamısı təhlükəli olmasa da, sintetik yollarla alınanlar təhlükəlidir”
İ. Abdullayev əlavə etdi ki, bunlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qida məhsullarının istehsalında istifadə olunmasına icazə verilən qida əlavələridir: “Ancaq bu əlavələrin qrupları çoxdur. Bunlardan bir qismi də rənglilər qrupuna aiddir. Bu əlavələrdən konfet, limonad istehsalında istifadə olunur. Bir qismi konservantlara aiddir. Bunlar qidaların yararlılıq müddətini artırır. Bakteriyalara qarşı antibakterial təsir göstərir. Bir qismi isə qidanın keyfiyyətini yaxşılaşdırır, turşuluğu tənzimləyir və s. Bunların hamısı təhlükəli olmasa da, sintetik yollarla alınanlar təhlükəlidir. Ancaq bunlarsız mümkün deyil. Məsələn, kolbasanın istehsalında “nitrit” maddəsindən istifadə olunur. Bu maddə olmadan kolbasanın istifadəsi mümkün deyil. Ancaq “nitrit”in də miqdarı var. Məsələn, 100 kiloqram kolbasanın istehsalında 7 qrama qədər “nitrit” maddəsindən istifadə oluna bilər. Ancaq həmin maddədən 30, 40 qram istifadə edilərsə, əlbəttə ki, zərərli olacaq”.
“Yüksək hədd olduqda qaraciyər ona qalib gələ bilmir və zəhərlənmə, allergiya və s. baş verir”
“Bu maddələr Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilərkən onlara müəyyən hədlər qoyulur”,-deyən İ. Abdullayev bu zaman həmin qidaların qəbul miqdarlarının nəzərə alındığını dedi: “Məsələn, hesab edək ki, insan daimi olaraq gündə bir çörək yeyir. Həmin maddələrdən çörəyin tərkibinə qarışdırılsaydı, insan orqanizminə ay ərzində nə qədər daxil olduğu hesablanardı. Buna görə də çörək hazırlanarkən bu miqdar nəzərə alınardı. Daimi qəbul edilən qidaların tərkibində bu maddələrin miqdarı aşağı salınır. Çörəkdə isə belə şeylər olmur. Qidaların xüsusiyyətindən asılı olaraq, səhiyyə orqanları həmin maddələrin orqanizmə gün ərzində maksimum nə qədər daxil olmasını nəzərə alaraq, bunu hesablayır və addım atırlar. Çünki istənilən zərərli maddəni qaraciyər neytrallaşdırır və xaric edir. Ancaq yüksək hədd olduqda qaraciyər ona qalib gələ bilmir və zəhrələnmə, allergiya və s. baş verir. Buna görə də normalar qoyulur. Əgər həmin maddələrdən normalara uyğun əməl olunursa, bu zaman heç bir mənfi təsiri ola bilməz. Qeyd etdiyim kimi, həmin maddələrin istifadəsinə gəldikdə isə, bu zəruridir. Əgər limonada o rəng vurulmasa, adi su rəngində olacaq. Eynilə də, konfetə rənglər vurmasaq, hamısı eyni rəngdə olacaq”.
Qeyd edək ki, sözügedən “Tartarzin” (E102 ə E102 a) maddəsi qidalara və içkilərə sarı rəng vermək üçün istifadə olunan qatqı maddəsidir. Bu maddə alkoqolsuz içkilərin, dondurmaların, konfetlərin, pudinqlərin və spagettinin tərkibində var. Normaya əməl olunmadıqda dəri səpgilərinə, görmə zəifliyinə, allergiyaya və astmaya səbəb ola bilir.