Qaziantepdə toy mərasimində partlayışı 12-14 yaşlı canlı bomba törədib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdəki toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib. R. T. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da kənardan uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.

Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. Məktubda deyilir:

“Əziz qardaşım,

Qaziantep vilayətində toy mərasimi zamanı törədilmiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu amansız terror əməlindən, ölkənizdə xaincəsinə törədilmiş digər terror aktlarından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”