Qazaxıstan uğrunda Çin-Rusiya rəqabəti qızışır

Son illərdə Qazaxıstana sərmayə qoyuluşu ilə bağlı Rusiya və Çin kompaniyaları arasında ciddi rəqabət getməyə başlayıb. Bunu Avrasiya İnkişaf Bankı tərəfindən hazırlanan “MDB ölkələrində qarşılıqlı sərmayələrin monitorinqi” adlı hesabatda əksini tapan faktlar də sübut edir. Hesabatda deyilir ki, Rusiya və Çin Qazaxıstanda daha çox infrastruktur layihələrinə sərmayə qoyurlar. Pekin və Moskva eyni zamanda əsasən yanacaq-energetika sahəsini öz monopoliyaları altına almağa çalışırlar. Məsələn, “LUKoyl” ötən müddət ərzində Qazaxıstanın yanacaq-energetika sahəsinə 3 milyard dollar həcmində sərmayə qoyub. “Qazprom” isə Qazaxıstan iqtisadiyyatına 0,3 milyard dollar sərmayə yatırıb. Amma Çin sərmayəçilərinin Qazaxıstan iqtisadiyyatına qoyduqları sərmayələrin həcmi Rusiya şirkətlərindəkindən dəfələrlə artıqdır. Məsələn, Çinin CNPS ( (China National Petroleum Corporation) kompaniyası Qazaxıstanda neft və qaz hasilatı sahəsinə 12 milyard dollar sərmayə qoyub. Buna paralel olaraq, adıçəkilən kompaniya Qazaxıstan ərazisində neft və qaz kəmərlərinin inşasına 6,2 milyard, Özbəkistanda isə analoji məqsəd üçün 1,7 milyard dollar xərcləyib. Çinin digər kompaniyası “Sinopes” daş kömür hasilatına 1,4 milyard dollar sərmayə qoyub. Digər Çin kompaniyaları da həvəslə Qazaxıstan iqtisadiyyatına sərmayə qoymaqdadırlar. Çin sərmayəçiləri həmçinin Şımkənddə neftayırma zavodunun inşasını da maliyyələşdiriblər. Bu zavodun işə düşməsi isə ölkə büdcəsinə on milyonlarla dollar gəlir daxil olmasına imkan verəcək. Rusiya şirkətləri də çinli həmkarlarından geri qalmamağa çalışırlar. Belə ki, Qazaxıstan iqtisadiyyatına sərmayə qoyan Rusiya şirkətlərinin sayı ildən-ilə artmaqda davam edir. Məsələn, 2013-cü ildə Rusiyanın “Atomredmetzoloto” kompaniyası uran mədənlərinin işlədilməsinə böyük həcmdə sərmayə qoyub. 2014-cü ildə isə “Evraz” kompaniyası qara metal emal edən birgə müəssisənin işə salınmasına 100 milyon dollar sərmayə qoyub. Birgə müəssisədə “ Evraz”ın payı 65 faiz təşkil edir. Digər sahələr üzrə də iki ölkə arasında ciddi rəqabət getməkdədir. Bununla bağlı ortaya çıxan bir mühüm fakt da diqqəti cəlb edib. Belə ki, Qərb şirkətləri Qazaxıstan iqtisadiyyatına sərmayə qoyulması məsələsində Rusiya və Çin şirkətlərinə uduzmaqdadırlar və faktiki olaraq bu rəqabətdən kənarda qalıblar. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Rusiya və Çin kompaniyaları Qərb şirkətlərini tamamilə bölgədən sıxışdırıb çıxara biləcəklər. Öz növbəsində, Qazaxıstan iqtisadiyyatına sərmayə qoyulması uğrunda mübarizənin uduzulması isə həm də siyasi və hərbi-strateji sahədə Qərbin bölgədə təsirini itirməsinə gətirib çıxaracaq. Çünki iqtisadi sahədə mübarizənin uduzulması avtomatik olaraq siyasi və hərbi-strateji sahədə məğlub olmağa aparır. Belə bir vəziyyətdə isə Qərb üçün yeganə çıxış yolu risk amilini kənara qoyaraq bölgəyə böyük həcmdə sərmayələr qoyması ola bilər. Lakin hazırda başı Suriya, Ukrayna və İraq problemlərinə qarışan Qərb ölkələri çətin ki, yaxın illərdə Qazaxıstan iqtisadiyyatına sərmayə qoya bilsin. Bu isə onlara bölgəni tamamilə itirmək hesabına başa gələ bilər.

Əziz Mustafa