Qazaxıstanda korrupsiyaya qarşı mübarizə genişlənir

515
Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qazaxıstan sürətlə inkişaf edərək Orta Asiya və türk dünyasının lider dövlətlərindən birinə çevilməkdədir.
 Bu müstəvidə də təbii ki, Qazaxıstanın demokratik, hüquqi baxımdan inkişaf etmiş sivil dövlətə çevrilməsi ilk növbədə korrupsiyaya qarşı mübarizənin ən yüksək səviyyədə təşkil edilməsindən asılıdır. Qazaxıstanın gələcəyi üçün önəmli olan bu məsələ isə Prezident Nursultan Nazarbayevin daim diqqət mərkəzindədir. Məhz Nazarbayevin təşəbbüsü ilə MDB məkanında ilk dəfə Qazaxıstanda “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun qəbul edilib. Bu qanunun qəbul edilməsindən sonra ölkədə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qaldırıldı və nəticədə son illərdə vəzifələrindən sui-istifadə edən və qanunları kobud şəkildə tapdalayaraq, korrupsiyaya qurşanan yüzlərlə məmur həbs edilib. Korrupsiyaya qarşı mübarizə çərçivəsində ötən gün ölkənin keçmiş Baş naziri və müdafiə naziri Serik Əhmədovun həbs edilməsi nəinki MDB məkanında, həm də beynəlxalq aləmdə geniş əks-sədaya gətirib çıxarıb. Keçmiş Baş nazir və müdafiə naziri Serik Əhmədovun həbsi ilə bağlı Qazaxıstan korrupsiyaya qarşı mübarizə və dövlət xidməti agentliyi tərəfindən yayılan məlumata görə, Serik Əhmədov korrupsiyada və vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır. Eks baş nazirin həbsindən əvvəl Nazarbayev Qazaxıstanın Baş prokuroru Asxat Daulbayev və Qazaxıstan korrupsiyaya qarşı mübarizə üzrə dövlət xidmətinin rəhbəri Kayrat Kojamjarovla görüşərək onlarla ölkədə baş verən bəzi neqativ halları, yüksək səviyyəli məmurların vəzifələrindən sui-istifadə etmələrini və bu çərçivədə korrupsiyaya qarşı mübarizə yollarını müzakirə etmişdi.  Daulbayev və Kojamjarovla söhbətində Nazarbayev Qazaxıstanın postsovet məkanı ölkələri arasında korrupsiyayaya qarşı mübarizə barədə  qanun qəbul edən ilk ölkə olduğunu, ancaq bu mübarizənin sona kimi uğurla aparılmasına nail ola biliməməsindən narazılıq edib. Nursultan Nazarbayev : “Bu qanunu qəbul edərkən mən bütün ölkə əhalisinə müraciət edərək korrupsiyaya qarşı mübarizədə heç kimə güzəşt edilməyəcəyini bəyan etdim. Hətta ən yaxın adamlarım, doğmalarım olsa belə, onların korrupsiyaya qurşanmasını, qanunları tapdalamalarını bağışlamayacağımı bildirdim. Bir daha təkrar edirəm: biz kadr hazırlanması və aşağı vəzifəli məmurun nazir vəzifəsinə yüksəlməsinə nail olunması üçün çox vaxt itiririk. Məmurun kiçik vəzifədən ölkəni idarə edə biləcək rəhbər vəzifəsinə gələ bilməsi üçün dövlət xəzinəsindən milyonlar xərcləyirik. Sonra da məlum olur ki, onlar dövlətə sədaqətlə xidmət etmək, qanunların aliliyini təmin etmək, vəzifələrini vicdanla yerinə yetirmək əvəzinə rüşvətxorluqla məşğul olur, korupsiyaya qurşanır və bununla da vətəndaşları dövlətdən narazı salırlar. Doğrudanmı bu adamlar adi insani, dövlət və xalq qarşısında hansı məsuliyyət daşıdıqlarını dərk etmirlər? Mən bunun səbəblərini başa düşməkdə çətinlik çəkirəm. Ona görə də bir daha xəbərdarlıq edirəm: Dövlətdə tutduğu vəzifəsindən asılı olmayaraq qanunları pozanlar, vəzifələrindən sui-istifadə edənlər, şəxsi maraqlarını önə çıxaranlar kimliklərindən asıl olmayaraq sərt şəkildə cəzalandırılacaqlar”,-deyib.

Nazarbayevin məhz baş prokurorla və korrupsiyaya qarşı mübarizə üsrə dövlət agentliyinin rəhbəri ilə görüşündən sonra eks baş nazir və müdafiə naziri Serşk Əhmədov həbs edildi və ona böyük həcmdə rüşvətxorluq və korrupsiyaya görə ittiham irəli sürüldü.  Yeri gəlmişkən onu da deyək ki, Serik Əhmqədov yaxın vaxtlara kimi ölkənin müdafiə naziri vəzifəsini həyata keçirirdi.

O vəzifəsindən götürüləndən sonra belə demək mümkünsə gözdən düşmüş hesab edilirdi. Ancaq onun həbs edilməsinə çoxları inanmırdı. Çünki Serik Əhmədov hökumətdə kifayət qədər yüksək vəzifələr tutmuş, Baş nazir, müdafiə naziri vəzifələrində çalışmışdı. O, bir vaxtlar ölkənin idarə edilməsində belə demək mümkünsə Nazarbayevin sağ əli hesab edilirdi. Serik Əhmədovun həbsindən əvvəl bu ilin sentyabr ayında Karakanda vilayətinin rəhbəri Baurjan Abdişev cinayət məsuliyyətinə cəlb edilmiş və haqqında həbs qərarı qəbul edilmişdi. Abdişev isə eks baş naziirn sağ əli hesab edilirdi. Abdişevlə bərabər onun əlaltıları, eyni zamanda eks baş nazirin yaxınları hesab edilən daha bir neçə yüksək vəzifəli məmur həbs edilib. Bu çərçivədə də Serık Əhmədova yaxın hesab edilən və hazırda  daha yüksək vəzifələr tutan daha bir  neçə nəfərin həbs ediləcəyi ehtimal edilir. Bütün bunlar isə Qazaxıstanda korrupsiya ilə mübarizənin yeni mərhələyə daxil olduğunu göstərir.