Qibtə etdiyim peşə

Dünən bir yaxınımla söhbət əsnasında ağlıma bir sual gəldi. Həmin yaxınım həkimlərdən, Tibb Universitetində qəbul və ondakı dəyişikliklərdən danışar, həkimlik sənətinin çətinliklərindən bəhs edərdi. Altı il təhsil, üstəgəl bir neçə il “interna” adlandırılan təcrübə dövrü və s. və i.a. Bir sözlə, yaxınımın haqlı olduğu məsələ budur ki, həkim olmaq müşkül məsələdir. Mən də onun bu fikirləri ilə şərikəm.
 

Amma eyni zamanda mən də müəlliməm və hər hansı bir peşədən, sənətdən söz düşəndə onu müəllimliklə müqayisə etmədən keçə bilmirəm və elə buna görə də yaxın adamımın sözlərini dinləyə-dinləyə bir tərəfdən də onun sözlərini, gileylərini müəllimlik vəzifəsi ilə müqayisə edirdim.

Bəri başdan bir daha təkrar edirəm ki, o adamın həkimlik peşəsinə yiyələnmək üçün keçilməsi gərək olan çətinliklərə haqq qazandırıram. Çünki biz həkimə sağlamlığımızı, bir az da dərinə getsək, ömrümüzü həvalə edirik. Həkimin azacıq səhvi bizi ya şikəst edər, ya ömürlük yatağa məhkum edər, ya da qəbrə göndərər. Buna görə də həkim olmaq istəyən adamı nə qədər çox oxutsan, nə qədər təcrübə keçməyə cəlb etsən, yeri var.

Bəs müəllimlik?

Axı müəllimlik peşəsi heç də həkimlik peşəsindən yüngül, ondan az əhəmiyyətli deyil! Həkim insanın cəsəd adlanan, gözləri ilə gördüyü, qulaqları ilə eşitdiyi bədəninin, onun orqanlarının sağlamlığı ilə məşğul olursa, müəllim əksinə, insanın gözlə görünməyən, qulaqla eşidilməyən, əlləri ilə toxunulması mümkün olmayan ruhunun, qəlbinin, ağlının sağlamlığı ilə, tərbiyəsi ilə məşğul olur, onları tənzimləməyə, lazımi istiqamətə yönəltməyə, inkişaf etdirməyə çalışır. Amma çox qəribədir ki, bütün bunları etmək üçün ona cəmi dörd il təhsil almaq kifayət edir (?).

Görəsən, bu dörd ildə tələbə insan ruhuna, qəlbinə bələd ola bilirmi? Ruhun fakültələrini, qəlbin qidalarını, ağlın idarəsini mənimsəmiş olurmu? Ümumiyyətlə, ali pedaqoji məktəblərdə, fakültələrdə yuxarıda sadalananlar tədris edilirmi? Bu elmləri tədqiq edən institutlar, kafedralar vardırmı?

Biz universitetlərdə psixologiya elmini tədris edirik, çünki müəllim psixoloq olmalıdır. Psixoloq olmalıdır ki, qarşısındakı şagirdlərin psixi (ruhi) hallarını təsbit və tərbiyə edə bilsin. Amma psixologiya elmi maddi olan beyindən kənara çıxmır, çıxa bilmir. Psixoloqlarımızın bir çoxu hələ də elə zənn edir ki, insanın hiss və duyğuları hafizə, diqqət, təfəkkür, təzəkkür, qəzəb, iradə, vicdan və s. bu kimi mənəvi hiss və duyğuları, “mexanizmləri” maddi olan beyində yerləşmişdir. Mənəvi olanı maddi olanla izah etməyə çalışırlar, çünki mənəvi varlığı qəbul belə etmək istəməyənlər kifayət qədər çoxdur. Halbuki ağıl, şüur, qəzəb, sevgi, şəfqət, mərhəmət, xeyirxahlıq, səxavət, qısqanclıq, ədavət, kin, xəsislik, iradə, vicdan və s. bu kimi mənəvi “cihaz” və lətifələr beyin kimi maddi şeylə izah edilə bilməz. Bunu etmək istədikdə də doğru nəticə əldə edilə bilməz, əksinə, tamamilə yanlış, səhv döngəyə girər və oradan çıxmaq mümkün olmaz (necə ki, indiyə qədər də çıxa bilməmiş, ortaya konkret bir həll üsulu, çarəsi qoya bilməmişlər).

Biz universitetlərdə pedaqogika elmini tədris edirik. Pedaqogika ruha müdaxilə etmək, onun lətifələrini, “fakültələrini” görə bilmək və idarə etmək, başqa sözlə, tərbiyə etmək sənətidir. “Tərbiyə” sözü “xam materialı ən kamil şəklə salma” kimi izah edilə bilər. Məsələn, bizim çox sevdiyimiz “mürəbbə” sözünün kökü də, yaxın keçmişimizdə “tərbiyəçi” mənasında işlədilən “mürəbbe” sözünün kökü də “tərbiyə” kimi eyni kökdən gəlir. Amma nə edəsən ki, müasir pedaqogika ilə psixologiya bir-birlərindən az qala qalaktikalar qədər uzaq düşmüşlər. Amma olan da insana olur…

Bütün bunları nəzərdən keçirdikdən sonra bir daha həkimliklə müəllimlik peşəsinin müqayisəsinə qayıdası olsaq, qarşımıza necə bir mənzərə çıxacaqdır?

Sizi bilmirəm, amma mən həkimlik peşəsini seçənlərə qibtə edirəm. Kaş müəllimlik peşəsinə də həkimlik qədər ciddi, məsuliyyətlə yanaşaydıq! Müəllimlik peşəsini seçənlərə həqiqi psixologiya, həqiqi pedaqogika dərsi keçə və onları sinfə göndərməzdən əvvəl, heç olmazsa, beş il sınaqdan keçirə biləydik! Bəs necə! Axı onlara gələcəyimizi, insanımızı, övladlarımızı etibar edirik!

Həkimin səhvi ya şikəstlik, ya ölümdür. Müəllimin səhvi insanı bir fərd olaraq əbədi məhvə məhkum etməkdir, bir millət olaraq, bir xalq olaraq zillətə, köləliyə, səfalətə, ədavətə məhkum etməkdir.

Hansı daha məsuliyyətlidir?

Nazim Əkbərov