Qazaxıstanlı vəkil Jirinovskiyə cəza verilməsini tələb edir

487
Qazaxıstan rəsmi şəkildə Rusiya Dövlət Dumasının deputatı və vitse spikeri Vladimir Jirinovskinin ölkənin təhlükəsizliyini şübhə altında qoyan açıqlama verməsindən və buna görə onun cəzalandırılmamasından narahatdır. 
Bu barədə mətbuata verdiyi məlumatda Qazaxıstandan olan vəkil Askar Kaymakov deyib. Onun sözlərinə görə, Rusiya Dövlət Dumasında yüksək vəzifələrdən birini-vitse spiker postunu tutan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski dəfələrlə qazaxları və MDB məkanındakı digər müstəqil müsəlman dövlətlərini təhqir edən ifadələr işlədib və işlətməkdə davam edir. Ötən ilin fevral ayında Vladimir Jirinovski “23 fevral-Vətənin müdafiəsi günü” münasibətilə keçirilən mitinqdəki çıxışı zamanı Qazaxıstanın və digər Orta Asiya dövlətlərinin müstəqilliyini şübhə altına alan təhqiredici ifadələr işlədib. O, müvafiq ali orqanlara müraciət edərək, onları Qazaxıstan və digər Orta Asiya dövlətlərinin yerində  “Orta Asiya federal  dairəsi” təşkil etməyə çağırıb. Onun bu açıqlaması isə Qazaxıstanda geniş əks-sədaya səbəb olaraq, ölkədə antirusiya ovqatının genişlənməsinə yol açıb. Jirinovskinin son açıqlaması ilə bağlı qazaxıstanlı vəkil Askar Kaymakov Rusiya Baş Prokurorluğuna onun cəzalandırılması ilə bağlı rəsmi şəkildə müraciət edib. Vəkil bununla bağlı yazdığı iddia ərizəsində bildirib ki, Rusiya Cinayət Kodeksinin 3 maddəsi-insan ləyaqətinin alçaldılması və xalqlar arasında düşmənçiliyin körüklənməsi, ekstremist çağırışlara, qızışdırıcı fəaliyyətə və müharibə çağırışlarına görə Jirinovski məsuliyyətə cəlb edilməlidir. Amma Rusiya baş prokuroru Askar Kaymakovun şikayəti əsasında Jirinovskiyə qarşı cinayət işi başladılması əvəzinə iddia məktubuna baxılmaq üçün hüquqi baxımdan ciddi qərar qəbul etmək səlahiyyəti olmayan Rusiya Federasiya İstintaq Komtəsinə göndərib. Bu komitə isə 10 ay ərzində şikayət ərizəsinə baxmayıb. Kaymakovun bu süründürməçiliklə bağlı yenidən Rusiya baş prokuroruna müraciət etməsindən sonra komitədən bildiriblər ki, Jirinovskinin Qazaxıstanı təhqir edən açıqlaması onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Qazaxıstanın bu cavabdan narazı qalması və etirazını bildirməsindən sonra məsələ bu dəfə baxılmaq üçün Dövlət Dumasının Etika məsələləri komissiyasına göndərilib. Belə başa düşmək olar ki,  Rusiya Jirinovskinin Qazaxıstan və Orta Asiya dövlətlərinin müstəqilliyini şübhə altına alan açıqlamlarına görə onu məsuliyyətə cəlb etmək niyyətində deyil.  Xatırladaq ki, adıçəkilən mitinqdəki çıxışında Vladimir Jirinovski: “Orta Asiyada heç bir respublika və dövlət mövcud ola bilməz. Bu ərazidə mərkəzi Vernıy ( indiki Almatı) şəhəri olan Orta Asiya federal dairəsi yaradılmalıdır. Bu gün Almatı adlandırılan bu şəhər mənim doğma yurdum, anadan olduğum yerdir. Bu ərazidə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan dövlətləri olmamalıdır. Onların yerində yenidən Orta Asiya federal dairəsi təşkil edilməlidir”,-demişdi. Jirinovskinin bu açıqlaması isə birbaşa Rusiyanı adıçəkilən ölkələrə qarşı müdaxilə çağırışı anlamına gəlir. Bununla bağlı Qazaxıstanın və digər Orta Asiya respublikalarının etirazlarına baxmayaraq, Jirinovskinin cəzalandırılmaması Moskvanın sonuncunu qeyri-rəsmi şəkildə dəstəkləməsi kimi qəbul edilə bilər.

Əziz Mustafa