Qazaxıstanda turizmin inkişaf etdirilməsi prioritet sahəyə çevrilir

735
Müstəqilliyini əldə edəndən sonra qeyri-neft sahələrinin inkişaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayan Qazaxıstan bu çərçivədə də ölkədə turizm sahəsinin genişləndirilməsi ilə bağlı dövlət səviyyəsində müvafiq tədbirlər həyata keçirməkdədir.
 Bununla bağlı Qazaxıstan hökumətinin  keçirdiyi xüsusi müşavirədə ölkədə 2020-ci ilə kimi turizmin inkişaf etdirilməsi qızğın müzakirə obyekti olub. Bu da əsassız deyil. Belə ki, turizm sahəsi dünyada ən qabaqcıl və gəlirli yerlərdən birini tutur. Təsadüfi deyil ki, hazırda dünyada turizm sahəsində 75 milyon nəfər çalışır. Bu o deməkdir ki, əməkqabiliyyətli dünya əhalisinin hər 10-12 nəfərindən biri turizm sahəsində çalışır. Digər tərəfdən, diqqəti cəlb edən ən önəmli amillərdən biri də turizm sahəsində işləyənlərin 70 faizini gənclərin təşkil etməsidir. Bu isə, öz növbəsində, gənclərin işsizlik problemlərinin həllində böyük rol oynamaqdadır. Buna paralel olaraq, dünya təcrübəsi göstərir ki, turizm sahəsində əldə edilən gəlirlər adambaşına düşən ümumdaxili məhsulu bir neçə dəfə üstələyir. Üstəlik, turizm sahəsində az sərmayə və ucuz işçi qüvvəsi ilə daha çox gəlir əldə etmək mümkündür.

Məsələnin məhz bu tərəfinə  diqqəti cəlb edən Qazaxıstan yeni texnologiyalar və sənaye naziri Aset İsekeşevin sözlərinə görə, Qazaxıstanda turizm sahəsinin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Nazir: “Qazaxıstan Çin, Hindistan, Rusiya və digər ölkələrin  turistləri üçün əlverişli istirahət mərkəzlərinə çevrilə bilər. Belə ki, bununla bağlı ölkəmizdə bütün şərait var. Məhz mövcud təbii zənginliyimizi nəzərə alaraq, turizmi ölkəmizdə sürətlə inkişaf etdirmək niyyətindəyik. Bu məqsədlə də 2020-ci ilə kimi Qazaxıstanın dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün planlarımız var”,- deyib.

İsekeşev Samruk-Kazın- Bayterek zonasının xüsusi turist mərkəzinə çevriləcəyini və bu məqsədlə də adıçəkilən ərazidə dövlət səviyyəsində xüsusi layihələrin həyata keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, turizmin inkişaf etdirilməsi ilə bağlı Qazaxıstanda ilkin mərhələdə bu sahəyə 2 milyard ABŞ dolları həcmində sərmayə qoyulması və bunun əsasında 50-60 min yeni iş yerlərinin yaradılması nəzərdə tutulub. Amma sonrakı mərhələdə Qazaxıstanda turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sahəyə 4,5-5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması və 150-170 min yeni iş yerinin açılması planlaşdırılıb. Ümumiyyətlə isə, 2020-ci ilə kimi Qazaxıstanda turizm sahəsinin inkişaf etdirilməsinə 6-6,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması və bu çərçivədə  də ölkədə  270-300 min nəfərlik yeni iş yerlərinin açılması nəzərdə tutulub.

Artıq ölkədə turizmin inkişaf etdirilməsü üçün müvafiq 7 ərazi ayrılıb. Bu ərazilərdə yeni istirahət-turizm mərkəzlərinin yaradılmasına xarici şirkətlərin cəlb edilməsi ilə bağlı artıq danışıqlar da aparılır. Belə ki, ilkin danışıqlara əsasən, turizm sahəsində böyük təcrübəsi olan Sinqapur, Koreya və digər ölkələrin turizm-inşaat kompaniyaları Qazaxıstanda turizmin inkişaf etdirilməsinə sərmayə qoymağa razılıq veriblər. Bundan əlavə, Qazaxıstan hökuməti ölkədə turizmin inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən layihələri maliyyələşdirmək niyyətindədir. Bu məqsədlə dövlət tərəfindən 10 milyard ABŞ dolları ayrılacaq. Bu məbləğin böyük hissəsi yerli turizm şirkətlərinə və turizm sahəsində ixtisaslaşan iş adamlarına ən aşağı faizlə kredit şəklində veriləcək.  Eyni zamanda ölkəyə turistlərin sərbəst şəkildə vizasız gəlişinə imkan yaradılacaq. Turizmin inkişaf etdirilməsindən isə ilkin mərhələdə ildə 10, sonrakı mərhələlərdə isə 25-30 milyard ABŞ dolları həcmində gəlir götürmək planlaşdırılıb.

Əziz Mustafa