Qazaxıstan və Özbəkistan strateji əməkdaşlıq yolu seçdilər

0
538
Son illərdə Orta Asiyanın ən böyük dövlətlərindən olan Özbəkistanla Qazaxıstan arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə əməkdaşlıq sürətlə inkişaf etdirilməkdədir.
 Buna səbəb isə hər iki dövlətin müstəqilliyinə xaricdən gözlənilən təhlükədir. Belə ki, iri dövlətlər, o cümlədən Rusiya, ABŞ və onun Qərbdəki müttəfiqləri, həmçinin sürətlə inkişaf etməkdə olan Çin arasında Orta Asiya uğrunda gedən mübarizə Qazaxıstan və Özbəkistanı öz milli, hərbi, iqtisadi və strateji maraqlarını birgə müdafiə etməyə məcbur edir. Buna paralel olaraq Rusiyanın Krımı işğal edərək Ukraynanın cənub-şərqində yaşayan rusdilli əhali arasında separatçılığı körükləməsi və faktiki olaraq müxtəlif adlar altında oraya öz hərbi qüvvələrini göndərməsi oxşar hadisələrin bölgədə də təkrarlanacağı təhlükəsini əmələ gətirib. İş orasındadır ki, Astanada ehtiyat edirlər ki, Qazaxıstanın şimalında yaşayan rusdilli əhali arasında da oxşar hadisələr təkrarlana və ölkənin suverenliyi və ərazi bütövlüyü təhlükə altına düşə bilər. Eyni zamanda Əfqanıstandan NATO güclərinin çıxarılması da yaxın gələcəkdə bölgəyə qonşu olan Özbəkistan üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Qazaxıstanda Krım, Luqansk və Donbass variantlarının təkrarlanacağı, Özbəkistana isə Əfqanıstandan Taliban təhlükəsi öz növbəsində Astana və Daşkəndi ciddi şəkildə narahat etməkdədir. Bütün bunlar isə Orta Asiyanın iki böyük türk  dövlətinin yaxınlaşmasını və onlar arasında strateji müttəfiqlik barədə anlaşma imzalanmasını qaçılmaz zərurətə çevirib.

Bunu Özbəkistan Prezidenti İslam Kərimovun Qazaxıstana ikigünlük rəsmi səfəri də sübut etdi. Kərimovun Astanada Nursultan Nazarbayevlə keçirdiyi görüşlərdə əsas müzakirə hədəfi də məhz beynəlxalq aləmdə baş verən son hadisələr, o cümlədən Rusiya ilə Qərb arasında ziddiyyətlərin kəskinləşməsi, Pekin və Moskva münasibətlərinin yeni inkişaf müstəvisinə keçirilməsi və bunun  bölgə üçün əmələ gətirdiyi iqtisadi, siyasi və daxili sabitliyin pozulması təhlükəsi olub. Özbəkistanı Rusiya, Qazaxıstan və Belarusun iştirakı ilə yaradılan Avrasiya İttifaqı və onun region ölkələrinin suverenliyini təhlükə altına ala  bilməsi də narahat etməkdədir. Özbəkistan ilk günlərdən belə bir ittifaqın əleyhinə çıxıb.Bundan əlavə Özbəkistanda keçiriləcək növbəti parlament və prezident seçkiləri ilə bağlı bölgədə sabitliyi pozmaq istəyən bəzi xarici və daxili güclərin təxribatlara baş vura biləcəyi və bunun qarşısının qarşılıqlı əməkdaşlıqla alınması ehtimalı əsas diqqət mərkəzində olub. Regionun iri dövlətlər arasında çəkişmə meydanına çevrilməsi və bu zaman daxili və xarici pozucu ünsürlər vasitəsi ilə regionda sabitliyi pozma təhlükəsinin isə olduqca ciddi olduğunu iki ölkə prezidentləri arasında iki gün ərzində çoxsaylı təkbətək görüşlərin keçirilməsi də göstərir.

 

