Qazaxıstan- ABŞ münasibətləri strateji baxımdan üst-üstə düşür

0
442
 Qazaxıstanın Avrasiya İttifaqına üzv olması və onun qurulmasının əsas təşəbbüskarlarından biri olması Qərbdə özünəməxsus həyəcanla qarşılanmaqdadır. Bununla bağlı belə bir fikir vurğulanır ki, Qazaxıstanın Avrasiya İttifaqında iştirakı Vaşinqtonla Astana münasibətlərinin strateji əməkdaşlıq müstəvisində inkişaf etdirilməsini şübhə altına alaraq, ABŞ-ın regiondakı hərbi, iqtisadi və siyasi maraqlarını təhlükə altında qoya bilər. 
ABŞ-da artan narahatlıqların aradan qaldırılması və iki ölkə arasındakı münasibətlərin  gələcəkdə hansı istiqamətdə inkişaf etdiriləcəyi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Cons Hopkins Universitetinin  Orta Asiya İnstitunun professoru Frederik Starrın rəhbərliyi altında bir qrup ekspert Amerika-Qazaxıstan əlaqələrinin gələcəyi haqqında araşdırma aparıb.  Starr bu araşdırmalar nəticəsində hesabat hazırlayaraq onun təqdimatını keçirib. Hesabatda qeyd edilir ki, Qazaxıstanın Avrasiya İttifaqına üzv  olması heç də Astana ilə Vaşinqton arasında iqtisadi, siyasi və hərbi strateji münasibətlərin pisləşməsi demək olmayacaq. Bununla bağlı Starrın rəhbərliyi altında hazırlanan hesabatda deyilir: “Beynəlxalq aləmdə və regionda son illərdə baş verən bəzi siyasi, iqtisadi və hərbi strateji dəyişikliklərə baxmayaraq Qazaxıstan və ABŞ-ın strateji maraqları üst-üstə düşür və hətta biri-birlərini tamamlayır. Bu sahədə müvafiq addımların atılması hər iki tərəf üçün cəlbedicidir və bu da hər iki ölkənin daha da yaxınlaşmasına şərait yaradır. Bundan əlavə regionda baş verən hadisələr də Qazaxıstanı ABŞ-ın simasında müttəfiq axtarmağa məcbur edir ki, bu da Astananı Vaşinqtonun bölgədəki tərəfdaşına çevirə bilər.”

Əslində Qazaxıstanın Avrasiya İttifaqına üzv olmasının onun ABŞ-dan birbaşa üz döndərməsi demək olduğunu düşünənlərin və bununla bağlı müxtəlif proqnozlar verənlərin məsələyə səhv prizmadan yanaşdıqlarını ehtimal etmək olar. İş orasındadır ki, Qazaxıstan Avrasiya İttifaqının yaradılması təşəbbüsü ilə çıxış edərkən ilk növbədə özünün iqtisadi, siyasi və hərbi strateji maraqlarının müdafiəsini nəzərə alıb. İki böyük imperiya olan Rusiya və Çindən istənilən vaxt gələ biləcək təhlükə qarşısında tək qalan və bunun ölkənin müstəqilliyinin itirilməsinə və parçalanmasına yol aça biləcəyindən ehtiyat edən Qazaxıstan faktiki olaraq  onlar arasında manevr etməyə məcburdur. Eyni zamanda Qazaxıstan alternativ təhlükəsizlik variantı kimi ABŞ-ın bölgədəki hərb, iqtisadi və siyasi maraqlarından istifadə  etməyə cəhd edir. Çin, Rusiya və ABŞ-a  münasibətdə manevr edilməsi və onlar arasında balanslaşdırlmış siyasət yeridilməsi isə indiki məqamda ölkənin təhlükəsizliyinin təmini və müstəqilliyinin qorunub saxlanılması baxımından olduqca önəmlidir. Digər tərəfdən, ABŞ-dakı bəzi siyasi ekspertlərin Qazaxıstanın Avrasiya İttifaqına üzv olmasının Vaşinqton-Astana münasibətlərinə təsir edə biləcəyini söyləmlərinin hər hansı ciddi əsaslara söykənmədiyini prezident Nursultan Nazarbayevin məsələ ilə bağlı verdiyi son açıqlamalar da sübut etməkdədir. Belə ki, ötən ayın sonlarında prezident Nursultan Nazarbayev  deyib ki,  Avrasiya İttifaqına iqtisadi qurum kimi baxır. O qəti şəkildə bildirib ki, Avrasiya İttifaqı Qazaxıstanın müstəqilliyini təhlükə altına alacağı təqdirdə bu qurumu tərk edəcək. Buna paralel olaraq Rusiya prezidenti Vladimir Putinin ötən ayın sonlarında keçirilən gənclər forumunda jurnalistlərin suallarına verdiyi cavabında Qazaxıstanın tarixboyu müstəqil dövlətinin olmadığını, Nazarbayevin boş yerdə dövlət yaratdığını söyləyib. Onun  Jirinovskisayağı belə bir qərəzli açıqlama verməsi isə iki ölkə münasibətlərinin hazırda heç də ən yaxşı dövrünü yaşamadığını göstərməkdədir. Belə ki, Putinin son açıqlaması Rusiya tərəfindən Qazaxıstanın müstəqilliyinin təhdid edilməsi kimi dəyərləndirilir. Buna paralel olaraq Rusiyanın Qazaxıstanla sərhəddə son illərin ən irimiqyaslı hərbi təlimlər keçirməsi də Moskva tərəfindən Astanaya qarşı təzyiq kimi dəyərləndirilir. Aydın məslədir ki, belə bir vəziyyət ABŞ-ı Qazaxıstanın təbii müttəfiqinə çevirir. Bu baxımdan analitiklər, o cümlədən Frederik Starr belə hesab edirlər ki, ABŞ-ın Qazaxıstana və Orta Asiyaya  münasibətdə müvafiq platformasının olmaması Vaşinqtonun bölgədə çevik siyasət yeritməsinə mane olur. Ekspertlərin fikrincə, Vaşinqton bölgəyə münasibətdə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” nümunəsi əsasında “ABŞ- Orta Asiya-Əfqanıstan” tərəfdaşlığı qura və bu müstəvidə bölgə ilə əməkdaşlığı daha da inkişaf etdirə bilər. Buna isə Rusiya və Çindən gələ biləcək təhlükə ilə bağlı Qazaxıstanın və digər region ölkələrinin böyük ehtiyacı var. ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here