Qeyrətin sürəti

514

Son günlər hamı ondan danışır, yazı-pozudan az-çox başı çıxanlar ondan yazırlar. Bircə mən qalmışdım ondan danışmayan, yazmayan. Odur ki, bu “boşluğu” doldurmaq qərarına gəldim. Mənim bu məsələyə baş qoşmağım da səbəbsiz deyil. Qorxuram ki, danışmasam, yazmasam, nüfuzuma xələl gələ. Ondan sonra kimdir həmin nüfuzu bərpa etmək üçün dəridən-qabıqdan çıxan? Buna mənim nə hövsələm var, nə də həvəsim. Başım özümə o qədər qarışdı ki, söhbətin kimdən getdiyini də söyləmədim. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət “Bakı”nın gənc futbolçusu Qeyrət Əliyevdən gedir.

Bəli, foto və videolara istinad edən sosial şəbəkəsçilər ərz edirlər ki, guya bu Qeyrət özünəməxsus maşınını saatda 200-250 ilə qovur. Qeyrət də car çəkir ki, ay camaat, vallah-billah, həmin foto və videolar montaj olunub: “Videolardakı mənim avtomobilimin modelindəndir. Amma göründüyü kimi, oradakı maşın kupedir, məndə isə 4 qapılıdır. Model eynidir, ancaq fərqli maşındır”. Bəli, Qeyrət bəyin sözlərindən belə məlum olur ki, kimlərsə ona bu yolla torba tikmək istəyirlər. Özünün dediyi kimi, ayağının altını qazımağa çalışırlar.

Şəxsən mən onun nə söylədiklərinin, nə də haqqında danışılanların, yazılanların fərqindəyəm, bu məsələyə baxışım alayıdır. Mənim fikrimcə, həmin şəkil və videoların kimin tərəfindən montaj olunmasından asılı olmayaraq, futbol aləmində o qədər də tanınmayan Qeyrət məhz bu yolla ictimaiyyət arasında tanınmaq eşqinə düşüb. (Eşq də elə şeydir ki, şair demişkən, giriftar olmayanlar bilməzlər). Yəni meydançadakı öz oyunu ilə diqqət mərkəzinə düşə bilməyən bu futbolçu həmin yolla hamını özünə cəlb etmək fikrində düşüb. Son illər şou aləminin nümayəndələri məhz bu kimi üsullarla özlərini camaata sırımayırlarmı? Ola bilsin ki, Qeyrət bəy də elə bu məqsədlə belə bir addım atıb? Və istəyinə nail olub. Bu gün bir çox mətbuat orqanlarının, sosial şəbəkələrin ondan geninə-boluna söz açması dediklərimin sübutudur. Bunun nəyi pisdir ki? Buna görə adamın dalınca nə gəldi danışılarmı, yaxud yazılarmı? Ay bu barədə danışan, ay bu barədən yazan, heç olmasa insafınız olsun da…

Hə, lap az qala unudacaqdım. Bəziləri yazırlar ki, “şumaxerlik” edən bu gənc insanlar üçün potensial ölüm mənbəyidir, yəni kimlərə isə zərər yetirə bilər, bununla da öz futbolçu karyerasını tamamlayar. Ay rəhmətliyin nəvəsi, axı siz niyə belə düşünürsünüz? Məgər bir zamanlar avtoşluq edən Araz Abdullayev bir insanın həyatına son qoymadımı? Ona “gözün üstə qaşın var” deyən tapıldımı? Yox. Ola bilsin ki, Qeyrət bəyin bundan da xəbəri var. Odur ki o da qurtula biləcəyinə əmindir.

Digər tərəfdən, Qeyrət bəy öz asudə vaxtını bir şeyə sərf etməlidir, ya yox? Guya Qeyrət bəyin kitab oxuması, yaxud daş daşıması ilə bağlı fotoları yayılsaydı, müzakirə obyektinə çevrilməyəcəkdir? Təbii ki, çevriləcəkdir. Yaxud çayxanada, “pivnoyda” görünsəydi, gündəmə gəlməyəcəkdir? Təbii ki, gələcəkdir. İndi o, mehrini maşına, avtoşluğa salıb deyə qınanmalıdır? Bir də bizim ölkəmizdə “avtoş”luğun bir çox adamlar üçün əyləncə olduğu heç kimə sirr deyil. Niyə qoymursunuz Qeyrət istədiyi kimi əylənsin? Niyə ona paxıllıq edirsiniz?

Mənim fikrimcə, Qeyrət bəy bu hərəkəti ilə həm də mənsub olduğu komandasının, yəni “Bakı”nın problemlərini kölgədə qoymağa danail olub. Artıq həmin görüntülər paylanan gündən kimsə “Bakı”nın Yaşarından, İbrahim Uzuncasından söz açmır. Digər tərəfdən, o, hamıya nümayiş etdirdi ki, “Bakı”da “acından ölürük” deyib pul davası edənlər heç də səmimi deyillər. Onlar sadəcə şou göstərirlər. Axı acından ölənin belə bahalı maşını olmaz. Məhz buna görə o, “Bakı”nın hər cür təşəkkürünə layiqdir. Məncə, “Bakı” buna görə Qeyrət bəyə yeni bir maşın da bağışlasa pis olmaz.

Qvami Məhəbbətoğlu