Yaxınlaşma siyasəti

Qazaxıstanı özünün regionun liderliyi uğrunda apardığı mübarizədə əsas rəqibi hesab edən Özbəkistan Prezidenti İslam Kərimovun qazaxıstanlı həmkarı Nursultan  Nazarbayevlə çoxsayda keçirdiyi təkbətək görüşləri də Daşkəndin ənənəvi mövqeyindən geri çəkilməsi və Astananın simasında özünə dost, strateji müttəfiq axtarması ilə də izah edilə bilər. Əslində İslam Kərimovun məsələyə bölgədə əmələ gələn reallığı nəzərə alaraq yanaşması və Özbəkistanın xarici siyasətini beynəlxalq aləmdə və regiona qonşu olan ölkələrdə baş verən hadisələrə uyğun qurması başa düşüləndir. Çünkü bütün hallarda İslam Kərimov  türk dünyasının regiondakı iki patriarxından biri kimi ölkəsinin milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməyə çalışır. Özbəkistanın  xarici siyasət sahəsində tez-tez Qərblə Şərq arasında manevr etməsi və xarici siyasətində dəyişikliklər etməsi də bununla əlaqədardır. Bu müstəvidə də beynəlxalq aləmdə baş verən son hadisələr Özbəkistanın vəziyyətdən çıxış yolunu Qazaxıstanla yaxınlaşmaqda görməsini zərurət kimi gündəmə gətirib. Təsadüfi deyil ki, iki ölkə prezidentləri tərəfindən İslam Kərimovun Astanaya ikigünlük səfərinin nəticələrinə həsr olunan mətbuat konfransında regionda və beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə tərəflərin mövqelərinin üst-üstə düşdüyü xüsusi vurğulandı. Jurnalistlərin suallarına cavabında Nursultan Nazarbayev: “Çox şadıq ki, hər iki dövlətin maraqları beynəlxalq aləmdə və regiona qonşu ölkələrdə baş verən hadisələrə münasibətdə üst-üstə düşür. Bu regionu gözləyə biləcək müxtəlif təhlükələrə; bölgədə fərqli güclər tərəfindən sabitliyin pozulmasına xidmət edəcək təxribatların həyata keçirilə biləcəyinə, həm də su problemlərinin həllinə aiddir. Biz hər iki ölkənin regiondakı maraqlarını nəzərə almaq və bu müstəvidə əməkdaşlığı genişləndirmək yolu seçmişik. Biz öz aramızda keçirdiyimiz görüşlərdə bir daha təsdiq etdik ki, Qazaxıstan və Özbəkistan hər iki dövlətin xalqlarının maraqlarına uyğun şəkildə əməkdaşlıq etməyə qadirdirlər”,-deyib.

Öz növbəsində İslam Kərimov jurnalistlərin suallarına cavabında iki ölkə arasında ötən il imzalanan strateji əməkdaşlıq  barədə anlaşmanı qazax və özbək xalqlarının daha da yaxınlaşmasına xidmət edən Nazarbayevin müdrik və uzaqgörən siyasəti kimi dəyərləndirib. Onun sözlərinə görə, iki ölkə arasında strateji yaxınlaşma tarixi zərurətdən doğub. İslam Kərimov : “Biz belə hesab edirik ki, strateji əməkdaşlıq haqqında anlaşma Özbəkistan və Qazaxıstanın yaxınlaşması baxımından olduqca vacib idi. Bu gün həmin anlaşma dünənkindən daha böyük əhəmiyyət kəsb etməyə başlayıb”,-deyib.

Özbəkistanın ölkə üçün taleyüklü anlarda qəti addımlar atması və bu müstəvidə  İslam Kərimovun Astanaya səfərinin arxasında daha bir strateji amil dayanıb. Bu da Özbəkistanın bu yaxınlarda ABŞ hərbi bazasını öz ərazisində yerləşdirməsinə razılıq verməməsi ilə bağlıdır. Buna cavab olaraq Vaşinqtonun Özbəkistanda daxili sabitliyi pozmaq üçün müxtəlif cəhdlərə əl atacağından ehtiyat edən Kərimov bu dəfə üzünü Pekinə çevirib. Onun Özbəkistanda ABŞ hərbi bazasının yerləşdirilməsinə rədd cavabı verdikdən sonra dərhal Pekinə səfər etməsi də Çinin dəstəyini ala bilməsi üçün ola biləcəyi ehtimal edilir.

Nəhayət Nursultan Nazarbayevlə görüşdə İslam Kərimovun Əfqanıstandan koalisiya güclərinin çıxarılmasından sonra bölgə üçün Talibandan gələ biləcək təhlükə məsələsini də əsas müzakirə hədəflərindən birinə çevirməsi də diqqəti cəlb edib. Özbəkistan prezidenti bununla da Taliban təhlükəsinə qarşı mübarizədə Qazaxıstanın hərbi dəstəyini almağa çalışıb. İki ölkə prezidentlərinin görüşündə müzakirə olunan digər bir məsələ isə regionun su təhlükəsizliyi ilə bağlı olub. Tərəflər Amudərya və Sırdərya çayları üzərində Su Elektrik Stansiylarının inşa edilməsinin yolverilməz olduğunu söyləyərək bu məsələdə də vahid mövqedən çıxış etdiklərini nümayiş etdiriblər. ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here