Qeyri-səlis məntiq…

0
488

Dünya bazarlarında benzinin qiymətini neftin qiyməti müəyyən edir. Yəni, neftin qiymətinin benzinin qiymətinə birbaşa təsiri var. Benzinin və eyni zamanda da digər yanacaq növlərinin xam neftdən hazırlandığını nəzərə alsaq bu məhsulun ucuzlaşmasının benzinin qiymətinə də təsir edəcəyi qaçılmazdır. Bunu son 2 il ərzində baş verən qiymət dəyişiklikləri də sübut edir. SOCAR-ın açıqladığı məlumatlara görə, ötən ay dünya bazarında Azərbaycan neftinin də daxil olduğu Ceyhan tipli xam neftin qiyməti 32 dollar (1 ton üçün) olub. Təxminən 2 il əvvəl – 2013-cü ilin noyabr ayında bu rəqəm 3,4 dəfə və ya 78 dollar çox – 110 dollar təşkil edib. Benzinin qiymətidə xam neftin qiymətindəki ucuzlaşma ilə təxminən eyni səviyyədə aşağı düşüb. SOCAR-ın məlumatına görə, 2013-cü ilin noyabr ayında dünya bazarında benzinin qiyməti (1 ton üçün) 929 dollar, dizelin qiyməti isə 910 dollar olduğu halda, bu ilin yanvar ayında benzinin qiyməti (1 ton üçün) 400 dollar, dizelin qiyməti isə 272 dollar olub. Son 2 il ərzində benzinin qiyməti 2,3 dəfə (529 dollar), dizelin qiyməti isə 3,3 dəfə (638 dollar) ucuzlaşıb. Göründüyü kimi dünya bazarlarında benzinin qiyməti xam neftin qiymətindəki dəyişikliklərdən birbaşa asılıdır. Hətta dizelin qiyməti neftin qiyməti ilə demək olar ki, eyni səviyyədə aşağı düşüb. Qeyd etdiyim kimi bunu SOCAR-ın açıqladığı rəsmi məlumatlar əsasında hesablamışam. Dünyanın əksər ölkələrində də son illər yanacağın qiymətində ciddi enişlər müşahidə olunur. Yanacağın qiymətinin dəyişmədiyi azsaylı ölkələrdən biri də Azərbaycan hesab olunur.
İndi əsas müzakirə mövzusu da elə budur: neft ucuzlaşır, ancaq benzin niyə ucuzlaşmır?
Ötən həftə 50 mindən artıq işçisi olan, dünyanın onlarla ölkəsində nümayəndəliyi fəaliyyət göstərən SOCAR-ın prezidenti Rövnəq Abdullayevə bu məsələyə qismən aydınlıq gətirdi. SOCAR prezidenti gənclərlə görüşdə bəyan etdi ki, neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur. Ancaq qeyd etdiyim kimi, SOCAR prezidentinin bu açıqlaması yuxarıda səsləndirdiyim sualı tam şəkildə cavablandırmır. Yəni, SOCAR prezidenti “neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur” həqiqətini söyləsə də bunun hansı səbəbdən belə olduğunu açıqlamayıb.
“Neftin qiymətinin Azərbaycandakı benzinin qiymətinə heç bir təsiri yoxdur” həqiqət olsa da, bunun səbəbini klassik məntiqlə izah etmək mümkün deyil. Çünki klassik məntiq bizə deyir ki, qatığın qiyməti südün, çörəyin qiyməti unun, ətin qiyməti heyvanın qiyməti ilə birbaşa bağlıdır. Bunun əksini sübut etmək üçün ABŞ-da yaşayan həmyerlimiz Lütfizadənin “qeyri-səlis məntiq” nəzəriyyəsindən istifadə etmək olar…
Nədir “qeyri-səlis məntiq” nəzəriyyəsi? Bu nəzəriyyəni bir cümlə ilə belə izah etmək olar ki, “qatıq yalnız ağ rəndən ibarət deyil”. Yəni dünyada qəti olaraq tam ağ və qəti olaraq tam qara deyilən rəng yoxdur. Bu iki rəngin arasında minlərlə çalar dəyişikliyi var. Başqa cür desək səbəb və nəticə arasındakı əlaqə hər zaman eyni cür olmur. Yəni südün ağ olması qatığın da ağ olacağı mənasına gəlməməlidir.
Məsələn, Tarif Şurası 2 dekabr 2013-cü ildə benzinin qiymətini qaldırıb. Qiymətlərin qaldırılma səbəbi kimi aksiz dərəcələrinn artırılması göstərildi. Belə ki, Nazirlər Kabinetinin 2 dekabr 2013-cü il tarixli qərarı ilə (Tarif Şurası benzinin qiymətini bu qərardan dərhal sonra artırıb-red.) neft məhsullarının, o cümlədən benzinin və dizelin qüvvədə olan aksiz dərəcələri artırılıb. Qərara görə, Aİ-95 markalı benzinin aksiz dərəcəsi 101%-dən 159%-ə çatdırılıb. Təxminən 2 ay sonra Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixində yeni bir qərar qəbul edərək aksiz vergilərini əhəmiyyətli dərəcədə azaltdı. Dəyişikliyə görə, Aİ-95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159%-dən 64%-ə endirildi. Ancaq Tarif Şurası 2 dekabr 2013-cü ildə benzinin qiymətinin qaldırılma səbəbi kimi göstərdiyi aksiz dərəcələrinin enməsinə baxmayaraq qiyməti aşağı salmadı. Aksiz vergisinin məbləğini düşürərək şirkətdaxili qiymətləri yüksəltdi….

Allahverdi Cəfərov