Qeyri-neft sektoru: ÜDM-də payı böyükdür, bəs ixracda necə?

52

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal (ÜDM) olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

Göründüyü kimi, ÜDM-in artımı əsasən qeyri neft-qaz sektorunun hesabına davam edir. Bu sektorun ÜDM-də payı cari ilin yanvar-sentyabr aylarında 51,3 faiz olub. Bu mənada ÜDM-dəki artım qeyri neft-qaz sektorundakı yüksək artım tempi ilə əlaqədardır. Çünki qeyri-neft sektorunun iqtisadiyyatdakı payı neft-qaz sektoru ilə demək olar eynidir.

O da məlumdur ki, ölkə iqtisadiyyatının əsas hissəsini sənaye təşkil edir. Rəsmi statistikaya görə, carin ilin yanvar-sentyabr aylarında ÜDM-in 52,2 faizini iqtisadiyyatın bu sahəsi təşkil edib. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 7,2 faiz artıb. Lakin neft-qaz sektorunun bu sahədə payının böyük olması ümumi sənaye istehsalında 0,6 faizlik kiçilməni qaçılmaz edib. Belə ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini sənaye təşkil etsə də, bunun 80 faizə qədəri neft-qaz sənayesinin payına düşür.

Ümumilikdə isə cari ilin 9 ayının yekunlarına görə, sənaye məhsulunun 75,8 faizi mədənçıxarma sektorunda istehsal olunub. Sənayenin lideri olan mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalsa da, əmtəəlik qaz hasilatı 9,8 faiz artıb. Görünən odur ki, qaz hasilatının artması neft-qaz sektorundakı azalmanı kompensasiya etməyib.

Həmçinin investisiyalar üzrə artımda da qeyri neft-qaz sektoru öndədi. Belə ki, cari ilin 9 ayında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,1 faiz artıb.

Lakin ixraca gəlincə, vəziyyət fərqlidir. Hesabat dövründə ixrac edilmiş ümumi məhsulların cəmi 7,17 faizi qeyri-neft sektoruna aid olub. Cari ilin yanvar- sentyabr aylarında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 17 faiz artsa da bu sektorun ixracda payı 5,2 faiz bənd azalıb.

Ceyhun Piriyev, “İki sahil”